Azərbaycan müəlliminə niyə belə az maaş verir? (Fotoqalereya)

Keçmiş sovet ölkələrində müəllim maaşı nə qədərdir? (DİQQƏT: Fotoqalereyadakı məlumatlar 2015-ci ilin dekabrına aiddir)

ATƏT-in müxtəlif ölkələrdə müəllim maaşları hesabatına görə, Lüksemburq müəllimi, dollara çevirəndə, hətta ildə 150 min dollara kimi maaş ala bilər. Əgər stajı və s. şərtlərə uyğun gəlsə.

Bu, digər ölkələrdəki ən yuxarı müəllim maaşından iki dəfə yuxarıdır. İrlandiyada və Koreyada müəllim maaşı üçün bu zirvə ilə 60-70 min dollardır.

Bu ölkələrdə ən aşağı müəllim maaşı neçədir? Koreyada yenicə işə başlayan, heç bir təcrübəsi olmayan müəllim ildə 22 min dollar maaşdan başlayır.

Statistikalar və hesabalmalar müəyyən qədər fərqlənə bilər, ancaq mənzərə eynidir: "Azərbaycan müəllimi Koreya, Amerika, Finlyandiya müəllimindən 10 dəfə, Tunis müəllimindən 7 dəfə Türkiyə müəllimindən 5 dəfə az maaş alır." Bunu təhsil eksperti Etibar Əliyev BMT-nin müəllim maaşları üzrə statistikası əsasında deyir.

Keçən il müsavat.com və modern.az Azərbaycan müəliminin maaşını digər ölkələrlə müqayisə etmişdi: Müəllimlər müxtəlif ölkələrdə ildə nə qədər maaş alır?

  • Azərbaycanda – stajdan asılı olaraq 3000-3700 dollar;
  • Belçikada – stajdan asılı olaraq 30- 50 min avro;
  • Fransada – stajdan asılı olaraq 18-58 min avro;
  • Almaniyada – stajdan asılı olaraq 35-58 min avro;
  • Türkiyədə – 12-18 min avro;
  • Slovakiyada – 7-13 min avro;
  • Rusiyada – 7-25 min dollar;
  • Ermənistanda – 2500 dollar;
  • Gürcüstanda – 2500 dollar.

Azərbaycanda müəllimlərin maaşı niyə azdır? Bu maaş ölkənin iqtisadi imkanlarına uyundurmu? Müəlimin maaşı nə qədər olmalıdır? Və bu pulu dövlət hardan tapmalıdır?

MAAŞ ADİ XƏRCLƏRİ ÖDƏMİR

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir:

“Azərbaycanın iqtisadi inkişafına görə müəllimlərə ödənilən əmək haqqı region dövlətlərindən və ümumdünya təcrübəsindən kifayət qədər aşağıdadır. Əlbəttə ki, sovetlər dövründə müəllimlərə təkcə əmək haqqı yox, digər sosial imtiyazların da verildiyini görmüşdük. Mən belə hesab edirəm ki, dövlət bu təcrübədən istifadə etməlidir. Bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Normal ödənməsi üçün minimum 1000-1500 manat arası vəsait tələb olunur. Doğrudur bütün təhsil müəssiələri dövlət büdcəsi hesabına maliyyələşirlər. Dövlət büdcəsinin gəlirləri aşağı olanda bunu artırmaq mümkün deyil.

Amma dövlət müəllimlərin xərc yüklərini azalda bilər. Bunun üçün dünya təcrübəsindən və bizim yaxın keçmişdə yaşadığımız təcrübədən istifadə edə bilər. Müəllimlərin enerji daşıyıcılarına olan ehtiyaclarını qarşılamaq lazımdır. Yəni işıq pulu, su pulu, qaz pulu, kommunal xidmətlər azaldılmalıdır. Bundan başqa onların nəqliyyat xərclərini də müəllim kartı tətbiq etməklə ya yarıya endirmək, ya da ümumilikdə ləğv etmək olar. Ola bilsin ki, dövlətin gücü çatmır, onların əmək haqqlarını tələb olunan səviyyədə ödəsin. Bu təcrübədən istifadə etməklə dövlət bunu həyata keçirə bilər. Ən əsas və real variant bu ola bilər”.

Kamran Əsədov onu da deyir ki, eyni iş saatında işləyən müəllimlərlə müqayisədə digər dövlət orqanlarında əmək haqqı xeyli yüksəkdir. Müəllimlərin əmək haqqı ən azı onların əmək haqqı səviyyəsinə çatdırılmalıdır:

“Azərbaycanda müəllimin əmək haqqı normal deyil. Çünki eyni iş saatı, eyni iş qrafiki ilə işləyən təhsil müəssisələri ilə müqayisədə dövlət orqanlarında əmək haqqı xeyli yüksəkdir. ” (Ətraflı audioda...)

