Bakıda ABŞ səfirliyinin dəstəyilə film festivalı keçirilir

Bakıda keçirilən "Gənclərin film festivalı".

-

Sentyabrın 7-də Park Cinemada “Azərbaycan Gənclərinin Film Festivalı-2016” (Azerbaijan Youth Film Festival) başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin maddi və təşkilatı dəstəyi ilə keçirilən bu festival, 2012-ci ildə Sülh Korpusu xətti ilə Zaqatala məktəblərindən birində ingilis dilindən dərs deyən Michael Raybourne tərəfindən təsis edilib.

Bir neçə ay davam edən festival çərçivəsində təşkilatçılar Azərbaycanın rayonlarını gəzir, kino ilə maraqlanan yeniyetmələrə və gənclərlə terninqlər keçirir, onlara film çəkməyin əlifbasını öyrədirlər. Festivalın son günündə isə təlimlərdə iştirak edən gənclərin filmləri nümayiş olunur, peşəkar münsiflər heyəti üç nominasiyada – qısa sənədli, qısa bədii film və musiqili video – və üç yer olmaqla qalibləri müəyyənləşdirirlər.

Buna da bax: "Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın"

Bu ilki festivalda da təşkilatçılar ənənəyə sadiq qalmışdılar. Şəki, Balakən, Zaqatala, Mingəçevir, Bərdə, Ağcabədi və Bakıda 13-22 yaş arası yeniyetmələr və gənclər üçün keçirilən təlimlərdən sonrasentyabrın 7-də baş tutan nümayişdə tamaşaçılara 90-a yaxın qısametrajlı sənədli və bədii filmlər, musiqili videolar təqdim olundu.

Əksəriyyəti smart telefonlar, fotoaparatlarla çəkilmiş, 13-22 yaş arası gənclərin beyninin məhsulu olan bu filmlər texniki keyfiyyət baxımından xeyli zəif olsalar da, az qala, hamısı humanist ideyaları təbliğ eləyirdi. Müəlliflər homofobiya, narkomaniya, fərqli insanların cəmiyyətdən təcrid olunması kimi mövzulara toxunmuşdular. Kimisi ideyasını tam şəkildə çatdırmağı bacarmışdı, kimisi qismən. Amma filmlərin hamısında müəlliflərin üslub, kreativ özünüifadə axtarışları hiss olunurdu.

Azərbaycan gənclər festivalının tanıtım videosu.

Elə festivalın beynəlxalq tərkibli münsiflər heyəti də qalibləri seçərkən müsabiqə bölməsində iştirak edən filmlərin texniki keyfiyyətini yox, ideyaların humanistliyini və müəlliflərin yaradıcı fantaziyasını nəzərə almışdı.

Azərbaycan Gənclərinin Film Festivalı- 2016-da “ən yaxşı qısametrajlı film” nominasiyasında birinci yerə “Seçim” filmi ilə Orxan Adıgözəlov, ikinci yerə “Pillə-pillə düşüncələr” filmi ilə Cahandar Cəlilzadə, üçüncü yerə isə “Xoşbəxtliyin şəkli” filmi ilə Ayla Qasımzadə layiq görüldü.

Buna da bax: "Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır"

Ən yaxşı sənədli film nominasiyasında Rüfət Quliyev birinci yeri (“Bir dəqiqə, yoxsa bir ömür), Elşən Abbasov ikinci yeri (“Arxa tərəf”), Nəriman Süleymanov isə üçüncü yeri (“Kədərli xoşbəxtlik”) tutdu.

“Ən yaxşı musiqili video” nominasiyasında Nihad Qulamzadə (“Milli rəqs gecəsi”), Ruslan Buqayev (“Çılğın yay tətili”) və Əli Səfərli (“50 oyun”) bölüşdürdülər.

Festivalın “Rule braker” (“Qaydaları pozan”) və “Rising star” (“Parlayan ulduz”) adlı yaradıcı sertifikatları “Yanlış mühakimə” və “Dünya bizim evimizdir” (Yasin Rəcəbov) filmlərinin müəlliflərinə verildi.

