-
Avropada bir neçə siyasətçinin bəzi müsəlman qadınların geyimlərini yasaqlamağa çalışdığı dönəmdə bir işadamı buna qarşı çıxmağın yolunu tapıb.
Rachid Nekkaz adlı zəngin əlcəzairli sahibkar və insan hüquqları fəalı Fransada burkini geyməyə görə cərimələnən istənilən müsəlman qadının cəriməsini ödəməyə söz verib. Burkini üz, əllər və ayaq pəncələrindən başqa bədənin bütün hissələrini örtən çimərlik geyimidir.
“CƏRİMƏLƏRİ ÖDƏYƏCƏM”
"Qadınların burkini geymək azadlığını təmin etmək və hər şeydən əvvəl, bu qəddar və ədalətsiz qanunun tətbiqini yerindəcə neytrallaşdırmaqdan ötrü onların cərimələrini ödəmək qərarına gəldim," Nekkaz deyib.
Fransanın bəzi çimərliklərində burkini qadağası Paris siyasətçilərinin dini geyimlərə qarşı atdığı ən son addımdır.
Buna da bax: Merkel: “Tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır”
2011-ci ilin aprelində Fransa burka və niqabı qadağan edən ilk Avropa ölkəsi oldu. Burka bütün bədəni, hətta üzü də tül parça ilə örtən geyim formasıdır. Niqabsa bütün üzü örtən, təkcə göz nahiyəsini açıq saxlayan baş örtüyüdür.
Qanunu pozanlar 150 avro (205 dollar) cərimə olunur, yaxud da icbari cəza alırlar.
Ötən ay fransız Rivyerasında yerləşən, film festivalına görə məşhur olan Kann şəhərində dini çimərlik geyimi qadağan edilib.
38 AVRO CƏRİMƏ
Kann meriyasından bildiriblər ki, iyulun 28-dən avqustun 31-nə qədər qüvvədə olan müvəqqəti burkini qadağasını pozanlar 38 avro (42 dollar) cərimə ödəməlidirlər.
Burka qadağasına gəlincə o, keçmiş prezident Nicolas Sarkozy administrasiyası vaxtı tətbiq edilib. Sağ mərkəzçi Respublikaçılar partiyasının lideri olan Sarkozy ötən həftə bildirib ki, gələn il yenidən prezidentliyə namizədliyini vermək fikrindədir.
Buna da bax: İslamda qadının yeri...
Londonun City Universitetinin din və siyasət üzrə ixtisaslaşan professoru Sara Silvestri CNN-ə deyib ki, bu qadağalar tamamilə ekstremistlərin işinə yarayır.
"Bu qanunlar nəticəsində müsəlmanlar özlərini çıxdaş olunmuş hiss edirlər və bu, onların cəmiyyətə inteqrasiya qabiliyyətinə və istəyinə təsir edir. Bu, onların radikal qruplara qoşulmasına yol aça bilər," Sara Silvestri deyib.
“YANLIŞ ANLAYIBLAR”
İşadamı Nekkazın sözlərinə görə, "Charlie Hebdo" və Nitsa hücumlarından sonra bəzi siyasətçilər əhali arasında yayılmış İslam xofundan istifadə edərək Fransada bir sıra azadlıqları məhdudlaşdırmağa çalışırlar. O bunu "qəbuledilməz və dözülməz hərəkət" adlandırıb.
"Və mən Fransa, Belçika, İsveçrə, yaxud Niderland, indi isə həm də Almaniya kimi böyük dövlətlərin bu islam qorxusundan yararlanaraq bir sıra şəxsi azadlıqları yasaqlamasını qəbul etmirəm," Nekkaz deyib.
Bu ay Almaniyanın Daxili işlər naziri Thomas de Maiziere bildirib ki, ölkəsində təhlükəsizlik və milli birliyi təmin etməkdən ötrü şəxsiyyətin müəyyənləşdirilməsi tələb olunan bütün yerlərdə üzü tam örtən örtükləri yasaqlayacaq. Bura məktəblər və dövlət idarələri də daxildir.
Burkininin yaradıcısı Aheda Zanetti isə məsələnin "yanlış anlaşıldığını" söyləyib.
"Siyasətçilər qadınların seçdikləri çimərlik paltarına da qarışırlar, buna inana bilmirəm", o, CNN-ə müsahibəsində deyib.
SATIŞ 90% ARTIB
"Bu, qadınların hər hansı səbəbdən seçdikləri pozitiv bir geyim, gözəl bir əşyadır. Məncə o, (Kann meri David Lisnard - red.) bütövlükdə bu çimərlik paltarının konsepsiyasını yanlış anlayıb," Zanetti deyib.
Burkini və hicud (hijood) kimi geyimləri istehsal edən "Ahiida" şirkətinin yaradıcısı və sahibəsi olan dizayner əlavə edib ki, bu qadağa onun biznesinə yalnız müsbət təsir edir. Belə ki, burkininin nüfuzu artıb.
"Ötən həftə satış 90% yüksəlib. ...Lisnard mənə böyük yaxşılıq edib," o söyləyib.
"Mənim vəzifəm böyük Avropa demokratlarına bir şeyi xatırlatmaqdır – bu, böyük demokratiyaları yaradan fundamental azadlıqlara hörmətdir," işadamı Nekkaz belə deyir. O özü ənənəvi islami örtük taxmayan qadınla evlidir.
“BU QADINLARLA RAZI DEYİLƏM...”
Xeyirxah jestinə baxmayaraq, Nekkaz niqab, yaxud burkininin Avropa cəmiyyətlərinə inteqrasiya etməyin ən yaxşı yolu olduğuna da inanmır.
"Ancaq böyük fransız filosofu Voltaire-in dediyi kimi, mən bu qadınlarla razılaşmasam da, onların ifadə azadlığını təmin etməkdən ötrü ölənə qədər vuruşacağam," 2013-cü ildə Fransa vətəndaşlığından imtina etmiş Nekkaz vurğulayıb.
İnsan Hüquqları Liqasının Kann-Qrass bölməsinin prezidenti Hervé Lavisse-in sözlərinə görə, Fransanın burkini qadağası əks effekt verəcək. Belə ki, o, "insanları barışdırmaq əvəzinə gərginliyi artıracaq".
Bugünə qədər 15 qadın Nekkaza müraciət edərək cərimələrinin ödənməsini istəyib.
Nekkaz deyir ki, müvəqqəti qadağanın sonunadək, yəni avqust bitənə qədər yüzə qədər oxşar xahişin olunacağını gözləyir.