Sizin brauzer HTML5-i dəstəkləmir

Kamran Əsədov: "Müəllimin maaşını artıra bilmirlərsə. xərclərini azaltsınlar..."

“HÖKUMƏT DÜŞÜNMƏLİDİR Kİ, ONUN MÜƏLLİMİ BU İNFLYASİYA İLƏ AİLƏSİNİ DOLANDIRA BİLƏCƏK?”

Azad Müəllimlər Birliyinin sədri, Təhsil üzrə ekspert Məlahət Mürşüdlü də deyir ki, məktəblərdə neqativ halların artmasının əsas səbəblərindən biri məhz müəllimlərin əmək haqqının aşağı olmasıdır:

Məlahət Mürşüdlü

“Bu gün müəllimlərin stavkaya görə aldıqları aylıq əmək haqqı bazar qiymətlərinə uyğun gəlmir. Bu baxımdan da məktəblərdə neqativ hallar baş alıb gedir. Çünki dolanmaq imkanları məhdud olan, xüsusən də hər iki ailə başçısının müəllim olması 5 nəfərlik ailəni dolandırmaq üçün aldıqları məvacib yetərli deyil. Bu baxımdan da orta məktəblərimizdə neqativ halların qarşısı alınmaz hala çevrilib.

Bir ay bundan qabaq bir cədvəl yayıldı mediada. Nazirlər Kabineti müəllimlərin ştata görə tarifləşməsini vermişdi. Mən bunu əvvəlki illərlə müqayisə etdim. Burda o qədər də artım hiss olunmurdu. Bazarda, maarketlərdə qiymətlər günü-gündən artmaqdadır. Hökumət düşünməlidir ki onun müəllimi bu inflyasiya ilə hansı əmək haqqı ilə öz ailəsini dolandıra biləcək? Mən düşünürəm büdcəyə yenidən baxılmalıdır....” (Ətraflı audioda...)

Sizin brauzer HTML5-i dəstəkləmir

Məlahət Mürşüdlü: "Hökumət düşünməlidir ki ..."

“BU GÜN MÜƏLLİMİN ƏN AZI AYDA 1500 DOLLARADƏK MAAŞ ALMASI LAZIMDIR”

İqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, hazırda Azərbaycanda müəllimlərən aşağı əmək haqqı alan təbəqələrdən biri hesab olunur:

“Bu gün Azərbaycanda orta məktəb müəllimlərinin əmək haqqı ölkə üzrə orta əmək haqqı səviyyəsindən aşağıdır. Hazırda Azərbaycanda müəllimlərən aşağı əmək haqqı alan təbəqələrdən biri hesab olunur. Düzdür, ötən illər Təhsil Nazirliyi müəyyən qrup müəllimlərinin əmək haqqının artırılması ilə bağlı müəyyən addımlar atdı.

Azər Mehtiyev

Müəllimlərin attestasiyadan keçirilməsindən sonra. Onların əmək haqqının 50 faiz artırılması gündəmə gəldi. Bütövlükdə artım ölkə üzrə təqribən 30 faizdən bir qədər çox təşkil edirdi. Yəni söhbət kompensasiya xarakterli artımdan deyil, köklü əmək haqqı artımından gedir. Ancaq ümumiyyətlə Azərbaycanda müəllim təbəqəsinin sosial yaşayış səviyyəsi çox ağırdır.

Ancaq biz keyfiyyətli təhsildən danışırıqsa, müəllimin ciddi şəkildə öz işi ilə məşğul olub, kənar hər hansı gəlir mənbəyinə göz dikməməsindən danışırıqsa, ümumiyyətlə dünya təcrübəsində orta məktəb müəlliminə olan hökumət, dövlət qayğısından danışırıqsa, təbii ki bu müqayisə olunmayacaq dərəcədə az bir məbləğdir.

Bu gün müəllimlərin orta aylıq əmək haqqı 200-250 manat civarındadırsa, ən yaxşı əmək haqqı alan müəllimin əmək haqqı 400-450 manat civarındadırsa, bu zəruri olan məbləğin heç dörddə və ya beşdə bir hissəsi qədər deyil. Normal şərtlərdə bu gün müəllimin ən azı ayda 1500 dollaradək maaş alması lazımdır ki, bu özünün müəllimlik funksiyasını normal həyata keçirə bilsin. Özünü gündəlik olaraq tələbələrə, şagirdlərə həsr edə bilsin. Hətta bu məbləğin özü yetərli deyil....” (Ətraflı audioda...)

Sizin brauzer HTML5-i dəstəkləmir

Azər Mehtiyev: "ayda 1500 dollar..."