"Özündən deyən yazarlarımız Güneydən nə yazıblar?"

Araşdırmaçı yazar Şirvani Ədilli.

-

"2013-cü ildə haqsız yerə həbs olunmuş o taylı milli hərəkat fəalları həbsxanada bir aya yaxın aclıq aksiyası keçirdilər. Yazarlarımız hansı yazıları və ya çıxışları ilə onlara dəstək verdilər? Güneydə 2015-ci il Noyabr hadisələri baş verdi, nə dedilər və nə yazdılar?"

Oxu Zalı araşdırmaçı-yazar Şirvani Ədillinin İran Azərbaycanı ədəbiyyatı ilə bağlı yazısını təqdim edir.

Şirvani Ədilli

Müasir ədəbiyyatımızda Güney mövzusunun yeri.

Güney dərdimizə biganə yazarları necə başa düşək?

Bədii ədəbiyyat estetik cəhətdən nə qədər gözəl olsa da onun dəyərini artıran əsas amil məhz ictimai əhəmiyyətidir. Yəni bədii yaradıcılıq cəmiyyətin inkişafına, oradakı haqsızlıqlara qarşı mübarizəyə, haqq-ədalətin bərqərar olmasına, insanların xoşbəxtliyinə nəsə bir töhfə verməlidir. Bu məsələ “sənət sənət üçün” və “sənət xalq üçün” terminləri ilə də ifadə olunur. Əlbəttə ki, “sənət sənət üçün”prinsipi ilə yazılan əsərlərin də öz yeri və dəyəri var və ədəbiyyat durduqca ən azından insanların zövqünü oxşamaq üçün belə əsərlər də olmalıdır. Lakin bir müəllifin yaradıcılığı başdan ayağa “sənət sənət üçün” prinsipi ilə yazılmış əsərlərdən ibarətdirsə o ciddi və böyük ədib sayıla bilməz.

Ədəbiyyatımızda ictimai məzmunlu əsərlər əsasən maarifçilik dövründən (XIX əsr) meydana çıxmış və XX əsrdə özünün yüksək inkişaf səviyyəsinə çatmışdır. Azərbaycanın quzeyini götürsək burada XX əsr ədəbiyyatı əsasən sovet dövrünü (1917-1991) özündə birləşdirir. Bu dövrdə isə digər sahələr kimi ədəbiyyat da sovet dövlətinin ciddi nəzarəti və sovet ideologiyasının təsiri altında olduğundan ictimai məzmunlu yaradıcılıq nümunələri əsasən sosialist ideyalarının təbliğinə, quruluşun tərifinə xidmət etmişdir. Lakin bununla belə etiraf etməliyik ki, ədəbiyyat özü xeyli dərəcədə inkişaf etmişdir (etməmişdir desək ədalətsizlik olar).

Buna da bax: "Elşən Böyükvənd. Arazın o tayında kimlik müzakirələri"

Bəs həmin dövrdə ictimai problemlər əsasən nələrdən ibarət olmuşdur? Əlbəttə ki, totalitarizm, siyası azadlıqların olmaması və ən əsası rus müstəmləkəçiliyi və rus assimilyasiya siyasəti kimi milli problemlərimiz. Həmin dövrdə Azərbaycanın Güneyində də indiyədək hakimiyyətini sürdürən fars şovinizmi mövcud olmuşdur. Sovet dövrü ədəbiyyatında məhz adını çəkdiyimiz milli problemlərə həsr olunmuş əsərlər bu gün bizim üçün həmin dövrün ən dəyərli yaradıcılıq nümunələridir. O dövrün poeziyasından bizə qalan ən dəyərli nümunələr S. Vurğunun “Partiyamızdır”, “Vaqif”, “Ceyran” kimi əsərləri yox, S. Rüstəmin “Cənub şeirləri”, B.Vahabzadənin “Gülüstan” poeması, T. Bayramın “Ana dilim” şeiridir.

