Təkcə ötən il - 2015 ci ildə ərzaq və qeyri-ərzaq malları satan 727 dükan bağlanıb. Məlumatı Dövlət Statistika Komitəsi (DSK) «Azərbaycanda ticarət» statistik toplusunda açıqlayıb.
Əgər xıra ticarət də çətinləşirsə, mümkün deyilsə, onda xıra sahibkar nə ilə məşğul olsun? Başqa nə yol qalır?
İqtisadçı ekspert Oqtay Haqverdiyev deyir ki, Statistika Komitəsinin yaydığı bəzi məlumatlar bir-bir ilə ziddiyyət təşkil edir. Ekspert çətinlik qarşısında olan xırda sahibkarlara profillərini dəyişməyi məsləhət görür:
“Statistikanın göstərdiyinə görə, guya 2015-ci ildə xeyli ərzaq və qeyri ətzaq mağazaları bağlanıb. Belə olan halda necə olur ki, həmin o statistika göstərir ki, pərakəndə satışın həcmi 2014-cü ilə nisbətən artıb. Bunu hər halda açıqlamaq lazımdır. Azalmanı yəni mağazaların bağlanması başa düşüləndir. Bu belə də olmalı idi. Çünki bu devalvasiya, neftin qiymətinin düşməsi ümumiyyətlə respublikada müəyyən problemlər yaradıb. Ona görə bunlar hamısı gözləniləndir.
Amma ki, belə olan halda birdən-birə pərakəndə satış və xidmət ikisi bir yerdə nədənsə 2014-cü ilə nisbətən artım göstərilib. 2016-cı ilin özümdə də bağlanan mağazalar var. Mənim yaşadığım evin yanında 5-6 market vardı, indi ikisi bağlanıb. Belə faktlar var.
Xırda sahibkar indiyə qədər ticarətlə məşğul idisə, indi hər halda profilini dəyişməlidir. Xüsusilə kiçik sahibkarlar hansısa istehsalla məşğul ola bilər. Və ya hansısa bir texniki bir peşə öyrənib gedib zavodlarda, fabriklərdə işləyə bilər. Hərçənd ki orda da müəyyən çətinliklər var. Hərə öz bacarığına uyğun hansısa məsələlərlə məşğul olmalıdırlar. Formal və qeyri-formal iqtisadiyyatda iştirakı ilə özü-özünü dolandıra bilər”.
MİKRO SAHİBKARLIQ
İqtisadçı Qalib Toğrul isə kiçik sahibkarlığın inkişafına mane olan problemlər kimi sahibkarların üzləşdiyi vergi mühitini, maliyyənin əlçatan olmamasını və qeyri-qanuni yoxlamaları göstərir:
“Kiçik sahibkarlıqla bağlı Azərbaycanda problemlər mövcuddur. Bu problemləri qruplaşdırsaq, birinci növbədə kiçik sahibkarların vergi ilə bağlı, maliyyə əlçatanlığı ilə bağlı, yoxlamalarla bağlı problemlərini qeyd etməliyik. Qısa şəkildə nəzər yetirsək, görərik ki, kiçik sahibkarlığın vergiyə cəlb olunması ilə bağlı Azərbaycanda problemlər var.
Kiçik sahibkarlıq deyəndə mən həm də mikro sahibkarlığı nəzərdə tuturam. Azərbaycanda belə bir təsnifat aparılmır. Amma dünyada kiçikdən də balaca mikro var. Bizdə o mikro deyilən sahibkarlıq da kiçik sahibkarlığın da içərisinə daxil olur. O sahibkarlıq üçün daha əlverişli vergi mühiti yaradılmalıdır. Yəni onların vergiyə cəlb olunması Azərbaycanda tətbiq olunan şəkildə olmamalıdır.
Avqustun 4-də prezident tərəfindən vergi islahatları ilə bağlı imzalanan sərəncamda istiqamətlərdən biri də məhz kiçik sahibkarlıqla bağlı olandır. Orada göstərilir ki, müəyyən kiçik, kassa-nəzarət aparatı olmadan fəaliyyət sahələrinin sərhədləri dəqiq müəyyənləşdirilsin və onlar üçün sabit vergi tətbiq olunsun. Bununla bağlı 3 ay vaxt verilib Vergilər nazirliyinə və nazirlik təklifləri hazırlayıb, prezidentə təqdim etməlidir.
Digər problem maliyyə əlçatanlığıdır. Kiçik sahibkarlar dayanıqlı olmaları üçün, fəaliyyətlərini müəyyən qədər genişləndirmək üçün maliyyə vəsaitlərinə ehtiyac duyurlar. Lakin həmin vəsaitləri kiçik sahibkarlar əldə edə bilmirlər.
Azərbaycanda indi bank sektorunda qeyri-sağlam bir şərait var. Bank sektoru indi kiçik sahibkarın ehtiyaclarını ödəmək iqtidarında deyil. Kiçik sahibkarlıq subyektlərinin əksəriyyəti kredit götürəndə onu istehlak krediti kimi götürürlər. Yəni onu biznes kredit kimi rəsmiləşdirə bilməyiblər. Çünki kiçik sahibkarlıqla məşğul olanların əksəriyyəti təminat kimi daşınmaz əmlak və digər qiymətli əşya qoymağa imkanı yoxdur.
Üçüncü problem yoxlamalarla bağlıdır. Baxmayaraq ki, ötən ilin noyabr ayından yoxlamalar qadağan olunub, yenə də kiçik sahibkarların işinə ayrı-ayrı orqanlar, hətta səlahiyyəti olmayan orqanlar tərəfindən haqsız müdaxilələr olur ki, bu da onların fəaliyyətini çətinləşdirir, xərclərini artırır. Son nəticədə onlar bu yolu seçməyə məcbur olurlar ki, obyektlərini bağlasınlar.”
HEÇ BİR MÜHİT YOXDUR
Digər ekspert Vahid Məhərrəmov bildirir ki, kiçik sahibkarlar üçün indiki halda heç bir mühit yoxdur:
“İndiki halda həm istehsalla, həm satışla məşğul olmaq, xidmət göstərmək risklidir. Ona görə ki, alıcılıq qabiliyyəti aşağı düşüb və əhali əvvəlki kimi nə istehsal olunan məhsulu istehlak edə bilir və yaxud da xidmətdən istifadə edə bilir. Bəzi hallarda mən görürüəm ki, hətta dövlət məmurları belə öz maşınlarını sürücülərə taksi kimi istifadə etməyi tövsiyyə edirlər ki, vəziyyətdən çıxsınlar. Yəni birmənalı olaraq demək ki, xırda sahibkarlar bu gün hansısa sahəyə üz tutsa gəlir əldə edə bilər, bu mümkün deyil. İndi vəziyyət olduqca mürəkkəbdir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ölkənin valyuta gəlirləri azalıb. Əsasən biz neft ixracından gəlir əldə edirdik. Bu maliyyə resursu daxildə həm tikintidə, həm xidmətdə, həm istehsalda istifadə olunurdu. Bundan da əhali nisbətən faydalanırdı. Yəni indiki halda hər hansı bir çıxış yolu göstərmək çox çətindir”.