-
""- Eşit. Mən belə hallarda qabaqcadan dörd dinar alıram. Varındır? Yoxundursa..." Həmadə köks ötürərək udqundu, təəccüblə gah doktora, gah da onun xidmətçisinə baxdı, bilmədi nə desin, susdu".
"Qarşısında dayanan adama hücum edib, boğzasından yapışdı və var gücü ilə bağırdı: “Cinayətkarlar, mənim arvadımı neylədiniz, neylədiniz onu?” Feldşerin hay-harayına digər feldşerlər və tibb bacıları gəldilər, Həmadənin gözlərinə qaranlıq çökdü".
Şakir Xusbak görkəmli İraq nasiri və ədəbiyyatşünasıdır. O 1930-cu ildə Bağdadda anadan olub. Bağdad univerisitetinin ədəbiyyat fakültəsini bitirib. Xusbak "Mübarizə" (1948), "Yeni era" (1951), "Ağır həyat" (1960) novellalar toplusunu yazıb. O İraqda A. Çexov nəsrinin tədqiqatçısı olub.
BİR QARANLIQ GECƏDƏ
Əyri-üyrü dar küçələr sakitlikdir. Elə sakitlikdir ki, adamı vahimə basırdı. Həmadə ətrafına baxmadan tez-tez addımlayırdı. İki gözətçidən savayı gözlərknə bir adam sataşmadı. Onlardan biri ensiz dalana büzüşərək çoxdan yuxuya getmişdi. Digəri isə köhnə evin dəhlizində qısılıb qalmışdı. İt-pişik də zibillikdən çəkilmişdi. Səmakə küçəsi onuşəhərin baş xiyabanına aparıb çıxarırdı. Çaydan əsən soyuq hava üzünü yaladı. Həmadə pencəyinə bir az da bərk bürünüb addımlarını yeyinlətdi. O, doktor Səlmanı evinə aparmağa necə razı salacağını düşünürdü. Bəlkə də doktor Həmadəni görən kimi rədd edəcəkdi. Ya da ki, köhnədən qalan haqqını tələb edəcəkdi. Əgər zənn etdikləri düz çıxsa, nə cavab verəcəkdi? Cibində isə cəmi ikicə dinarı vardı. Onu da Hacı Səburəyə zəhmət haqqı vermək istəyirdi. Hacı Səburə Nəiməyə onsuz da kömək edə bilmir. Sübhdən bəri uşaq olmur. Bəlkə doktor Səlma arvadımı xilas etdi?! Edə bilməsə iş qalıb allaha. Hər necə olsa, gərək doktoru razı salam. Ona başa salam ki, arvadım ağır vəziyyətdədir. Bəlkə doktorun ürəyi yumşala. Həmadənin ürəyinə bir fikir gəldi: "Nə üçün doktoru aldatmayım? Niyə də ona deməyim ki, Nəimə doğulan uşağı yerə qoyandan sonra haqqını artıqlaması ilə verəcəyəm". Kişinin yanaqlarına yağış damcıları düşürdü, başını göyə qaldırdı. Qaranlıqda göz-gözü görmürdü.
Doktor Səlmanın mənzilinə çatıb, tərəddüt içərisində eyvanın altında dayandı. Canını qorxu bürüdü. Doktor Səlmanın iri bədəni və ətli üzü xəyalən gəlib onun gözünün qabağında dayandı. İki dinar pula doktoru necə razı salacağını ürəyində çək-çevir edirdi. İrəli yeriyib qapının zəngini basdı. Ürəyi əsə-əsə bir neçə dəqiqə gözlədi, qapı açılmadı. Zəngin düyməsini təzədən basdı, güclə eşidilən səs gəldi: “Kimdir”?
Titrək səslə pıçıldadı: “Mənəm... Xəstəyəm!” Qapı açıldı, doktorun orta yaşlı xidmətçisi qapıda göründü:
- Xəstəm var, vəziyyəti ağırdır.
