Konstitusiyaya təkliflər Venesiya Komissiyasına verilməyib

Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

-

Rəsmi Bakı sentyabrın 26-da referenduma çıxarılacaq Konstitusiyaya düzəlişlər və dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna təqdim etməyib.

Bu barədə Venesiya Komissiyasından Turan İnformasiya Agentliyinin təklif edilən dəyişikliklərin qiymətləndirilməsi xahişi ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

“Təəssüf ki, biz buna cavab verə bilmərik. Çünki əvvəla, düzəlişlərin mətni bizdə yoxdur. İkincisi, biz yalnız rəsmi sorğu çərçivəsində bizə verilən mətnləri təhlil edə bilərik. Hələlik Venesiya Komissiyası konstitusiya düzəlişləri layihəsi üzrə rəylə bağlı sorğu almayıb. Lakin Komissiyanın nizamnaməsinə uyğun olaraq rəsmi müraciət olarsa, belə rəy hazırlaya bilərik”, - Venesiya Komissiyasının cavabında deyilir.

Cavabda qeyd edilir ki, Venesiya Komissiyası Avrop Şurası Nazirlər Komitəsi, Parlament Assambleyası, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, baş katib, komissiyaya üzv dövlətlər və beynəlxalq təşkilatların xahişi ilə sorğular üzrə rəy verə bilər.

Hələlik, sözügedən qurumlardan heç biri Azərbaycan Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərin demokratik normalara və Avropa standartlarına uyğunluğunun yoxlanmasını lazım hesab etməyib.

Ancaq ABŞ Dövlət Departamenti və Avropa Birliyi düzəlişlər layihəsinin dəyərləndirilməsindən ötrü Venesiya Komissiyasına təqdim olunmasını Azərbaycan hakimiyyətinə tövsiyə edib.

Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasının üzvüdür.

Həmin vaxt bu qurum Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və mətbuat haqqında qanunda Avropa Şurası standartlarına uyğun şəkildə islahatların aparılması məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım göstərməyə dəvət edib.

Bu illər ərzində Azərbaycanda bir sıra qanun layihələri rəydən ötrü Venesiya Komissiyasına göndərilib. Bəzən göndərilən qanun layihələri komissiyada ciddi tənqidlərlə qarşılanıb. Bu da ekspertlərin fikrincə son illər Azərbaycanda Venesiya Komissiyası ilə əməkdaşlığı ikinci plana keçirib.

Konstitusiyaya dəyişiklik təklifləri sentyabrın 26-da referenduma çıxarılacaq.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.