Fethullah Gülen: 'Peşman deyiləm'

Fethullah Gülen

ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülen nə vaxtsa mediaya çox nadir hallarda müsahibə verərdi. Amma Türkiyə hakimiyyəti onu 15 iyul çevriliş cəhdində suçlayandan o da adını təmizə çıxarmağa çalışır. Gülen «Politico» saytının suallarını yazılı cavablandırıb.

«AYRICALIQDAN ÇƏKİNİBLƏR»

Onun «Hizmet» hərəkatının qaranlıq tərəfləri, sonucda hakimiyyətə gəlməyi hədəfləməsi barədə Gülen deyib ki, indiyədək moizələrini qanun və etika çərçivəsində aparıb.

«Ardıcıllarımdan kimsə qanunsuz, yaxud etikasız davranırsa, rəhbərlərinin qanuni əmrlərinə tabe olmursa, bu, mənim öyrətdiklərimə xəyanətdir, belə halların araşdırılmasını dəstəkləyirəm».

Buna da bax-Fethullah Gulen kimdir?

«Ayrıseçkilik yoxsa, hökumət institutları cəmiyyətin rənglərini əks etdirir. Bilirik ki, Türkiyə hökumət idarələrində müxtəlif siyasi və dini yönümlü insanlar var, məsələn, neomillətçilər, maoçular, kemalçılar, ələvilər, solçular, sufiliyə rəğbət bəsləyənlər və digərləri. On illər boyunca bu qrupların heç biri - kemalçılardan savayı - mənsubiyyət ortalığa qoymayıb, siyasi ayrıcalıqdan çəkiniblər. İndi isə Atatürk-ə sadiqliyi Erdoğan-a sadiqlik əvəzləyir və qəbulolunan ölçüyə çevrilib», - Gülen deyir.

«SƏFEHLİK UZUN SÜRMƏZ»

İlahiyyatçı vurğulayır ki, heç vaxt Türkiyədə rejim dəyişikliyini təbliğ etməyib. Əksinə, hələ 22 il əvvəl, 1994-cü ildə deyib ki, Türkiyədə və dünyanın istənilən bir guşəsində demokratiyadan dönüş olmayacaq.

Bəs Gülen hərəkatının gələcəyini necə görür? Deyir ki, Erdoğan bütün qurumları «hizmetçi»lərdən təmizləməyi qarşısına məqsəd qoyub. Gülen bunu Türkiyə konstitusiyasına və ölkənin üzv olduğu beynəlxalq sazişlərə zidd sayır.

«Dostlarımız dinc etirazlar və məhkəmələr vasitəsilə bu hüquqlarını müdafiə ediblər. Amma indi vəkil ofislərinə də basqın edilir, vəkillər də saxlanır. İnsanların məhkəmələrdə müdafiə hüququ onlardan alınır. Erdoğan hökuməti bu adamları zorakılığa sövq etməkdən ötrü əlindən gələni edir. Amma indiyədək onlar təmkin göstəriblər və inanıram ki, belə də qalacaqlar. «Hizmet»in bəzi üzvləri ölkədən çıxıb kənarda investisiya imkanları axtarırlar. Bu, Türkiyədən ötrü kədərli itkidir, amma bəzi adamların yeganə seçimidir. Yüz milyonlarla dollar dəyərində özəl əmlak müsadirə olunub. Ümid və dua edirəm ki, bu səfehlik uzun sürməsin».

«HEÇ VAXT YAXIN OLMAMIŞIQ»

Bəs ABŞ hökuməti Gülen-in Türkiyəyə ekstradisiyasına qərar verərsə, özü bununla razılaşarmı? Gülen deyir ki, ABŞ hökuməti tarixən hüququn aliliyinə və azadlıqlara sayqı göstərib və bu ənənədən prezident Erdoğan-a görə əl çəkəcəyinə inanmır: «Siyasi səbəblərdən ekstradisiyaya qərar verilərsə, özüm də demişəm, məni ölkədən çıxarmağa ehtiyac yoxdur, bilet alıb dərhal özüm yola düşəcəyəm».

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

«Özümə görə deyil, prezident Erdoğan-ın Türkiyənin ABŞ və NATO ilə münasibətlərinə təhlükə yaradan təkidindən narahatam. Bu münasibətlərə ziyan dəysə, məncə, Türkiyə demokratiyası bundan heç cür faydalanmayacaq».

Vaxtilə Erdoğan-la müttəfiq olmasına gəlincə, Gülen deyir ki, əslində onlar heç vaxt yaxın olmayıblar.

«İMTİNA ETDİK»

«Onunla 2-3 dəfə, seçkidən öncə görüşmüşəm. Partiyası seçkiyə gedəndə mən də oradaydım, səs verə bilməsəm də, «hizmetçilər» onun partiyasını dəstəkləyiblər. Bu dəstəyin səbəbi çox mürəkkəbdir. 2002-ci ildə seçkiyə gedəndə AKP Türkiyəni AB üzvlüyünə doğru aparacağını, demokratik islahatlar həyata keçirəcəyini deyirdi. Bu vədlərə görə onları dəstəklədik. 2011-ci ildə demokratik konstitusiya vəd etdilər. Amma seçkidən sonra öncə həyata keçirdikləri istənilən demokratik islahatın əksinə getdilər».

Gülen deyir ki, Erdoğan ona və «Hizmet» ardıcıllarına prezident sistemi ideyasını dəstəkləməkdən ötrü təzyiq göstərib. «Hizmet»ə alternativ qurumları maliyyələşdirməklə bu təzyiq gücləndirilib, sonra isə onları qapatmaqla hədələyib. «Tələbinə əməl edib ona sadiqlik göstərsəydik, indi hökumətdən imtiyazlar almışdıq. Amma imtina etdik və 3 ildir onların qəzəbinə tuş gəlmişik».

«Buna «müstəqilliyin bədəli» də demək olar. Ağır bədəldir, amma peşman deyiləm, məncə, dostlarımdan heç biri peşman deyil. Bircə ona kədərlənirəm ki, ölkəm əziyyət çəkir, çünki heç kəs onun hüdudsuz ambisiyalarının qarşısını kəsə bilmir».