Azərbaycan yazıçıları referendum haqda nə düşünür? [sorğu]

Azerbaijan -- A woman leaves a voting booth at a polling station in Baku, Azerbaijan, October 9, 2013

-

Sentyabr ayının 26-sı Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Bəs cəmiyyətin ictimai fəal üzvləri olan yazıçılar referendum haqda nə düşünür, onlar referendumda iştirak edəcəklərmi, bunun cəmiyyətə təsiri haqda nə düşünürlər? Oxu Zalı bu suallarla yazıçılara üz tutdu.

Çingiz Hüseynov:

"Ağa deyir "Sür dərəyə!" - millət sürəcək dərəyə. Belə bir şəraitdə - əminəm - "Prezident" sözü də gec-tez referendum vasitəsilə bizə doğma olan "Şah" sözü ilə əvəz olunacaq".

Zümrüd Yağmur:

"Səs verməyə gedib aldığım bülletenə “Rədd olsun monarxiya” yazıb qutuya atacam".

Fikrət Qoca:

"Heç etiraz etsəm də bir nəticəsi olmayacaq. Çünki artıq cəmiyyətin xeyri üçün belə bir addımın atılmasına qərar verilib".

Məmməd İsmayıl

"Hər dəfəki seçki karuselindən istifadə edib, demokratik dünyaya referendum baş tutduğunu və Azərbaycan toplumunun guya monarxiya istədiyi mesajını vermiş olacaqlar".

Emin Piri:

"Referendum sözündən və hansı qanunların seçimə çıxarılmasından hansısa narahatlıq duymaq lazım deyil. Müəyyən intervalla seçkilərin keçirilməsi cəmiyyətdə siyasi oyaqlıq yaradı".

Çingiz Hüseynov:

Çingiz Hüseynov

Müasir Azərbaycanımda referendumlar tamaşalı oyunlardır, çünki nəticəsi hamıya əvvəlcədən məlumdur, bəllidir (sözün kökü "bəli"dir)... Ağa deyir "Sür dərəyə!" - millət sürəcək dərəyə. Belə bir şəraitdə - əminəm - "Prezident" sözü də gec-tez referendum vasitəsilə bizə doğma olan "Şah" sözü ilə əvəz olunacaq, sülalə hazırdır, özü var, bir-iki - bizimki, üç-dörd - qapını ört, amma adı hələlik yoxdur, və şəxsən mən bu haqda müsabiqə elanını səbrsizləklə gözləyirəm ki,. referendum da elan olunsun, Və indidən "Hə!" deyirəm, yəni razıyam, olsun!

Buna da bax: 'Bаlаcа Неydəri prеzident sеçək' - Təklifə Ilham Əliyevin reaksiyası.

Məmməd İsmayıl:

Məmməd İsmayıl.

Bir mənalı şəkildə mənim bu referenduma münasibətim mənfidir. Ölkənin bir belə həllini gözləyən problemi olduğu bir vaxtda bu referendum nəyin nəsidir belə? Bu referendumun amacı nədir? Başı üstündə olan hər kəs onun bir sülalənin davamlı olması üçün demokratiya oyunu olaraq yapılacağını bilir. Referenduma qatılımın sıfır səviyyədə olacağını ölkəni sömürən iqtidar gücləri də yaxşı bilir. Amma hər dəfəki seçki karuselindən istifadə edib, demokratik dünyaya referendum baş tutduğunu və Azərbaycan toplumunun guya monarxiya istədiyi mesajını vermiş olacaqlar. Bunun tək adı var dünya konjutüründə Azərbaycan adının bir daha biabırçı notda hallanmasıdır!

Zümrüd Yağmur:

Zümrüd Yağmur.

