-
Agentliyə 2016-cı ildə dövlət büdcəsindən 8 milyonadək vəsaitin ayrılması nəzərdə tutulub
AZƏRTAC dövlət informasiya agentliyi bundan sonra qrant və kredit ala biləcək.
Prezident avqustun 10-da bununla bağlı agentliyin əsasnaməsinə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən, AZƏRTAC bundan sonra təkcə dövlət büdcəsindən yox, həm də büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və habelə xidmətlər göstərilməsindən əldə edilən vəsait hesabına maliyyələşəcək.
İndiyə kimi AZƏRTAC dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşirdi. İnformasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər də dövlət büdcəsinə köçürülürdü.
Büdcədən hansı media, nə qədər alır?
Turanın xəbərinə görə AZƏRTAC Azərbaycanda dövlət büdcəsindən ən böyük pay alan üçüncü media quruluşudur.2016-cı ilin dövlət büdcəsindən bu informasiya agentliyinə 7 milyon 785 min 171 manat ayrılması nəzərdə tutulduğu bildirilir.
Verilən xəbərlərə görə, dövlət büdcəsindən ən iri payı isə həmişəki kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti əldə edir. 2016-cı ildə Az TV-yə dövlət büdcəsindən 37 milyon 720 min 320 manat ayrıldığı açıqlanır.
Xəbərdə qeyd edilir ki, dövlət büdcəsindən ikinci ən iri pay ictimai yayımçıya - İctimai Televiziya və RadioYayımları Şirkətinə çatır. Bu il İTV-yə dövlət büdcəsindən 16 milyon 552 min 800 manat ayrıldığı bildirilir.