Nardarandakı dini icma qeydə alınıb

Nardaran

Nardaran qəsəbəsində fəaliyyət göstərən “Rəhimə Xanım” dini icması dövlət qeydiyyatına alınıb. Qeydiyyat şəhadətnaməsi sentyabrın 6-da qəsəbədə keçirilən tədbirdə icma rəhbərinə təqdim olunub.

Bu haqda APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xəbər verib.

O, qeyd edib ki, “Rəhimə Xanım” məscid-ziyarətgahında qeydə alınan eyni adlı dini icma qəsəbədəki digər məscidlərin də idarəetməsini həyata keçirəcək. İcmaya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəsəbəyə təyin etdiyi qazi Musa Qasımov rəhbərlik edəcək.

Komitə sədri həmçinin Nardaranda mədrəsə tikiləcəyini də bildirib.

Buna da bax:​ Nardaran dini icmasının sənədlərinə baxılır

Avqustun əvvəlində Nardarandakı “Rəhimə xanım Ziyarətgahı” dini icmasının fəaliyyətini dayandırdığı açıqlanmışdı.

Bu haqda “Respublika” qəzeti xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, icmanın təsisçilərinin iclasında belə qərar qəbul edilib. Bununla da Nardaran qəsəbəsindəki “Rəhimə xanım Ziyarətgahı” dini icması ləğv edilmişdi.

Dini icma isə özünü buraxması ilə bağlı hər hansı məlumat yaymamışdı.

Buna da bax:​ Nardarandakı dini icma fəaliyyətini dayandırıb

Həmin dini icma 1993-cü ildən fəaliyyət göstərirdi. Özünü “Rəhimə xanım Ziyarətgahı»nın axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimov bu ilin mayında Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq inzibati həbs cəzası almışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq həbs-qətimkan tədbirinə dəyişdirilib. O, Nardaran hadisələri ilə bağlı təqsirli bilinərək, başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.

Buna da bax:​ Ruhani N.Rəhimovun istintaqı yekunlaşıb

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.