Azərbaycanda ana yasanın dəyişdirilməsi, daha doğrusu, onun bir ailə və ya bir nəfərin arzusuna uyğun şəkilləndirilməsi artıq adət halını alıb. Təbii ki, bu anormal haldır, biz ana yasanın bu şəkildə istədikləri vaxt və arzu etdikləri kimi dəyişdirilməsini başqa ölkələrdə müşahidə etmirik. Belə dəyişikliklər olduqda bunun uzun və geniş müzakirələri keçirilir və cəmiyyətə bu dəyişikliklərin qaçınılmazlığı izah olunur. Azərbaycanda belə bir dəyişikliyi zəruri edən nədir? Parlamentə daha az yaşda birinin qatılması və prezidentliyə namizədlik yaşının aşağı salınmasını bu ölkədə qaçınılmza edən faktorlar nələrdir? Təbii, bu dəyişikliklərlə nələr etmək istədikləri bəllidir. Heydər Əliyev dünyasını dəyişəndə hakimiyyəti miras olaraq öz oğluna buraxdı. İndisə bu monarxiyanı ana yasa ilə rəsmiləşdirmək istəyirlər. Demək ki, bu dəyişikliyə Azərbaycan cəmiyyətinin deyil, hakimiyyətin ehtiyacı var və ölkə bundan heç bir yarar görməyəcək, əksinə, ziyan çəkəcək. Çünki müasir dünyada bir ölkənin rahat və normal yaşamasının hamıya bəlli olan modeli var. Bu da demokratiyadır, monarxiya deyil. Özünü müasir dünyagörüşə sahib hesab edən və bunu da cəmiyyətə sırımaq istəyən indiki iqtidar nümayəndələri ölkəni irəli deyil, geriyə sürükləyir. Bu, ən yumşaq şəkildə ifadə etsək, Azərbaycana düşmən mövqeyində dayanmaqdır. Doğrusu, belə bir dəyişikliklərlə bağlı referendum iddiaları gündəmə gətirildikdə, heç təəccübləmədim, çünki YAP iqtidarının 23 illik hakimiyyəti dönəmində bu ölkə üçün yararlı bir işin görüldüyünü müşahidə etmədim. Ölkənin mənafe və maraqları ancaq hakimiyytdə qalmağa qurban verilib və bütün görülən işlər də buna hesablanıb. Referendumda iştirakıma gəlincə…Əslində, buna iştirak da demək olmaz. Səs verməyə gedib aldığım bülletenə “Rədd olsun monarxiya” yazıb qutuya atacam. Məncə, bu da bir etiraz formasıdır və bu haqqımdan istifadə edəcəyəm.

Buna da bax: "Bu ölkə başdan-başa prezident aparatına tərif deyənlərinmi ölkəsidir?"

Fikrət Qoca:

Fikrət Qoca.

Bəzi adamlar var, hər şeyə etiraz etməyi özlərinə peşə biliblər. Görəsən bu adamlar əvvəl etiraz etdikləri şeylərin, sonradan yaxşı işlədiyini görəndə vicdan əzabı çəkir, utanırlarmı? Bilirsinizmi, nəyəsə etiraz etmək olar, ancaq gərək, qarşılığında nəsə də təklif edəsən. Dövlət sturkturu ilə məşğul olan insanlar var. Yəqin ki, onlar bunu fikirləşib, müzakirələr aparıb belə bir qərara gəliblər ki, referendum keçirilməsi vacibdir. Şəxsən mənim belə məsələlərə çox da anlayışım yoxdur. Bu işləri görən insanlar bu qərara gəlibsə, mən niyə etiraz etməliyəm axı? Heç etiraz etsəm də bir nəticəsi olmayacaq. Çünki artıq cəmiyyətin xeyri üçün belə bir addımın atılmasına qərar verilib.

Azad Qaradərəli:

Azad Qaradərəli.

Mən bu referendumda iştirak etməyəcəyəm. Yəni onu bir qələm adamı kimi boykot edirəm. Mən bu gün Azərbaycanın daha böyük mətləblərə ehtiyacının olduğu düşüncəsindəyəm. Azərbaycanda elmə, maarifə, kitaba böyük yatırımlar qoyulmasının qənaətindəyəm. Azərbaycanda demokratik dəyərlərə, Respublika prinsiplərinə sədaqətin vacibliyinin qənaətindəyəm. Bu referendum isə bizi geriyə - monorxiya prinsiplərinə çəkir. Ona görə də bu cür nəsnələr vəd edən referendumda iştirakı məqbul saymıram.

Buna da bax: "Əli və Nino" bunu təbliğ edib - "Biz respublikaçıyıq, monarxist deyilik"

Emin Piri:

Emin Piri

Referendum sözündən və hansı qanunların seçimə çıxarılmasından hansısa narahatlıq duymaq lazım deyil. Müəyyən intervalla seçkilərin keçirilməsi cəmiyyətdə siyasi oyaqlıq yaradır. Çox gümanki mən də iştirak edəcəyəm. Bəzilərinin lehinə, bəzi maddələrin isə əleyhinə səs verəcəyəm.