«Bu gün səhər (sentyabrın 21-i) Binəqədi rayon 7-ci Polis Bölməsinə çağrılmışdım. 4 saata yaxın bölmədə oldum».
Bunu AzadlıqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli bildirib.
Onun deməsinə görə, əsas müzakirə mövzusu Milli Şuranın sentyabrın 11-i və 17-də keçirdiyi mitinqlər olub: «Mən belə başa düşdüm ki, ciddi narahatlıq var və bütün bu polisə dəvətlər həmin bu narahatlığın nəticəsidir».
R.Əhmədlinin bildirməsinə görə, dindarların aksiyaya qatılması yönündə ona suallar verilib . O da öz növbəsində deyib ki, buna hər bir vətəndaşın haqqı kimi baxır.
R.Əhmədli polis bölməsində hər hansı bir şəkildə təzyiqə məruz qalmadığını söyləyib.
Məsələyə Binəqədi rayon 7-ci Polis Bölməsindən münasibət almaq mümkün olmayıb.
Azadliq.info saytının xəbərinə görə, AXCP Binəqədi şöbəsinin fəalı Cəlil Məhərrəmov da polisə aparılıb. Onu Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsinin əməkdaşlarının saxladığı bildirilir. C.Məhərrəmov son mitinqlərdə fəallığı ilə seçilən gənclərdən olub.
Polisdən C.Məhərrəmovun da taleyinə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.
Hazırda rayonlardan da oxşar xəbərlər gəlməkdədir.