Xidmətçi onu dəhlizə gətirib dedi:
- Burada otur.
Bir anlığa gözdən itdi. Həmadə isə dəhlizdəki stolların birində əyləşdi. Doktor gəldi. O ağ yun xalata bürünmüşdü. Daranmış dümqara saçı girdə üzünə tökülmüşdü, gözləri hələ də yarıqapalı idi. O, əsnəyə-əsnəyə ətrafına boylanaraq soruşdu: “Xəstə hardadır?”
Həmadə qroxudan titrəyən bir səslə cavab verdi: - “Xəstə mənim arvadımdır, doktor!”
Doktor əsnəyə-əsnəyə etinasızlıqla soruşdu: “Bəs nə üçün indiyəcən yanıma gətirməmisən?”
Həmadə cavab vermədi. Doktor iri bədəni ilə arxaya çevrilib dedi:
- Bir balaca gözlə.
Sonra diqqərlə onun üzünə baxaraq, şübhəli-şübhəli soruşdu: “Qabaqlar arvadını yanıma gətirmisən, ya yox?!”
Həmadə o tərəf-bu tərəfinə baxa-baxa qaldı, cavab verə bilmədi. Doktor üz-gözünü turşudub:
- Eşit. Mən belə hallarda qabaqcadan dörd dinar alıram. Varındır? Yoxundursa...
Həmadə köks ötürərək udqundu, təəccüblə gah doktora, gah da onun xidmətçisinə baxdı, bilmədi nə desin, susdu.
Xidmətçi ona dedi: “Qonşu küçədə doktor Saminin yanına get, o da cərrahlıq və mamalıq mütəxəssisidir”.
Həmadə ayaqlarını sürüyə-sürüyə bayıra çıxdı. Gözlərini evin qapısına zilləyərək, bir neçə dəqiqə balkonun altında dayandı. O, əbəs yerə gözləyirdi ki, xidmətçi bəlkə onu çağırdı. Onun gözləməsi uzun çəkdi. Elə bir ətrafa ölüm sükutu çökmüşdü. Bir azdan evin də çıxarqları söndü, ətraf zülmətə döndü.
Həmadə küçədə ağır-ağır gedirdi. Gərək o bu gün səhər-səhər dəmirçi yoldaşlarından bir az pul borc ala idi. Belə etsəydi, əlbəttə, həkim onu qovmazdı. Bəs indi nə etsin?!
Qəfil ildırım çaxdı, küçəni nura qərq etdi, onun ardınca qulaqbatıran göy gurultusu eşidildi. Həmadə başını yuxarı qaldırdı, aləm yenə də zülmətə büründü. Doktor Saminin yanına getməyə iqtidarı qalmamışdı. Axı ürəyi necə qəbul edə bilərdi ki, onun arvadının doğmasına kişi kömək etsin?! Onun namusu və şərəfi hər şeydən qitmətlidir.
Yağış getdikcə gücləndi, başının dolağı islandı. Ağır-ağır yeriməkdə davam etdi... Hər halda doktor Sami həkimdir. Deyirlər ki, həkimlər adi adamlardan fərqlənirlər. Əgər onların işi zərrəcə namusa xələl gətirsə idi, heç təbabətin ardınca getməzdilər. Bir neçə həftə bundan əvvəl Yəhya Səffar da arvadını xəstəxanaya gətirməyə məcbur olmuşdu. Kişi həkimlərindən biri cərrahiyyə əməliyytı aparmışdı.
Ayaqları onu qonşu küçəyə döndərdi. Doktor Saminin evinin qabağında dayandı. Həmadənin qəlbini fikir gəmirirdi. Əlini qapının dəstəyinə uzatdı. Yuxarıdakı pəncərədən bir qadın başı göründü və incə səslə: “Kimdir?” – deyə soruşdu.
Həmadə ucadan dedi: “Mənəm xanım, həkim istəyirəm. Arvadım doğa bilmir”.
