Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb. Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Xəbərə görə, görüşdə Azərbaycan və ATƏT arasında praktiki əməkdaşlığın inkişafı və bu qurumun gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Baş katib Lamberto Zannier ATƏT-in Azərbaycanla praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib.
E.Məmmədyarov da Azərbaycanın bunda maraqlı olduğunu söyləyib. O, bu xüsusda nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi kimi sahələrdə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin faydalı ola biləcəyini nəzərə çatdırıb.
Görüşdə Qarabağ münaqişəsinə də toxunulub.
E.Məmmədyarov deyib ki, Ermənistan yenə də danışıqlara xələl gətirməkdən ötrü təxribatlara əl atır: «Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır».
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Bu münaqişə ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
BMT Baş Məclisinin 71-ci sessiyası sentyabrın 13-də başlayıb. Sessiya sentyabrın 26-na kimi davam etməlidir.