TANAP-a İran və İraq qazı vurula bilər

Kəmər tikintisi

Trans-Anadolu kəməri (TANAP) ilə İran və İraq təbii qazının Azərbaycan ərazisindən keçməklə nəqli məsələsi nəzərdən keçirilir.

Bunu energetika nazirinin müavini Natiq Abbasov deyib.

AZƏRTAC-ın xəbərinə görə, nazir müavini avqustun 29-da Bakıda keçirilən «Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar» mövzusunda birinci Avrasiya konfransında çıxış edib.

N.Abbasov qeyd edib ki, Azərbaycan TANAP-ın əsas təşəbbüskarıdır. İran qazının Azərbaycan ərazisi ilə nəql edilərək Türkiyədə TANAP-a qoşulması, oradan isə Avropaya nəqli imkanlarına baxılır.

«İran təbii qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var. İraq ilə İran arasında da belə infrastruktur mövcuddur. Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və Türkiyədə TANAP-a qoşulmaqla Avropaya çatdırıla bilər», - deyə nazir müavini vurğulayıb.

TANAP «Cənub Qaz Dəhlizi» layihəsinin əsas komponentidir. TAP layihəsi də bu dəhlizə daxildir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır.

Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.