Bakıda 8400 nəfər işini itirib

Sizin brauzer HTML5-i dəstəkləmir

Mingəçevirdə işsizlərin izdihamı

-

2016-cı ilin ilk rübündə Bakıda bankların, sığorta şirkətlərinin baş ofislərində və filiallarında işçilərin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2436 nəfər azalıb.

Bakı Statistika İdarəsinin məlumatına görə, aprelin 1-də paytaxtın maliyyə idarələrində 20 min 100 nəfər işləyib.

Təxminən 1000 nəfərin Bakıdakı rabitə və telekommunikasiya müəssisələrində işdən azad edildiyi bildirilir.

Aprelin 1-nə olan rəqəmlərə görə, bu müəssisələrdə 18 min 200 adam işləyib.

Tikinti müəssisələrində də muzdla 61 minə yaxın adamın işlədiyi qeyd edilir. Bu isə son bir ildə həmin sahədə 9310 nəfərin işdən çıxarıldığı anlamına gəlir.

Ümumilikdə aprelin 1-də Bakıda muzdla 682,1 min nəfər işləyib. Bu da ötən ilin analoji dövrü ilə müqayisə 8400 muzdlunun azalması deməkdir.

Buna da bax: İnflyasiya atlı olub, gəlir piyada

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əmək müqavilələri əsasında 1,5 milyon adam işləyir.

Bu il Azərbaycanda 10 bankın lisenziyası ləğv edilib.

Üstəlik, iyunun 24-də də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib.

Bir müddət öncə də prezidentin başqa bir sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv olunmuşdu.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmişdi.

Daha əvvəl də 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözügedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.