İndi Qazaxıstan yığmasının tərkibində Olimpiya çempionu olan Nicat Rəhimov bir vaxtlar Azərbaycandan didərgin salınıb. O da çıxıb Qazaxıstana gedib.
Niyə qıraqdan gələnlərə Azərbaycanda yer var, Nicat Rəhimov kimi adamlara isə Azərbaycanda yer yoxdur? Özü də bu təkcə idmanda belə deyil..
Hüquqşünas Aslan İsmayılov deyir ki, idmanda və digər sahələrdə peşəkarların uzaqlaşdırılmasının və yerinə əcnəbilərin gətirilməsinin kökündə korrupsiya faktı dayanır:
“Bunun çox bəsit bir cavabı var. Ola bilsin çoxları buna birtəhər baxacaqlar. Amma mən olan kimi deyirəm. Bunun kökündə biznes amili var. Amma birinci amil ondan ibarətdir ki, kənardan gələn idmançılarla büdcə pullarını oğurlamaq daha asandır. Onlara deyək ki, maaş yazırlar min manat, yarısını özləri alırlar. Ya satınalmaya deyək ki, yüz min manat verirlər, yarısını özləri götürürlər. Birinci kökündə duran budur. Ona görə ki, bu təkcə Nicat Rəhimovla bağlı deyil. Dünya fenomeni sayılan Vüqar Həşimovu Şahmat Federasiyası bu cür məhv elədi. Onu da uzaqlaşdırdılar, didərgin saldılar. O da məcbur olub xaricə getdi. Belə minlərlə adam var”.
Sizin brauzer HTML5-i dəstəkləmir
QEYRİ-PEŞƏKARLIQ
Yazar, publisist Elnur Astanbəyli isə deyir ki, digər sahələrdə olduğu kimi, Azərbaycanda idman sahəsində də qeyri-peşəkar mühit var. Onun sözlərinə görə idmançılardan daha çox öz profili üzrə deyil, başqa məqsədlər üçün istifadə etmək niyyəti görünür.
“Nicat Rəhimovla bağlı məsələ şahmatçı Vüqar Həşimovu yadıma saldı. Onu da Azərbaycanda xeyli incitdilər. Dünyanın ən perspektivli, zəki oyunçularından biri sayılırdı. Çox böyük bir nüfuzu vardı dünya şahmatında. Dünya şahmatının gələcəkdəki ən böyük ulduzlarından biri hesab olunurdu. Amma sadəcə bir dəfə Harri Kasparovun komandasının tərkibində iştirak etdiyi üçün ona Azərbaycanda ermənipərəst damğası vurdular. O vaxt Azad Rəhimov, Şahmat Federasiyasının rəhbərliyi bunu bəhanə edib, çox ağır ittihamlar səsləndirdilər. Onu Azərbaycan yığmasının tərkibindən uzaqlaşdırdılar. Vüqar artıq özü şəxsi olaraq şahmatla məşğul olmağa başlamışdı. Bu hadisə də onun psixoloji durumuna çox ciddi təsir etdi. Hesab edirəm ki, onun vaxtsız ölümündə bu yaşadıqları hadisələrin də xeyli təsiri oldu. Oxşar hadisəni biz indi görürük.
Mən bir başqa atlet xatırlayıram. O çox qabiliyyətli, istedadlı atlet hesab olunurdu. Onu da Azərbaycandan didərgin saldılar. O sonradan Türkiyə idmanının şərəfini qoruyur. Saysız- hesabsız nümunələr var. Bunun son nümunələrindən biri də Nicat Rəhimovdur.
Bu cür nümunələrin yaranmasının ortaq səbəbi bütün sahələrdə olduğu kimi idmanda da hər kəsdən başıaşağı, üzüyola, ələbaxımlı olmasının tələb olunmasıdır. Bunlardan sadəcə olaraq kimlərinsə öz maraqları naminə istifadə etməyə çalışması və vicdanlı insanların da bunu çox asanlıqla həzm edə bilməməsidir.
