Özəlləşdiriləcək 65 müəssisə adı açıqlandı

İlham Əliyev Azərbaycan müəssisəsində

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.

65 obyekt

Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri yaşayış sahəsi, 10-u nəqliyyat vasitələri, 28-i də digər dövlət əmlak və obyektləridir.

Buna da bax: Metallurgiya nəhənginə 1 milyard qiymət qoyuldu

Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.

İnvestorlar özəlləşdirməyə çıxarılan müəssisələr barədə geniş məlumatla Özəlləşdirmə Portalında (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r#) tanış ola bilərlər.

Özəlləşdirmədə yeniliklər

Amma yeniliklər təkcə özəlləşdirməyə çıxarılan obyektlərin sayının artması ilə bağlı deyil.

Buna da bax: Daşkəsən dəmiri uğrunda 3-cü mübarizə başlanıb

Özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun hərraclara çıxarılıb.

Özəlləşdirilən əmlaklar Google Maps-da

Bundan başqa, komitə bildirir ki, özəlləşmədə şəffaflığın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb olunmasından ötrü hərraca çıxarılan əmlaklar barədə indi daha geniş və təfərrüatlı məlumat təqdim olunur.

İnvestorlar Özəlləşdirmə Portalına daxil olaraq özəlləşən müəssisə və əmlakların yeri ilə bağlı (Google Maps-dan çıxarış olaraq) xəritə məlumatları ilə tanış ola bilərlər.

Buna da bax: Bakıda 20 torpaq sahəsi özəlləşdiriləcək

Obyektlərin vəziyyətinə internetdə baxmaq olar

Xəritə məlumatları ilə yanaşı, portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər də əksini tapıb. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumatlar toplamasına imkan verməlidir.

Özəlləşdirmə məlumatları Facebook-da

Azərbaycandakı özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə Özəlləşdirmə Portalındakı bütün məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq.

Buna da bax: Türkiyə Azərbaycanda özəlləşdirməni gözləyir

İnvestorlar onları maraqlandıran sualları ƏMDK-in Facebook sosial şəbəkəsindəki səhifəsinə də ünvanlaya bilərlər. Həmçinin iddiaçılara müəssisə ilə yerlərindəcə tanış olmaqdan ötrü də şərait yaradılmalıdır.

ƏMDK «Daşkəsən Filizsaflaşdırma» ASC-nın özəlləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasından ötrü nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib.

Qısa xatirlatma

Prezident İlham Əliyev bu il özəlləşdirməyə dair 3 fərman imzalayıb: Yanvarın 18-də «geniş özəlləşdirmə proqramının hazırlanması» tapşırığını verib. Mayın 19-da «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb. İyulun 19-da da daha bir fərman verərək, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsini və idarə edilməsinin səmərəliliyinin artırılmasını istəyib.

Bəs bu işlər səmərə verəcəkmi?

Ekspertlər deyir ki, indiyədək özəlləşdirmə məqsədilə icra olunan 2 dövlət proqramı arzulanan sonuca çatmayıb.

Buna da bax: «Daşkəsən Filizsaflaşdırma»ya məsləhətçi axtarılır

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da da prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.