İslam Karimovun ölümündən sonra nələr ola bilər? - Şərhlər

Sizin brauzer HTML5-i dəstəkləmir

İslam Karimov öldü

►“Özbəkistanı təxribata çəkə biləcək qüvvələr ola bilər”, “İslahatlar olmayacaq”, “Rusiya ilə yaxınlıq davam edəcək”

“İnkişaf gətirən”, “adi diktator” Karimov

“İslam Karimov təcrübəli və Özbəkistan dövlətinə inkişaf gətirən ölkə rəhbəri olub”, – Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rövşən Rzayev özbək prezidenti İslam Karimovu bu cür xarakterizə edir.

Ancaq Bakıda heç də hamı deputat kimi düşünmür.

Müsavat partiyası başqanı Arif Hacılı 1980-ci illərin sonundan Özbəkistana başçılıq edən Karimovun “qeyri-adi siyasətçi olmadığını”, “adi diktator olduğunu” , buna görə də ölkədə “hakimiyyətini qorumaq məqsədilə avtokratik rejim” qurduğunu deyir. Politoloq Zərdüşt Əlizadənin fikirləri də fərqlənmir.

Buna da bax: Kərimov öldü

Deputat Rövşən Rzayev Karimovun diktator olması, ölkədə hüquq və azadlıqları boğması haqda deyilənlərlə razılaşmır: “İstənilən halda, xalq hər zaman onu dəstəkləyib”.

Son bir neçə gündə rəsmən təsdiqlənməsə də, özbək liderinin ölməsi, artıq onun dəfninə hazırlıq görülməsi haqda xəbərlər yayılmaqdadır. İndiyə kimi yalnız “Reuters” informasiya agentliyi diplomatik mənbələrə istinadla Karimovun öldüyünü yazıb.

“78 yaşlı özbək liderinin ölümündən sonra nə baş verəcək?” sualı ətrafında dartışmalarsa səngimir: “Dəmir əl” başqası ilə əvəzlənəcək, ya ölkədə xaos yaranacaq?

Buna da bax: İslam Karimov yoxdur, tədbirlərə Shavkat Mirziyayev rəhbərlik edir

Islam Karimov

Arif Hacılı: “İslahatlara inanmaq çətindir”

Arif Hacılının qənaətincə, İslam Karimovdan sonra “avtokratik rejimin” davam etməsi yönündə addımlar atılacaq:

“Onun yerinə gələcək hər hansı dövlət başçısının islahatlar haqda düşünəcəyi fikrində deyiləm. Özbək cəmiyyəti tamamilə sıxışdırılıb, ölkədə vətəndaş cəmiyyəti mövcud deyil, müstəqil mətbuat yoxdur, demokratik institutlar fəaliyyət göstərmir. Belə bir şəraitdə hakimiyyətə gələcək ailə nümayəndəsinin yuxarıdan islahatlar aparacağına inanmaq da çətindir”.

Deputat: “Bölgədə ekstremistlər çoxdur”

Deputat Rövşən Rzayev özbək liderinin ölümündən sonra ölkədə qarşıdurma yaranması haqda ehtimalların elə ehtimal olaraq qalmasını istəyir. Ancaq təəssüflə qeyd edir ki, Özbəkistanı təxribata çəkəcək qüvvələr ola bilər, “bu bölgədə ekstremist qüvvələr çoxdur və sabitliyi pozmaq imkanları var”. R.Rzayev özbək xalqının “qarşıdurmaları dəf edə bilməsini”, “bugünkü inkişafın, demokratrikləşmənin” davam etməsini istədiyini söyləyir.

“Özbəkistan dövləti hər zaman Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib,Ermənistanın işğalçı olduğunu hər zaman bəyan edib”, - deputat bildirir.

Buna da bax: Özbəkistan prezidentinin qızları arasında müharibə davam edir

Politoloq: “Kiçik bir zümrə etiraz edə bilər”

Politoloq Zərdüşt Əlizadə isə Karimovun vəfatından sonra da ölkədə durumun dəyişməyəcəyi fikrindədir və bunu həmin quruluşun möhkəmliyi ilə izah edir:

“Əksər postsovet ölkələrində sovet quruluşuna xas olan, başqa məzmunlu, amma eyni mahiyyətli quruluşlar yarandı. Azərbaycanda olduğu kimi, Özbəkistanda da bu quruluş möhkəmdir. Karimova, yəni İslam akaya nəsə olsa, ondan sonrakı şəxs möhkəm quruluş sayəsində hakimiyyətini davam etdirəcək”.

Düzdür, politoloq kiçik bir zümrənin etiraz edə biləcəyini gözardı etmir, amma bununla nəyinsə dəyişəcəyinə də inanmır.

Moskva ya Vaşinqton?

Karimov birmənalı, yəni qərbyönümlü və ya tam olaraq rusiyayönümlü siyasət aparmayıb. Özbəkistan prezidenti Rusiya ilə olduğu kimi, ABŞ-la da zaman-zaman yaxınlaşıb, eyni zamanda bəzi məqamlarda onlarla məsafəli davranmağı da bacarıb. Onun gedişindən sonra bu siyasət dəyişə bilərmi?

Arif Hacılı Karimovun “hakimiyyətini möhkəmləndirmək üçün cari dövrdə lazım olan siyasəti aparırdı” deyir. Partiya başqanına görə, ölkədəki vəziyyət yeni dövlət başçısının da Karimovun siyasətinə sadiq qalmasını tələb edir.

“Yəni Özbəkistanın yenə də xarici siyasətində Rusiya kimi dövləti prioritet partnyor kimi qəbul edəcəyini düşünürəm. Bütün dünyada, xüsusən də bizim regionda avtoritar liderlər bir-birini dəstəkləyirlər. Avtoritar idarəçiliyin mövcud olduğu, atom silahına malik ölkələrdən biri də Rusiyadır. Özbəkistanin xarici siyasətini Rusiya ilə uzlaşdıracağı qənaətindəyəm”.

Zərdüşt Əlizadə Daşkəndin əvvəlki xarici siyasətinin davam edəcəyinə əmindir.