►Azərbaycan, Türkmənistan və KXDR-da liderin ölümündən sonra nə baş vermişdi?
Özbəkistanın əvəzsiz lideri Islam Karimov insult keçirib. Ekspertlər artıq Karimov-un bundan sonra vəzifəsini icra edə bilməyəcəyi halda onun yerini kimin tutacağını müzakirə edirlər.
"Nastoyaşee Vremya" portalı digər avtoritar dövlətlərdə liderlərin ölümündən sonra hakimiyyət uğrunda mübarizənin necə getməsindən yazır.
1993-cü ildə Azərbaycanda prezident postuna gəlmiş Heydən Əliyev 10 il bu vəzifədə qaldı. 2003-cü ildə o, üçüncü müddətə namizədliyini irəli sürməyi planlaşdırsa da, səhhəti buna imkan vermədi. Əvvəlcə Türkiyəyə, sonra da ABŞ-a müalicəyə getdi. Həmin il dekabrın 12-də isə öldü.
Buna da bax: İslam Karimov yoxdur, tədbirlərə Shavkat Mirziyayev rəhbərlik edir
AVTORİTAR REJİMİN YARADICISI
Heydər Əliyevi Azərbaycanda avtoritar rejim yaratmaqda ittiham edirlər. Bu ölkə Transparency International təşkilatının siyahısında korrupsiya səviyyəsinə görə 119-cu yerdərir.
2002-ci ildə Azərbaycanda referendum keçirildi, konstitusiyaya edilən dəyişikliyə görə, prezident öləndən sonra onun vəzifələrini baş nazir icra etməli idi.
2003-cü ilin avqustunda Heydər Əliyevin oğlu İlham Əliyev baş nazir postuna gəldi.
Növbəti prezident seçkilərinə iki həftə qalmış dövlət televiziyasında Heydər Əliyevin xalqa müraciəti oxundu. O, oğlunun xeyrinə namizədliyini geri götürdüyünü bəyan edirdi.
O zaman "Human Rights Watch" (HRW) təşkilatı seçkilərin nəticələrinin İlham Əliyevin xeyrinə saxtalaşdırıldığını yazmışdı. Müxalifətin nümayişləri qadağan edilir, insanların bu nümayişlərdə iştirakına maneələr törədilirdi. HRW-un məlumatına görə, yüzlərlə müxalifətçi saxlanılmış, yaxud da döyülmüşdü.
O vaxtdan İlham Əliyev daha iki dəfə prezident seçilib.
Buna da bax: Karimov-dan sonra Özbəkistanı nə gözləyir?
ÖMÜRLÜK PREZİDENT
Hələ 1985-ci ildə Türkmənistan SSR-in rəhbəri olmuş Saparmurad Niyazov 1990-cı ildə prezident seçkilərində qalib gəldi. Rəsmi məlumatlara görə o, səslərin 98,3%-ni toplamışdı. 1992-ci ildə müstəqil Türkmənistanda Konstitusiya qəbul olundu, Niyazov bu dəfə 99,5% ilə prezident seçildi.
1994-cü ildə referendum keçirərək Niyazovun səlahiyyətlərini seçkisiz 2002-ci ilə qədər uzatdılar. Artıq 1999-cu ildə ölkə parlamenti Niyazovun ömürlük prezident olmasına səs verdi.
Niyazovun yeganə oğlu 2006-cı ilədək ölkənin siyasi həyatında iştirak etmirdi. 2006-cı ildə o, ilk və son dəfə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə danışıqlarda Türkmənistanı təmsil etdi.
O zaman Saparmurad Niyazovun ölümündən sonra hakimiyyətə oğlunu hazırladığı barədə ehtimallar var idi. Ancaq 2006-cı ilin sonunda o, qəflətən öləndə oğlu heç prezidentliyə namizədliyini də vermədi.
Buna da bax: Özbəkistan prezidentinin qızları arasında müharibə davam edir
BERDYMUKHAMEDOV GƏLDİ
Ölkə Konstitusiyasına görə, prezident öləndən sonra səlahiyyətləri məclisin sədrinə keçməli idi. Ancaq Niyazovun ölümündən sonra həmin şəxsə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıldı.
Ölkənin prezidenti Nazirlər Kabineti sədrinin keçmiş müavini, keçmiş Səhiyyə naziri Gurbanguli Berdymukhamedov oldu. Niyazovun dəfnində təşkilatçılıq işinə də o baxırdı.
Berdymukhamedov iki dəfə, 2007-ci (89,23% nəticə ilə) və 2012-ci (97,14%) illərdə prezident seçkilərində qalib gəlib.
Niyazovun idarəçiliyi dövründə Türkmənistan dünyanın ən repressiv dövlətlərindən birinə çevrildi.
Berdymukhamedov hakimiyyətə gələndən sonra əsasən sələfinin şəxsiyyətinə pərəstişin azaldılması istiqamətində islahat apardı. " Human Rights Watch" bildirir ki, ölkədə qeyri-məhdud hakimiyyətə malik Berdymukhamedov siyasi və ictimai həyatın bütün sahələrinə tam nəzarət edir.
DƏYİŞƏN VƏZİFƏLƏR İDİ
Kim Ir Sen-in isə yalnız vəzifələrinin adları dəyişirdi. Əvvəlcə Şimali Koreya Müvəqqəti Xalq Komitəsinin sədri, sonra Koreya Əmək partiyasının Mərkəzi Komitəsinin Baş katibi, ən sonda, 1972-ci ildə isə ölkənin Nazirlər Kabinetinin sədri və prezident oldu.
Kim İr Sen və silahdaşları hakimiyyətə gələn kimi ölkədə totalitar rejim və şəxsiyyətə pərəstiş yaratdılar.
1980-ci ildə partiyanın altıncı qurultayında Kim Ir Sen oğlu Kim Chen Iri öz varisi elan etdi. Bundan əvvəl KXDR-da müxtəlif aparıcı vəzifələr tutan Kim Chen Ir 1991-ci ildə atası tərəfindən Koreya Xalq Ordusunun ali baş komandanı təyin edildi.
1994-cü ildə Kim Ir Sen öləndə Kim Chen Ir rəsmi olaraq onun yerini tutdu. Prezidentin ölümü münasibətilə üç illik matəm elan olundu. 1998-ci ildə isə ona "KXDR-nın əbədi prezidenti" titulunu verdilər.
ANALOQSUZ ÖLKƏ
Kim Chen Irin də idarəçiliyi dövründə ölkə başçısının ilahiləşdirilməsi siyasəti davam etdirildi.
Kim Chen Irin hakimiyyəti əvvəlcə böyük oğlu Kim Chon Nama ötürmək istədiyi bildirilir. Ancaq 2001-ci ildə o, Yaponiyada saxta pasportla sərhədi keçmək istəyərkən yaxalanır. Bir versiyaya görə, Kim Chon Nam Disneylendə getmək istəyirmiş.
2009-cu ildə (bəzi məlumatlara görə 2007-ci ildə) Kim Chen Ir ikinci oğlu Kim Chen Ynı öz varisi təyin etməsi barədə qərarını partiya rəhbərliyinə elan edib.
Beləliklə 2011-ci ilin sonunda, atasının ölümündən sonra Kim Chen Yn KXDR-nın ali rəhbəri olur.
BMT Komissiyası 2014-cü ildə KXDR-dəki hüquq pozuntularının müasir dünyada analoqu olmadığını bildirib.