AŞPA-da Azərbaycanın referendum müzakirəsi

AŞPA Venesiya Komissiyasına müraciət etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosu sentyabrın 5-də Parisdə keçirilən iclasında Azərbaycan Konstitusiyasına düzəlişlər layihəsinə qiymət verməsindən ötrü Venesiya Komissiyasına müraciət etməyi qərara alıb.

Venesiya Komissiyasının düzəlişlərin beynəlxalq normalara uyğunluğunu məhz nə zaman qiymətləndirəcəyi məlum deyil.

Amma AŞPA-dan “Turan” İnformasiya Agentliyinə verilən məlumata görə, Strasburqda bu məsələ üzrə vəziyyətin qiymətləndirilməsi məqsədi ilə əsas siyasi qrupların nümayəndələrinin və məruzəçilərin iştirakı ilə komissiya yaradılacaq.

Buna da bax: «Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir»

Azərbaycan hakimiyyəti səbəb izah etmədən, düzəlişlər layihəsini Venesiya Komissiyasına göndərməyib. Amma referendumu müşahidə etməkdən ötrü AŞPA missiyasını dəvət edib.

Yerli və beynəlxalq demokratik ictimaiyyət konstitusiya layihəsini mürtəce və ölkədə neomonarxiya rejimi formalaşdıran düzəlişlər kimi qiymətləndirib.

Bundan başqa, layihənin ictimai debatlar keçirilmədən təqdim edildiyi və təklif olunan dəyişikliklərin ölkə Konstitusiyasının özünə zidd olduğu bildirilir.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Hakimiyyət rəsmiləri isə bu fikirlərlə razılaşmırlar. Onlar deyillər ki, konstitusiyaya dəyişikliklər cəmiyyətin maraqlarına və ölkənin təhlükəsizliyinə xidmət edir.

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.