Həbslərlə nəyə nail olmaq istəyirlər?

arxiv fotosu 2012-ci il

Hakimiyyət həbslərlə nəyə nail olmaq istəyir? Ola bilirmi?

Hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, həbslərlə hakimiyyətin yaratmaq istədiyi xof, qorxu illərdir heç bir nəticə verməyib və istədiyinə nail ola bilməyib.

“Həmişəki kimi hakimiyyət bu həbsləri aparmaqla cəmiyyətdə xof, qorxu hissi yaratmaq və xüsusən də gəncləri ictimai-siyasi fəaliyyətdən uzaq dayanmağa sövq etdirir. Bu daim olub.

Əsabali Mustafayev

Artıq neçə illərdir ki, hakimiyyətin bu fəaliyyətini görürük. Bu gün həbslərin aparılması da göstərir ki, hakimiyyət istədiyinə nail ola bilməyib. Ona görə də bu gün də həbslər davam edir. Dünənki, bu günki həbslərin də xüsusi məqsədləri var. Bilirik ki, sentyabrda referendum olacaq. Müəyyən siyasi qüvvələr, müxalif siyasi qüvvələr təşviqat proqramı aparırlar. Yaxın günlərdə mitinqlər, tədbirlər keçirmək istəyir. Bunun qarşısının alınması məqsədlidir ki, bu gün bu həbslər gedir.

Referendumdan sonra da yəqin ki, bu fəaliyyət davam edəcək. Onda da digər məqsəd güdəcəklər. Hakimiyyətin bu fəaliyyəti daim var. Sadəcə bu günün məqsədi ayrıdır ki, ona nail olmaq istəyir. Amma inanmıram ki, nail olacaq, çünki sosial şəbəkələrdən, qəzetlərdən, mediadan da görünür ki, ictimai siyasi qüvvələr öz etiraz səsini bildirməyə səy göstəirlər və buna cəhd edəcəklər”.

Digər hüquq müdafiəçisi Rəsul Cəfərov da bu addımları mənasız hesab edir:

Rəsul Cəfərov

“Düşünürəm ki, hakimiyyət ümumi qorxu, xof ab-havası yaratmaq istəyir. Amma köhnə metodlarla, köhnə üsullarla buna cəhd edir. Düşünmürəm ki, bu elə də uğurlu, nəticə verən metoddur. Açığı mən bu addımların nəyə görə indi və bu şəkildə atıldığını anlamaqda çətinlik çəkirəm.

Bilirsiz ki, indi Azərbaycanın məsələsi oktyabr ayında Mədən Sənayesində Şəffaflıq Koalisiyasında müzakirə olunacaq. Avropa Şurasının payız sessiyası gəlir. İlqar Məmmədovun və digər siyasi məhbusların müzakirə olunacağı gözlənilir. Yay- payız aylarında ABŞ-da Konqres yenidən fəaliyyətə başlayacaq. Hətta nəzərə alsaq ki, seçkilər olacaq. Bu müddət ərzində müəyyən fəallıqlar görünə bilər.

Açığı anlamıram. Həm də onu anlamıram ki, bu addımlar daxildə də heç kimi qorxutmur. Yəni 2014 –cü ildə xeyli həbslər oldu. Adamlar girdilər, çıxdılar, işini davam etdirənlər var, işini daha yaxşı davam etdirənlər var. Ona görə həbslər çox lazımsız və mənasız addımlardır. Ümumi məqsəddə yəqin ki, xof yaratmaqdır. Və ona da nail olmaq çox çətindir”.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, hakimiyyət bu həsblərlə istəyinə qısa müddətdə nail ola bilir. Amma uzun müddət üçün bunu demək olmaz:

Zərdüşt Əlizadə

“Hakimiyyət istisnasız olaraq həbs edir. İstəyinə müəyyən qısa müddətdə nail olur. Uzun müddətdə isə heç nəyə nail olmur. Çünki həyat və bizim hakimiyyət paralel yolları kəsişəndə başlayır həbs etməyə. Kəsişməyəndə həbs etmir. Bu həbslər də onu göstərir ki, hakimiyyət həyatdan keçmir, həyatı yonmaq, rəndələmək istəyir. İlqar bəyi həbs ediblər, Natiq bəyi həbs ediblər. Vaxtaşırı hansısa xanımları, bəyləri həbs edirlər. Bu həmin o həyatla kəsişmə nöqtələrində həyatı rəndələmək cəhdləridir. Hamı bilir ki, bu axırıncı yoldur”.