Gəmin qadın bir neçə dəqiqəliyə görünmədi. Həmadəyə elə gəldi ki, bir neçə saat çəkdi. Bir azdan qadın göründür:
- Həkim qonaq gedib.
Həmadə yalvardı:
- Vallah, xanım arvadımı ağır vəziyyətdə qoyub gəlmişəm.
Qadın ikinci dəfə gözdən itdi. Handan-hana geri qayıdıb dedi: “Xəstəxanaya apar, orada müalicə edərlər”.
Bunu deyib pəncərəni örtdü. Sanki Həmadəni yerə mıxlamışdılar. İndi o hara üz tutsun? Selləmə yağış kəsilmirdi. Köynəyi bədəninə yapışmışdı. Cırıq ayaqqabısı su ilə dolmuşdu. Nəiməni araba ilə xəstəxanaya aparmaq asan olardı. Lakin belə bir gecədə araba tapa biləcəkdimi?!
Samakə küçəsindəki arabaçının evi yadına düşdü.
Dəfələrlə o küçədən keçəndə orda bir araba dayandığını görmüşdü.
Qapını tapıb aramsız döyməyə başladı, evdən səs gəldi:
- Kimdir?
Həmadə var gücü ilə bağırdı:
- Mənəm, usta.
Qapını balacaboy, donraq bir kişi açdı və təəccüblə soruşdu:
- Allah ölənlərinə rəhmət eləsin, usta, arabanı qoş. Səhərdən bəri arvadım doğa bilmir, xəstəxanaya aparaq.
Arabaçı dilxor halda soruşdu:
- Sabahı gözləyə bilməzdin?
Həmadə dedi:
- Əgər biz indi onu xəstəxanaya aparmasaq, ölə bilər.
Arabaçı bir an susdu, sonra:
- Axı belə havada araba işləməz, - dedi. – Atlar sürüşər, qıçları sınar. Atlarımı itirsəm, uşaqlarımı dolandıra bilmərəm.
Həmadə acizanə xahiş etdi.
- Belə havada ancaq dəli adam araba qoşar. Atlar sürüşüb, ayaqları qırılmasa yaxşıdır, deyə mızıldandı. Həmadə ona kömək edə-edə deyirdi: “Allah köməyin olsun, ay əmi, allah köməyin olsun”.
Nəhayət, araba yola düşdü, atlar güclə ayaqlarını palçıqdan çəkib çıxarırdılar. Həmadənin evinə çatdılar. Həmadə arabadan atılıb qapını açdı. Dəhlizdən keçərkən ürəyinin döyüntüsü şiddətləndi. Nəimənin ah-naləsi qonşu arvadların ağlaşmasına qarışmışdı.
Həmadə qapı arxasında dayanıb qışqırd:
- Hacı Saburə, Nəiməni xəstəxanaya aparıram.
A kişi, belə bir vəziyyətdə onu xəstəxanaya aparırsan? Daha de ki, öz əlinlə öldürmək istəyirsən də! – deyə Hacı Saburə qeyzlə cavab verdi.
- Sənin işin olmasın, sənin qabağında ölməkdənsə, bu saat xəstəxanaya aparmaq yaxşı olar.
Həmadənin qərarı qonşu arvadların xoşuna gəlmədi. O, arvadlara əhəmiyyət vermədən öz orağına daxil olub, tələsik yaş paltarlarını dəyişdirdi.
Həmadə ürək çırpıntısı ilə qonşu otağa girdi. Üç qonşu arvadı yaşlı yun əbalarına bürünüb Nəimənin ətrafında oturmuşdular. Onların biri tez dilləndi: “Bu ağlasığan iş deyil, ay Həmadə. Nəimə xəstəxanaya gedəcək halda deyil”. İkinci arvad da dilləndi: “A kişi, bu qrığın-qiyamətdə arvadı evdən bayıra atmaqmı istəyirsən?”
Həmadə qətiyyətlə cavab verdi:
- Heç kəs mənim işiməq arışmasın.
