Şahmat Olimpiadası başlayır

İllüstrasiya

►Paytaxtın cənubdan şərqə doğru əsas nəqliyyat arteriyası bağlanacaq

Sentyabrın 1-də Bakıda Ümumdünya Şahmat Olimpiadasının açılışı olacaq. Bununla əlaqədar Bakı yol polisi sürücüləri oyun iştirakçılarının hərəkət istiqamətində - açılış mərasiminin keçiriləcəyi Gimnastika Arenasından yarışların olacağı yerə - Kristal zala qədər hərəkət etməkdən çəkinməyə çağırıb.

Bu isə o deməkdir ki, paytaxtın cənubdan şərqə doğru əsas nəqliyyat arteriyası bağlanacaq və ya hərəkət çətinləşdiriləcək.

Yol polisi sürücüləri “Azadlıq”, “Neftçilər” prospektlərində, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, “Azneft”, “Azadlıq”, Dövlət Bayrağı Meydanı istiqamətində, paralel və bitişik küçələrdə “diqqətili olmağa” çağırıb.

“Turan” İnformasiya Agentlik bildirir ki, Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu yarışmanın tarixində ən yüksək göstəricinin qeydə alındığı bildirilir.

Olimpiadanın Əməliyyat Komitəsinin bilgilərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisi şəhər sakinlərinin və qonaqların istifadəsinə veriləcək.

Yarışma ilə bağlı 3100-dən artıq idmançı, hakim, jurnalist qeydiyyatdan keçib.

Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Olimpiada sentyabrın 13-dək davam edəcək.