"Azerbaijan Youth Film Festival"ının mükafatlandırma mərasimi. 2016.

Mükafatlandırma mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri, həm də münsiflər heyətinin üzvü Emi Peterson Michale Raybourne və komandasını Azərbaycan gənclərini bir araya toplaması münasibətilə təbrik edərək “bu festivalın əsas məqsədlərindən biri iştirakçıların özlərində film çəkmək bacarığını inkişaf etdirərək, izlədikləri filmlərdən nəsə öyrənərək gələcəkdə daha uğurlu olmalarına nail olmaqdır. Münsiflər heyətinin üzvü kimi söyləməliyəm ki, filmlər tamamilə bir-birindən fərqli, maraqlı, möhtəşəm ideyaları özündə birləşdirirdi. Eyni zamanda bu filmlərin hər birində müəlliflər öz ətraflarına, cəmiyyətə bir mesaj ötürürdülər” deyir.

“Ən yaxşı qısametrajlı bədii film” nominasiyasında birinci yerin qalibi Orxan Adıgözəlov ilk dəfədir ki, beynəlxalq kinofestivalda iştirak edir. Elə “Seçim” də ilk onun filmidir və cəmiyyətdə homofobiya problemindən bəhs eləyir. Orxan deyir ki, çoxdan bu mövzuda film çəkmək istəyirmiş, festival haqqında eşidəndə isə arzusunu həyata keçirmək üçün yaranmış real fürsəti əldən buraxmaq istəməyib:

Orxan Adıgözəlin fetivalda qısa film nominasiyasında qalib gələn "Seçim" filmi.

“Əslində mövzu seçməyə o qədər vaxtımız yox idi. Amma şablon mövzulardan da uzaq olmaq istəyirdik. Mənim homofobiya mövzusunda yarım saatlıq film çəkmək arzum vardı. Gənclərin Film Festivalını arzumu həyata keçirmək üçün fürsət bildim. Filmi, təxminən, bir həftəyə çəkmişik. Rejissuranı baxdığım filmlərdən və oxuduğum kitablardan öyrənmişəm. Azərbaycanda rejissor olmaq çətindi, ona görə də bu işlə hələlik hobbi kimi məşğul olmaq istəyirəm. Amma nə vaxtsa ətrafımdakılar və özüm hiss eləsəm ki, yaxşı rejissor ola bilərəm, onda ciddi məşğul olacam”.

Festivalın digər bir iştirakçısı, cəmiyyətdən təcrid olunmuş insanın psixologiyasından bəhs eləyən “Nifrət və xilas” filminin rejissoru Tahir Qasımov isə İqtisad Univeristetinin tələbəsidir, amma öz dediyinə görə uşaqlıqdan film çəkmək arzusu ilə yaşayıb, hətta bir neçə işi də var. Tahir festivala təqdim elədiyi filmi də “iphone 6s plus” telefonu ilə çəkdiyini deyir.

"Azerbaijan Youth Film Festival" ın iştirakçılarından biri.

“ “Nifrət və xilas”, kiminsə izləyə biləcəyi birinci filmimdi. Festival haqqında bir dostumdan eşitdim, Zaqatalada olanda onların təlimlərində iştirak elədim, Mike-la, iştirakçılarla tanış oldum və qatılmaq qərarına gəldim. Filmi “iphone 6s plus”la çəkmişəm. Keyfiyyət baxımından kifayət qədər yaxşı telefondu. Rejissorlar onunla sınaq məqsədli filmlər çəkiblər və çox keyfiyyətli nəticələr alınıb. Hətta bu telefon olanda kamaraya ehtiyac yoxdu”- deyən Tahir festivala mükafat almaqdan daha çox film izləyərək öyrənmək üçün qatıldıqlarını söyləyir.

Məlumat üçün deyək ki, hazırda Azərbaycanda davamlı keçirilən, ənənəyə çevrilə biləcək beynəlxalq kinofestival yoxdu. Vaxtilə olanlar isə maliyyə çətinliyi ucbatından fəaliyyətlərini dayandırmağa məcbur olublar.