Nəhayət, Hacı Saburə dilləndi:
- Qoyun aparsın. Allah da gəlsə uşaq olmayacaq. Həmadə heç kimə əhəmiyyət vermədən təbəssümlə Nəiməyə doğru yeridi. Nəimə başına ağ sarıyıb, yaşıl əbaya bürünərək köhnə fərş üstündə oturmuşdu. Qalxmağa çalışaraq, güclə eşidiləcək bir səslə dedi:
- Mən ölürəm, ay Həmadə, ölürəm.
Həmadə onu ayağa qaldırmağa çalışdı:
- Allaha təvəkkül, Nəimə, - dedi.
Nəimə ağrının təsirindən inildədi:
- Yolda öləcəyəm, ay Həmadə, bilirəm ki, öləcəyəm!
Həmadə ürək-dirək verə-verə onu arabaya qaldırdı, çətinliklə arabaya oturan Nəimə elə hey qıvrılırdı.
Həmadə özü də arabada oturub, arvadının başını sinəsinə söykədi.
Araba ağır-ağır hərəkət etdi. Atlar palçıqlı küçə ilə arabanı güclə çəkirdi. Sanki göyün qapıları taybatay açılmışdı Qoca arabaçı dodağının altında nə isə söyləyir, qırmancını elə hey havada yelləyirdi.
Araba yolun yarısından çoxunu qət etdikdən sonra dar küçədən çıxıb şəhərin baş xiyabanına yan aldı. Küçədə palçıq və su əlindən tərpənmək olmurdu. Böyük gölməçələr əmələ gəlmişdi. Birdən fınxırtı eşidildi, atın biri palçığa batıb yıxıldı. Arabaçının canına vəlvələ düşdü, arabadan sıçrayıb qorxu içində atı qaldırmaq istədi.
- At əldən gedəcək, ilahi sən kömək elə!
Ağrısı şiddətlənən Nəimə daha bərkdən inildəməyə başladı. Həmadənin köməyi ilə arabaçı atı ayağa qaldırdı. Bu dəfə o biri at yıxıldı. Arabaçı əyilib atın o tərəf-bu tərəfinə baxar-baxmaz, əlləri ilə başını döyəclətərək, ağlayıb şivən qoparan adam kimi qışqırdı:
- Vay mənim alıma, mən əvvəldən bilirdim başıma nə fəlakət gələcək...
Həmadə dəhşət içərisində donub qalmışdı, bilmirdi nə eləsin. Nəimənin iniltisi getdikcə çoxalırdı. Arabaçı:
- Qardaş, arvadını götür, apar xəstəxanaya əl çək məndən. Görünür, allah özü bu müsibəti alnıma yazıbmış – dedi.
Həmadə nəsə mızıldanıb arvadına tərəf çevrildi.
- Nəimə, allaha təvəkkül, burdan oyana səni çiynimdə aparacağam.
O arabaçının köməyilə Nəiməni çiyninə alıb ehtiyatla addımlamağa başladı. Əsəbləri gərginləşən Həmadə hərdənbir yalvarıcı səslə arvadından soruşurdu:
- İndi necəsən, Nəimə?
Şiddətli külək hər ikisinin üzünə şillə kimi dəyirdi. Yağış Nəimənin əbasını iladıb Həmadənin üzünə, sinəsinə vəqollarına vururdu. Həmadə hiss etdi ki, Nəimənin bədəni titrəyir və o, ah vayını gizlədir. Bİrdən arvadı bərkdən çığırdı.
Həmadə yaxından səkiyə yanaşıb qadını çiynindən ehmalca düşürdü, məlun-məlun arvadına baxdı. Təskinlik verdi.
- Nəimə, lap az qalıb, bir qədər də səbrin olsun, xəstəxanaya çatırıq.
Nəimə səkidə oturub qırılmağa və inildəməyə başladı. Əbasından süzülən su damcıları axıb balaca bir gölməçə əmələ gətirdi.