İdmana peşəkar yanaşan adamlar, istedadlı idmançılar burdakı ortamı qəbul edə bilmirlər. Azərbaycanda idmanla bağlı çox qeyri-peşəkar bir mühit var. Bunu hər kəs bilir.
Azərbaycanda idman federasiyaları müəyyən oliqarxların nəzarətinə verilib. Çirkli pulları yuma vasitəsinə çevrilib. İdmançılardan mitinqlərdə, etiraz aksiyalarında qoçu vasitəsi kimi istifadə edirlər. İdmançılardan hansısa süni təbliğat şouları üçün istifadə edirlər. Peşəkar idmançılar bu cür qeyri-peşəkar mühitə öyrəşə bilmirlər. Bu cür qeyri-peşəkar şərtlərlə çalışmaq istəmirlər və tərk edib gedirlər. Heç bir tənqidi fikir qəbul olunmur. Ümumi Azərbaycanı geri atan səbəblər nədirsə, o səbəblər idmanın özündə də var”.
SİSTEM YANLIŞDIR
İdman jurnalisti Elçin Cəlilov deyir ki, bu cür halların səbəbini sistemin yanlışlığında axtarmaq lazımdır:
“Nicat Rəhimovun timsalında bir vətəndaş, bir azarkeş olaraq bizim yaşadığımız təəssüfün mənbəyini sistemin yanlışlığında axtarmaq lazımdır. Bizdə idman necə ki, yerli idarəetmə orqanlarına tapşırılıb, pulu çox olan, imkanı böyük olan, o imkanın hardan böyüdüyü məlum olmayan, qanuni cəhətdən araşdırılması mümkün olmayan şəkildə varlanmış insanlara tapşırılır. O insanlar nə qədər idarəetməni bacarırlar, nə qədər qanuna söykənirlər, buna heç kəs əmin deyil.
Eyni idarəetmə sistemi digər sahələrdə olduğu kimi idmanda da var. Nicat Rəhimovun olduğu Ağırlıqqaldırma Federasiyasına AZAL prezidenti nəzarət edir. Bu adam sadəcə AZAL-ın pulundan müəyyən bir qisim ayırır ki, onlar məşq etsinlər. Adam nə qədər bu sahəni bilir, buna heç kəs izah verə bilməz.
Belə bir fakt var ki, bolqar əsilli məşqçi gəlmişdi. Həmin məşqçi Nicat Rəhimova deyib ki, bütün yarışlarda məşqçi kimi mənim adım gedəcək. Amma Nicatı yetişdirən öz atası olub. Təbii ki, bununla razılaşmayıb. Xarakter nümayiş etdirib. Federasiya rəhbərliyi isə həmin məşqçinin tərəfini tutub.
Nicatgil 2 ilə yaxındır Qazaxıstana gediblər. Sonradan məlum oldu ki, bizim digər idmançılarımız dünya çempionatlarında, digər yarışlarda medal qazansalar da hamısı əllərindən alındı. Çünki dopinq üzrə cavabları müsbət çıxdı. Hamısı müəyyən müddətə qədər cəzalanıblar və yarışlarda iştirak edə bilməyəcəklər. Bu da məlum oldu ki, bunlar həmin məşqçinin verdiyi vitaminizasiyada ortaya çıxıb. Sanki qəsdən edib bunları.
Görürük ki, bir federasiya rəhbərliyinin işi bilmədiyinə görə belə bir arzuolunmaz vəziyyət çıxdı ortalığa. Sahəni bilməyən adamlar oliqarxdı, pulu var deyə ona tapşırırlar ki, sən bu idman növünə bax. Onlar da bu idman növündən heç bir gəlir götürmürlər deyə, pulu da sanki minnətlə verirlər. Heç nəzarət də etmirlər ki, bu pul hara xərclənir. Ümumilikdə sistem olaraq yanlışdır”.