Soyuq cazibəli ingilis - Jude Law

Jude Law Alfie filmində

-

Soyuq cazibəli ingilis - Jude Law

Sarışın, mavi gözlü, intellektual, yaşı qırxı keçmiş, saçları artıq tökülməyə başlayan, ancaq kompleks keçirməyən, əksinə bunda karyerası üçün maraqlı perspektivlər görən britaniyalı aktyor Jude Law da uşaqlıqdan aktyor olmaq həvəsi ilə yaşayanlardandı.

Jude Law 1972-ci il dekabrın 29-da məktəb müəllimləri – Peter və Meggi Lawların ailəsində anadan olub. Jude adı ona “The Beatles” qrupunun “Hey, Jude” mahnısındakı qəhrəmanın şərəfinə verilib. Jude 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər. Ancaq Jude məktəbdə oxumaq yox, aktyor olmaq istəyirdi. Valideynləri də oğullarının bu seçimindən qətiyyən narazı deyildilər. Əksinə, onlar teatrı sevirdilər və Jude-nin lap balacalıqdan səhnəyə can atmasını alqışlayır, onu ruhlandırırdılar. Gələcək aktyor ilk rolunu altı yaşında uşaq tamaşasında oynamış, 12 yaşında isə artıq Milli Musiqili Gənclər Teatrının üzvü olmuşdu.

Buna da bax: "Kinonun sərtlik simvolu Gabin və onun sevgisi Marlene Dietrich"

1986-cı ilə Law yeniyetmələr üçün hazırlanan “Cib xərcliyi” telekomediyasında sketçlərin birində debütünü eləyir. 17 yaşında isə “Qlosterli dərzi” telefilmində mehtər rolunu oynayır. Elə həmin il də Dalviçdəki məktəbi atıb, Mançesterə yollanır. Onu, “Ailə” adlı serialda islaholunmaz yeniyetmə Neytan Tompson roluna dəvət eləmişdilər. Növbəti iki ildə isə gənc Jude artıq “Piqmalion” tamaşası ilə qastrollara gedirdi.

Jude Law Kann Film Festivanlında.

1992-ci ildə Law ilk dəfə kinoya dəvət alır, Britaniya Kinematoqrafiya İnstitutunun bir layihəsi çərçivəsində “The Crane” adlı qısametrajlı filmə çəkilir. Bundan sonra çəkildiyi filmlər uğursuz olduğuna görə Law özünü bütünlüklə teatra həsr eləmək qərarına gəlir. 1994-cü ildə “Pis valideynlər” tamaşasında səhnəyə çılpaq çıxır və Laurence Olivier mükafatını qazanır. Bir ildən sonra oynadığı “Qeyri-təvazökarlıq” tamaşası ilə Brodveyə yollanan Jude burda Ketlin Ternerlə tərəf müqabili olur. Tamaşa ABŞ-da böyük uğur qazanır, Law "İen Charotsiton" və "Tony" mükafatlarına nominant olur, Hollywooda dəvət alır. Beləcə, onun enişli-yoxuşlu Hollywood macərası başlayır. Aktyor bir-birinin ardınca “Səni sevirəm, səni sevmirəm” melodramında, “Meyl” dramında, Oskar Uayldın bioqrafik romanı əsasında ekranlaşdırılan “Uayld”, filmində çəkilir, Ethan HawkeUma Thurmanla “Qattaka” trillerində tərəf müqabili olur. Lakin bu filmlərin heç biri ona uğur gətirmir.

1997-ci ildə “Şopping” filmində tanış olduğu aktrisa Sadie Frost-la evlənə Law, elə həmin ilə həyat yoldaşı və bir neçə həmkarı ilə birlikdə “Natural Nylon” adlı kino şirkəti yaradır. 2004-cü ilə qədər fəaliyyət göstərən şirkət, əsasən, filmlərin pdodüserliyi ilə məşğul olur.

NƏHAYƏT, UĞUR...

