-
“Azərbaycan hakimiyyətini jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmağa və müxalifət lideri Natiq Cəfərlini və azadlıqlarından istifadəyə görə həbs olunmuş digərlərini azadlığa buraxmağa çağırıram”. Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri Samantha Power “Twitter” hesabında yazıb.
Avqustun 12-də Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib. REAL-ın daha 2 üzvü, Toğrul İsmayılov və Elşən Qasımov polisə tabe olmamaqda təqsirli bilinərək hərəsi 7 sutkalığa həbs olunub. NİDA-çı gənc Elgiz Qəhrəman barəsində isə narkotik maddələrlə bağlı ittihamla 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daha öncə ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Xarici işlər İdarəsi bəyanatlar verərək bu həbslərdən narahat olduqlarını dilə gətiriblər.
AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova isə 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, şərti cəzayla həbsdən buraxılıb. Amma Xədicə İsmayılovanın ölkədən çıxmasına icazə verilmir. O, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.