-
“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq karserə salınıb.
Bu barədə “Turan” İnformasiya Agentliyinə onun vəkili Elçin Qəmbərov məlumat verib.
“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib.Əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, - vəkil bildirib.
E.Qasımovun hansı səbəbdən karserə salınması barədə vəkilinə bilgi verilməyib.
Bu məsələyə Penitensiar Xidmetin də İctimaiyyətlə Əlaqələr şöbəsindən aydınlıq gətirmək, hələlik, mümkün olmayıb.
Buna da bax: Leyla Yunus Taleh Bağırova məktub yazdı: 'Qorxulu və dəhşətlidir'
E.Qasımov noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanılıb.
*Youtube Kanalımıza abunə olun - Ölkədə baş verənləri bizdə izləyin!
Elçin Qasımov saxlandıqdan sonra, onlarla dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Həmin vaxt da saxlananlar olub.
Bundan bir qədər sonra, noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla altı nəfər həlak olub. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırov həbs olunub.
Buna da bax: Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'
Onlar qətildə, hakimiyyətin ələ keçirilməsinə cəhddə və digər ağır cinayətlərdə ittiham olunurlar. Həbs edilənlər məhkəmə zamanı bildiriblər ki, bir neçə gün ərzində onlara işgəncə veriblər, müxalifətlə birlikdə ölkədə çevriliş hazırladıqlarını etiraf etməyə vadar ediliblər.
Ancaq məhkəmədə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncələrlə bağlı iddiaları təkzib ediblər.
Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir.
Onların bir çoxunun ayrı-ayrı qruplar şəklində məhkəməsi gedir. Daha yüngül ittihamlarla üzləşənlərdən bəzilərinin məhkəməsi başa çatıb. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.