Qadın zarıyırdı:
- Həmadə, xəstəxanaya çatmayacağam. Burda öləcəyəm. Həmadə, gözümün işığı, mən nə edim? Ölmək istəmirəm, düzünü de, mən öləndən sonra ayrısı ilə evlənəcəksənmi?
Ağlamağını gizlədən Həmadə ona təsəlli verirdi: “Qorxma, Nəimə ölməzsən! Allaha pənah!”
Arvad göz yaşlarını saxlaya bilmirdi.
Həmadə gah arvadına, gah ətrafına baxır, bilmirdi nə etsin. Yorğunluq və soyuq onu əldən salmışdı, lakin hər şeydən çox onu narahat edən Nəimənim müsibəti idi.Bütün bunlara baxmayaraq ona elə gəlirdi ki, dəhşət xəstəxanaya çatan kimi ondan uzaqlaşacaqdır.
Yenə arvadını çiyninə alıb ehtiyatla addımladı. Yağış və külək kəsmək bilmirdi.
Həmadə ümüdsüz halda addımlamaqda davam edirdi. Nəhayət, qaranlıqda xəstəxananın binasını seçə bildi, ildırım vurmuş kimi yerində quruyub qaldı. Özünü ələ ala bilməyib qışqırdı.
- Nəimə çatmışıq, Nəimə!..
Xəstəxananın ətrafında məzar sükutu hökm sürürdü. Pəncərələrdən zəif işıq gəlirdi. Kişi tir-tir əsən arvadını çiynindən düşürdü.
Həmadə tələsik qaranlıq həyətdə binanın qapısını axtarmağa başladı.
...Feldşer Nəiməyə sınayıcı nəzərlə baxdı:
- Bu saat baş tibb bacısına xəbər verərəm, - dedi.
Feldşerin qayıtması uzun çəkdi. Qadının ağrıları dözülməz dərəcədə şiddətləndi, acı-acı inildədi: “Ay Həmadə, nə üçün qoymadın evimizdə ölüm?”
Həmadə susmalı oldu. Qəzəbdən alovlanırdı, daha danışmağa cürət etmirdi. Ona elə gəldi ki, dişinin dibindən bir söz çıxsa, Nəimənin sancılarını daha da artıracaq. Nəhayə, feldşer şax qamətli, ağappaq cavan bir qızla qayıdıb gəldi. Qız xəstəyə tez baxıb feldşerə dedi: “Onu cərrahiyyə otağına aparın”. Feldşer gözdən itdi və tez başqa bir feldşerlə xərək gətirib xəstəni cərrahiyyə otağına apardılar. Həmadə də dəhşətli qorxu içərisində onların ardıyca getdi. Qapı örtüldü, Həmadə içəri girə bilmədi, min-bir həyəcan içərisində bayırdı gözləməli oldu. Sonra tibb bacısı yaraşıqlı bir oğlanla gəlib qapını açdı, yenə də arxadan qapını ötrdü. Yazıq Həmadə qulağını qapıya söykədi və ürəyinin döyüntüsü getdikcə şiddətləndi. Bir neçə dəqiqə sonra həkim bayıra çıxdı, ağır addımlarla dəhşizdən keçib getdi. Onun ardınca tibb bacısı çıxdı, Həmadə ürək çırpıntısı ilə onu izləməyə başladı və dili topuq çala-çala soruşdu: “Bacı, uşaq olacaqmı?”
Tibb bacısı ayaq saxlamadan cavab verdi:
- Növbətçi həkim cərrahiyyə əməliyyatı apara bilmədi. Baş həkimə zəng edəcək, bəlkə gəlib özü müayinə etsin.
Həmadə özünü ələ ala bilmədi:
- Baş həkim gələnəcən onu bu vəziyyətdəmi qoyacaqsınız? Axı bu yazıq səhər tezdənbu əzabı çəkir, hər dəqiqə ölüm qorxusu var.
Tibb bacısı yuxarıdan aşağı baxaraq dinmədi.
