Mərkəzi Bank valyuta qıtlığını şərh etmir

Dollar

Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir.

«Turan» İnformasiya Agentliyinin məlumatına görə, ötən həftənin sonundan bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub.

Sentyabrın ilk günündə banklar arasında keçirilən sorğu göstərib ki, vəziyyət normallaşmayıb.

Xəbərdə qeyd edilir ki, «Respublika», «Standard», «Silkway» bankları xarici valyuta satmır.

«Kapitalbank», «Accessbank», Azərbaycan Beynəlxalq Bankı bir nəfərə 100 dollar/avro limit qoyub. «AzəriTürkBank»dan bildiriblər ki, dollar alışına limiti kassaya yaxınlaşanda bilmək olar.

«Paşabank»da deyiblər ki, xarici valyutanı yalnız müştərilərinə satırlar.

Buna da bax-'Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir'

Maraqlıdır ki, müvafiq maliyyə strukturları banklarda dollar qıtlığına və bununla bağlı yaranan təşvişə rəsmi reaksiya vermirlər.

Azərbaycan Mərkəzi Bankı «Turan» agentliyinin valyuta qıtlığı və vəziyyəti yaxşılaşdırmaq üçün görülən tədbirlər barədə sorğusuna cavab verməyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından isə deyiblər ki, onlar bankların kommersiya siyasətinə qarışmır, 4 faizlik marjaya nəzarət edirlər.

Bununla belə, Palatadan bildiriblər ki, əksər kommersiya banklarının valyuta satışından imtinası ilə bağlı əhali arasında təlaşın mövcud olduğunu zənn etmirlər.