Neft Fondundan 100 milyonluq sərmayə

Şahmar Mövsümov

Neft Fondu (NF) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro sərmayə yatıracaq.

Fonddan verilən məlumata görə, Səhm İştirak Fondu AYİB-in Mərkəzi, Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri və Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak edir. Bununla maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.

NF-nin İcraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı deyib: «Bu bizim investisiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə bağlı strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin, regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcək. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir. Biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlir qazandıracaq».

2016-cı ilin 2-ci rübünün yekununa olan məlumata görə, Fondun aktivləri 35 milyard 117.9 milyon ABŞ dollarına bərabərdir.