Həmadə ayaqlarını güclə sürüyərək cərahiyyə otağının qapısına yaxın gəldi, diqqətlə qulaq verdi ki, bəlkə otaqdan bir səs eşidə. Kişiyə elə gəldi ki, Nəimə onu köməyə çağırır. İlan vurmuş adam kimi dik atıldı. Var gücü ilə qapını itələdi, qapı açılmadı O, dəhlizin yuxarı başından həyətə baxdı, lakin heç kəsi görə bilmədi, yenidən cərrahiyyə otağına qayıtdı.
Heç özü də bilmirdi ki, nə edir. Qulağını qapıya söykəyən kimi qapı qəfil açıldı, feldşer çıxdı və tez də qapını örtdü. Kişi onun yolunu kəsib yalvarmağa başladı:
- Qardaşım, baş həkim haçan gələcək?
Feldşer çiynini atdı, bir söz demədi. Üz-gözündən ümüdsüzlik yağan yağan Həmadə acı-acı pıçıldadı: “Kim bilir, bəlkə də baş həkim gəlincə xəstəm öləcək?” Feldşer nəsə fikirləşib dedi: “Get növbətçi həkimə de ki, məsuliyyət sənin üzərində olmaq şərtiylə cərahiyyə əməliyyatı aparsın”.
Həmadə sevincindən bağırdı. “Göstər onun yerini mənə, allah ölənlərinə rəhmət eləsin”. Feldşer onu sağ kçidin axırına gətirdi. Həmadə tərəddüdlə qapını döydükdən bir neçə dəqiqə sonra qapı açıldı. Həkim göründü.
Həmadə kəkələdi:
- A... arvadım tezdən bəri doğa bilmir.
Həkim könülsüz halda cavab verdi:
- Mən heç nə edə bilmərəm.
- Həkim, siz özünüz əməliyyat apara bilməzsiniz?
Gənc həkimin səbri tükəndi, əli ilə dağılmış saçını düzəldə-düzəldə qəti şəkildə dedi: “Bu mümkün olan iş deyil!”
Həmadə onun əlini öpməyə çalışdı, lakin həkim nifrətlə donquldandı: “Axmağın biri axmaq”.
O qapını Həmadənin üzünə bağladı. Həmadə ayaqlarını güclə sürüyüb cərrahiyyə otağına yaxın gəldi. Nəiməni xəstəxanaya gətirməkdən ötrü göstərdiyi cəhdlər gəlib birbəbir gözünün qabağından keçdi və yəqin etdi ki, Nəimə ərini məzəmmət etməkdə haqlı imiş. İndicə yazıq arvadın yarılmış cüssəsini ona qaytaracaqlar. Əsəbləri pozulduğundan huşunu itirdi.
Səhər şəfəqi xəstəxananın pəncərələrindən içəri süzülüb elektrik çıraqlarının nuruna qarışmışdı. Həmadə hələ də huşa gəlməmişdi. Başını dizlərinin arasından qaldıra bilmirdi. Güclü silkələnmədən dik atıldı və gözlərini açanda feldşeri qarşısında gördü. Feldşerin qaşqabağı bəd xəbər olduğuna dəlalət edirdi. Həmadə özünü onun ayaqları altına atdı:
- Nə oldu, qurtardımı?! – soruşdu.
Feldşer sakitcə dedi: “Allah rəhmət eləsin!”
Həmadəyə elə gəldi ki, yer ayağının altından qaçır, bir anlığa divara söykəndi. Birdən hiss etdi ki, daxili od tutub yanır, bütün aləm gözündə qaraldı. Qarşısında dayanan adama hücum edib, boğzasından yapışdı və var gücü ilə bağırdı: “Cinayətkarlar, mənim arvadımı neylədiniz, neylədiniz onu?” Feldşerin hay-harayına digər feldşerlər və tibb bacıları gəldilər, Həmadənin gözlərinə qaranlıq çökdü.
Tərcümə: Qurbanəli Süleymanov