Qafqaz müsəlmanlari idarəsi siyasi müxalifəti dindən alət kimi, şüar kimi istifadə etməkdən çəkinməyə çağırır: "dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik".
Nədən narahat olurlar? Gerçəkdən də belə sui-istifadə məqamları varmı? Həftəsonu keçirilən aksiyalarda da buna cəhdlər oldumu?
Dini icmalara və ya dini problemlərə ünvanlanan siyasi çağırışlar varsa, bu niyə təhlükəlidir?
“HAKİMİYYƏT DİNDARLARI SİYASİ PROSESLƏRƏ QOŞULMAQDAN ÇƏKİNDİRİR"
Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, dini kəsimin ictimai-siyasi proseslərə müdaxilə etməsi bir çox zümrələrdə narahatlıq yaradır:
“Bölgədə baş verən proseslərlə bağlı dini elektoratın fəallaşması hamını narahat edir. Liberal-demokratik müxalifətin mübarizə metodları bəllidir. Uzaqbaşı kütləvi etiraz aksiyaları keçiriləcək. Ancaq dini müxalifətin hansı addım atacağı və hansı tələblərlə çıxış edəcəyi, proseslərin hansı məcraya yönəlməsi birqədər problemli görünə bilər.
Bu baxımdan dini elektoratın, inanclı insanların siyasi proseslərə müdaxilə etməsi tamamilə yeni bir paradiqmaların yaranmasına gətirib çıxara bilər. Və hakimiyyət öz təsiri altında olan dindarları siyasi proseslərə qoşulmaqdan vaz keçirmək istəyir. Lakin bunu nəzarətdə saxlamaq mümkün olmayacaq. Düşünürəm ki, Azərbaycan siyasi elitası, hakimiyyəti və dövlətin özü dinin və siyasətin siyasi müstəvidə yerini müəyyənləşdirməlidir. Dini kəsim harda olacaq və proseslərə təsiri nə qədər olacaq? Bütün bunlar qadağalarla həyata keçirilmir...” (Ətraflı audioda..)
Sizin brauzer HTML5-i dəstəkləmir
“QMİ ZÜLMKARLIĞA QARŞI BİR DƏFƏ DƏ OLSUN SƏSİNİ ÇIXARMAYIB”
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə düşünür ki, həbs olunmuş inanclı insana azadlıq istənilməsi şüar deyil:
“Qafqaz Müsəlmanları İdarəsinin dini şüarlar səsləndirməsinə belə yanaşması, onu qayğılandırması yenilikdir. Ona görə yenilikdir ki, ölkədə o qədər zülmkarlıqla baş verən işlər var ki, Qafqaz Müsəlmanları idarəsi hələ bir dəfə də olsun dinin adından istifadə edib, səsini çıxarmayıb.
QMİ 1823-cü ildə yarananda hansı sima ilə yaranıbsa, indi də həmin rolunu həminki şəkildə oynayır. Heç bir dini şüar səsləndirilməyib. Səslənibsə, hansısa dindara azadlıq səslənib. “Allahu əkbər” hələ şüar deyil. Çağırış olmayıb. Mən mitinqdə iştirak etməsəm də görməmişəm. Dindarlara azadlıq istənilməsi nə vaxtdan şüar sayılıb? İnsandır, inanclı insandır, onun azad olunmasına çağırışlar var. Konstitusion quruluşun dəyişməsini, şəriət dövlətinin qurulmasını istəyiblərmi ki, QMİ belə narahatlıq keçirir?...”(Ətraflı audioda...)
Sizin brauzer HTML5-i dəstəkləmir
“ÖLKƏ RƏHBƏRLİYİ VƏ ŞEYX OLA BİLSİN Kİ, BƏZİ MƏLUMATLARA MALİKDİRLƏR.”
İslam Demokrat partiyasının sədri Tahir Abbaslı isə düşünür ki, bəzi xarici dairələr öz məqsədləri naminə yerli güclərdən istifadə etmək niyyətindədirlər:
“Dünyanın durumu və ölkəmizin regionda durumu hər bir müsəlmanın, islam dünyasınnın arzuları ilə qurulmayıb. Hər bir şəxs də ictmai-siyasi həyatda öz bəhrəsini götürmək istəyir. İstər mənəvi, istər maddi daha çox mənfəət götürmək istəyir.
Bu arada ölkəmizə qarşı ciddi düşmənlər var. Həm qonşu ölkələrdən, həm digər ölkələrdən siyasi maraqları olanlar var. Bu maraqlar dairəsində də müxtəlif ölkədaxili güclərdən istifadə etmək istəyirlər. Bu da bizim müxalifət qüvvəsidir ki, orda da bu hadisələrə iman, etiqad, əqidə yolu ilə deyil, öz fərdi maraqları, öz istəkləri ilə yanaşmaları var. Bu da ictimai-siyasi prosesdə bəzilərinə şərait yaradır ki, ölkədaxili hadisələrə ciddi təsir etsinlər. Öz iqtisadi,siyasi maraqlarını təmin etsinlər. Buna görə də bu durumda ölkə rəhbərliyi və şeyx ola bilsin ki bəzi məlumatlara malikdirlər...” (Ətraflı audioda...)
Sizin brauzer HTML5-i dəstəkləmir