1999-cu ildə ekranlara “İstedadlı mister Ripli” filmi çıxır. Aktyor burda tüfeyli həyat sürən varlı gəncin obrazını yaratmışdı. 40 milyon büdcə ilə çəkilən film prokatda istehsalçılarına iki dəfə artıq gəlir, aktyorlara isə dünya şöhrəti gətirir. Tənqidçilər Jude-nin oyununa heyran qalmışdılar. Bu roluna görə o, “ikinci planda ən yaxşı aktyor” nominasiyasında “Oskar” və “Qızıl qlobus” mükafatlarına namizəd olur. Növbəti illərdə Law bir-birinin ardınca altı filmdə işləyir. Filmlərin bəziləri uğurlu, bəziləri uğursuz alınsa da, Jude Law Hollywoodda sevilən aktyorlardan birinə çevrilir.

Jude Law "Qapıdakı düşmən" (2001) filmində rus əsgəri Zayçev rolunda.

Jude Law əsl ingilis centlmeni kimi hər zaman təmkinini qoruyur, şöhrət ardınca qaçmır, rolları böyük-kiçikliyinə, qonorarına görə seçmir. Təklif olunan layihədə onun üçün ən vacibi rejissordu: “Mən sinopsisləri oxumuram, mənim üçün xüsusi ssenari yazmalarını da istəmirəm. Hərçənd ssenaridən tam xəbərsiz olmaq da mümkün deyil. Düzünü desəm, mənim üçün ən vacibi rejissorla görüşməkdi. Əgər filmin rejissorunu tanımasam, kimin çəkdiyini dəqiq bilməsəm, ssenarini heç oxumuram. Məsələn, Steven Soderberg-in “Yan təsir” filmində belə olmuşdu. Mən dərhal çəkilməyə razılaşdım, xüsusən də, onun kinoda son işi olduğunu biləndən sonra. Ümumiyyətlə, o filmdə məni narahat eləyən bircə nüans vardı – Hiçkoksayağı triller olması. Mən hara, həkim, özü də psixoterapevt hara? Siz allah, düzünü deyin, doktor Jude Law-ın yanına kim gələr, kim ona güvənər?”

Buna da bax: "Hollywoodun "vəhşi" ləqəbli xaç atası - Marlon Brando"

Yaşı 40-ı təzəcə keçmiş Law indi özünü eyni vaxtda həm irəli, həm də geri getməyə qadir olan maşınla müqayisə eləyir: “Mən dəfələrlə çox pis qərarlar vermişəm! Onları qətiyyən təkrarlamaq istəməzdim. Əgər indi məni maşınla müqayisə eləsək, elə bir vəziyyətdəyəm ki, mövcud balans eyni uğurla həm irəli, həm də geri getməyə imkan verir. Yaxşı olardı ki, keçmişim məni irəli itələsin, ancaq bu zaman onun ağırlığı altında əzilmək, uçuruma yıxılmaq, ya da bataqlığa batmaq istəmirəm”.

QADINLAR

Jude Law paparassilərin sevimli hədəflərindən biridir. Hətta bir neçə il əvvəl Scotland-Yard Britaniyanın məşhur tabloidlərindən birinin Law-ın telefonlarını dinlədiyini müəyyənləşdirmiş, aktyor da həmin jurnala böyük təzminat davası açmış, məhkəmədə qalib gələrək jurnalı müflis etdirmişdi. Buna rəğmən, paparassilər ondan əl çəkmirlər. Məhz, onların sayəsində Law sevgililərini əlcək kimi dəyişən kişi statusu qazanıb. Az qala, salam verdiyi hər qadın Law-ın növbəti sevgilisi kimi təqdim olunur.

Ancaq hər şey göründüyü, daha doğrusu, göstərildiyi kimi deyil. Law-ın 44 illik həyatında vur-tut dörd-beş qadınla münasibəti olub. Öz dediyinə görə! Münasibətin ciddilik dərəcəsini nəzərə alsaq, bu rəqəmi ikiyə də endirmək mümkündü.

Jude Law və gələcək arvadı Sadie Frost "Shopping" filmində.