İran Azərbaycanlıları Zəncanda etiraz edir.

Müasir dövrə gəldikdə bir çox özündən deyən yazarlarımızın əsas ictimai mövzusu milli mentalitetimizi müzakirəyə çıxarmaq, orada qüsurlar axtarmaq, adət-ənənələrimizi tənqid etmək, Qərbi yüksəltmək, Şərqi aşağılamaqdır. Sanki, bütün iş-güclərini atıb, dəridən-qabıqdan çıxıb gecə-gündüz bu məsələdə fikirlərini əsaslandırmaqla məşğuldurlar. Sanki bundan başqa problem və mövzu yoxdur. Bununla özlərini postmodernist, yenilikçi hesab edirlər. Düzdür, bütün fikirlərə hörmətlə yanaşılmalıdır. Fikir bildirmək azaddır. Bununla işimiz yoxdur. Bu fikirləri həqiqətən də inkişafımız naminə dediklərinə də inanırıq. İnkişafımız naminə səmimiyyətlə deyilən istənilən fikir – doğru və ya yanlış, fərqi yoxdur – təqdirəlayiqdir. Amma həmin yazarlar həqiqətən problemlərimizin həlli haqqında düşünürlərsə, Güneydəki 35 milyonluq soydaşımızın faciəvi durumuna necə biganə qalırlar? Bu heç cür başa düşülən deyil.

Buna da bax: N.Xiyavi: Allah xatirinə, bu qədər "o tay, bu tay”, “dil-ədəbiyyat qayğısı” kimi sözlərlə...

Bu gün İran müasir dünyada analoqu olmayan, insanlıq faciəsinin, milli zülmün ərşə dirəndiyi mərkəzlərdən biridir. Dünyada ikinci elə bir dövlət yoxdur ki, orada əhalinin yarısından çoxunu təşkil edən, əsrlər boyu dövlətçiliyi qurmuş və yaşatmış, yerli-köklü bir xalqın dili nəinki rəsmi dil statusuna malik olmasın, hətta həmin dil bir dil kimi tədris də olunmasın və həmin dildən şifahi nitqdə belə istifadə sıxışdırılsın. Bəziləri elə düşünürlər ki, bunlar yalnız millətçilərin problemidir. Belə düşünənlər çox böyük səhvə yol verirlər. Bu problem demokratiyanın da, insan haqlarının da, liberalizmin də, sosializmin də, sağçıların da, solçuların da, bütün ideologiyaların problemidir, bəşəri bir faciəsidir. Bu problemə biganəliyə heç cür bəraət qazandırmaq olmaz.

Güneydə 2006-cı il may hadisələri baş verdi. Özündən deyən bəzi yazarların o hadisələrdən nə qədər məlumatları var və nə yazıblar? 2013-cü ildə haqsız yerə həbs olunmuş milli hərəkat fəalları həbsxanada bir aya yaxın aclıq aksiyası keçirdilər. O yazarlar hansı yazıları və ya çıxışları ilə onlara dəstək verdilər? Güneydə 2015-ci il Noyabr hadisələri baş verdi, nə dedilər və nə yazdılar? Bu gün o yazarlar 1930-cu illərdə “donos” verənləri, sovet dövlətindəki haqsızlıqlara qarşı qorxub susanları qınadıqları kimi sabah Güney probleminə biganə qaldıqları üçün onların özlərini qınayacaqlar. Bunu mütləq göz önünə almalıdırlar.

Gələcəyə o əsərlər qalacaq ki, millətin ağrılarını ifadə edib, millətin inkişaf tarixi ilə ayaqlaşıb.Mənə görə Güney dərdimiz haqqında həqiqi ürək yanğısı ilə deyilmiş bir cümlə mentalitetimizin müzakirəsinə həsr olunmuş yüz məqalədən daha dəyərlidir!

28.08.2016.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)