Ermənistanın müdafiə naziri Seyran Ohanian-ın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin olunacağı gözlənilir. Bu barədə bazar günü Rusiyanın «Interfax» agentliyi Ermənistan hökumətindəki mənbəyə istinadla xəbər yayıb.
«Tezliklə Ohanian müdafiə naziri vəzifəsindən azad olunacaq və KTMT rəhbəri postunu tutacaq», - mənbə bildirib.
Bu yaxınlarda prezident Serzh Sarkisian respublika rəhbərliyində genişmiqyaslı dəyişikliklərin gözlənildiyini bildirmişdi. Daha öncə isə KTMT rəhbəri Nikolai Bordyuzha demişdi ki, yeni baş katibin adı oktyabrın 14-də Yerevanda bilinəcək və o, Ermənistan təmsilçisi olacaq. Həmin tarixdə KTMT-nin kollektiv təhlükəsizlik şurasının iclası keçiriləcək.
Əslində, Ermənistan təmsilçisi bu postu bir il öncə tutmalıydı. Amma o zaman Bordyuzha-nın vəzifədə qalma müddəti bir il uzadıldı.
Qurumun nizamnaməsinə görə, bütün üzvləri yeni baş katibin təyinatını təsdiqləməlidir.