Jude Law ilk (və yeganə) həyat yoldaşı, aktrisa Sadie Frostla ilk çəkildiyi filmin çəkiliş meydançasında tanış olmuşdu. Tamaşaçılar Sadie-ni Bram Stokerin “Drakula” filmdəki Lyusi Vestern rolu ilə tanıyırlar. Law ilə Frost tanış olanda aktrisa evli və uşaqlı idi. Ancaq Jude-la biri-birilərinə elə vurulmuşdular ki, Sadie boşanıb ona ərə getməyə razılı verir. Cütlüyün toyu Temzada üzən bərədə baş tutur. Aktyor, sevgilisinin şətəfinə əlinə “Seksi Sadie” döyməsi vurdurur. Sadie və Jude-nin Rafferti adlı oğlu, Ayris adlı qızı doğulur. Law özünü tamamilə məişət qayğılarına və uşaqlarının tərbiyəsinə həsr eləyir. Münasibətlərindəki romantikanı qorumaq məqsədilə cütlük, məzuniyyətlərini ekzotik adalarda keçirir, tez-tez romantik görüşlər təşkil edirlər. Ancaq onların münasibəti tezliklə korlanmağa, romantika yox olmağa başlayır. Sadienin xasiyyətini dəyişən üçüncü hamiləliyi, Law-ın ona daha az diqqət ayırması aralarındakı anlaşılmazlığı, soyuqluğu gücləndirir. Jude artıq sevgilsini tanımırdı – mehriban Sadienin yerinə indi o, hər gün əsəbi, hər şeydən inciyən bir qadınla ünsiyyətdə olurdu. Elə həmin vaxt aktyora “Soyuq dağ” filmində rol təklif olunur və o, çəkilişlər üçün Rumıniyaya gedir. Tezliklə onların ikinci oğlu dünyaya gəlir, ancaq körpə onların nigahını xilas edə bilmir. Sadie ağır depressiya keçirir, həmin vaxt Law-ın, “Soyuq dağ” filmində tərəf müqabili olduğu Nicole Kidmanla sevgi münasibətləri haqqında çıxan xəbərlər isə onun vəziyyətini daha da ağırlaşdırır.

Buna da bax: "Amerikalıların "müqəddəs Ingrid" adlandırdığı isveçli Hollywood əfsanəsi"

Jude Law və Nicole Kidman "Soyuq dağ" filimdə birlikdə oynayıblar.

Balaca qızları Ayrisin nəzarətsiz qalıb ekstazi həbləri içərək zəhərlənməsi isə bu münasibətə son nöqtəni qoyur. Boşanma zamanı Jude Law arvadına 18 milyon dollar və London kənarındakı evi verir.

Aktyorun ikinci böyük məhəbbəti amerikalı aktrisa Sienna Miller olur. Sadie kimi onunla da münasibətləri çəkiliş meydançasında – (“Alfi”) başlamışdı. Sienna və Law cütlüyü Hollywoodun ən nümunəvi aşiqlərindən sayılır, hər kəs onların evlənəcəyi günü gözləyirdi, amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır... Sienna sevgilisinin, uşaqlarının dayəsi ilə yatdığını öyrənir və cütlük ayrılır. Aktyor əvvəlcə bu kiçik macərasını inkar eləsə də, sonradan keçmiş arvadı, uşaqları da daxil olmaqla hər kəsdən üzr istəyir.

Ancaq bir müddət sonra başqa bir qadından- model və aktrisadan qızı olduğu xəbəri yayılır. Üstəlik Law dördüncü dəfə ata olduğu barədə xəbəri qadından yox, jurnallardan öyrənir. Aktrisa uşağı birinci atasına deyil, fotoqraflara göstərir, daha doğrusu, körpənin fotosunuonlara satır.

Bütün bu qalmaqallar səngiyəndən sonra – 2009-cu ildə Sienna Miller və Jude Law yenidən görüşməyə başlasalar da, bu dəfə münasibətləri qısaömürlü olur və onlar tezliklə ayrılırlar.