"Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir”.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. O, Azərbaycana benzin idxalının dayandırıldığını ifadə edib.
APA-nın xəbərinə görə, R.Abdullayev bildirib ki, neft emali zavodu təmirə bağlanan vaxt benzin çatışmazlığı problemi yaşanacağı təxmin edilib.
“SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyatlanıb, hökumətdən xahiş etdi və ölkəyə 30 min tona yaxın benzin gətirdi. Bu bizə zərərlə başa gəldi. Amma ölkədə benzinə olan tələbatı tam ödədik, əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu bizə bir neçə milyon manat ziyan vurub", R.Abdullayev bildirib.
Buna da bax: SOCAR-ı Türkiyədə hansı tale gözləyir?
Ötən ay Azərbaycanın Aİ-92 benzini almaq ehtiyacı yaranmışdı..
Rəsmi məlumatlara görə, Aİ-92 markalı benzinin idxalına zərurət H. Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri ilə əlaqədar yaranmışdı.
“Təmirə qədər zavodda istehsal edilən Aİ-92 daxili bazarı təmin edir və ehtiyat da yaranırdı”, - deyə SOCAR-ın məlumatında qeyd edilirdi.
Buna da bax: Neft Emalı Zavodu yenilənəcək
Buna görə də, Nazirlər Kabinetinin qərarına əsasən, avqustun 16-dan aviasiya benzini istisna, 1 ton benzinin aksiz vergisi 200 manatdan 1 manata endirilmişdi.
Nazirlər Kabineti həmçinin 92 oktanlı benzinin gömrük tarifini 15 faizdən 0 faizə endirmişdi.
Hər iki qərarın 60 gün qüvvədə olacağı bildirilirdi.
Artıq, H. Əliyev adına Neft Emalı Zavodunda aparılan təmir işlərinin başa çatdığı bildirilir.