Online alış dünyada niyə belə populyardır? Ona görə ki, dükandan 20 faiz ucuz başa gəlir, çünki bu mallar ƏDV-dən azaddır. Online alışda seçmək imkanı qat-qat genişdir, Sifariş bir həftəyə-10 günə poçtla gəlir. Bir sıra saytlar var ki, onların dükan kimi məntəqələri də var, alınan paltarı-ayaqqabını orda geyinib, baxmaq da olar. Yəni həm də alış əyanidir, qiyabi deyil.
Bəs onda Azəraycanda Internet alış-verişi niyə belə zəifdir? Çində məsələn, internetlə satış online fəallığın ən sürətlə artan sahəsidir. Çində bir ildə internetlə yarım trilyon dollardan çox mal satılır. Britaniyada bütün satışın 30 faizi online satılır. Rusiyalıların 13 faizi online alır.
İnternet satış sərhəd tanımır. Fransada online alınan malların 19 faizi Fransadan kənardakı saytlardandır.
Azərbaycanda online ticarətin statistikasına görə, bu ilin 8 ayında internet ticarəti keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb. Ancaq vur-tut 9,6 milyon manatlıq mal satılıb, bunun da 9,3 milyonu qeyri-ərzaq mallarıdır. Həcm niyə niyə belə azdır? Ərzaq niyə satılmır? Məsıələn, Çexiyada bütün ərzağı online almaq olar, özü də düz evə gətirirlər.
“SƏBƏBLƏRİ ÇOXDUR”
İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, Azərbaycanda elektron ticarətin həcminin az olmasının bir sıra səbəbləri var:
“Səbəbləri bir şəkildə sıralasaq, birinci əhalinin az bir qisminin bu xidmətdən istifadə etməsidir. Burda xüsusən məlumatsızlıq məsələsi əksini tapmaqdadır.
İkincisi alınan məhsulların gömrükdən keçirilməsi ilə bağlı problemlərdir ki, bu da marağı azaldır.
Üçüncüsü, bu məsələdə qanunvericiliyin yetərli qədər işlənməməsidir. Buna görə də geniş şəkildə bu əməliyyatların keçirilməsində şirkətlərin vasitəçi kimi xidmətlər göstərməsində az maraqlı olurlar...”(Ətraflı audioda...)
Sizin brauzer HTML5-i dəstəkləmir
"GÖRMƏSƏLƏR,TOXUNMASALAR..."
Daha bir iqtisadçı Rəşad Həsənov isə deyir ki, azərbaycanlılar daha çox görüb, toxunduğu malları bəyəndiyi üçün internet satış ənənəvi hal almayıb:
“İnternet satışı Azərbaycan üçün ənənəvi ticarət sahələrindən biri hesab edilmir. Amma son illərdə müəyyən portalların hazırlanması, eyni zamanda sosial şəbəkələrin bu istiqamətdə təşviqat imkanı yaratması internet satışlarının həcminə müəyyən qədər təsir göstərib. Təbii ki, artımız özü müsbət haldır. Amma bununla yanaşı həcm çox azdır.
Azərbaycanda alıcı daha çox görə bildiyi məhsulun istehlakçısı kimi qərar qəbul edə bilir. Bir çox hallarda satıcılar tərəfindən müəyyən formada aldadılmalar olduğu üçün azərbaycanlı istehlakçılar daha çox görə bildiyi, toxuna bildiyi məhsulların istehlakında daha çox maraqlı olur. Bu baxımdan bu sahədə cansızlıq hiss olunur. Digər bir məsələ kredit kartlarından istifadənin çox zəif olması imkanlarıdır...”(Ətraflı audioda..)
Sizin brauzer HTML5-i dəstəkləmir
“AZƏRBAYCANDA BUNUN CİDDİ POTENSİALI VAR”
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qanunvericilikdə və gömrükdə müəyyən düzəlişlər edilsə, bu sahə xeyli inkişaf edə bilər:
“Azərbaycanda internet satışının infrastrukturu hələ tam oturuşmayıb. Həm də son dövrlərdə gömrüklə bağlı da problemlər oldu. Gömrükdə tez-tez oyun qaydaları dəyişdi. Gətirilən malların sayının və dəyərinin tez-tez dəyişdirilməsi bu sahədə müəyyən marağın azaldılmasına səbəb oldu. Çünki əvvəllər internet üzərindən 1000 dollardan yuxarı mal gətizdirmək olurdu.
Sonradan bu 150 dollara endirildi. Sonradan yenidən artım oldu. Müəyyən qadağalar gəldi. Bu da marağın azaldılmasına səbəb oldu. Kifayət qədər böyük potensialı olan bu sahədə çox kiçik bir rəqəmlərin olduğunu görürük.
Məsələn, Türkiyədə onlayn alış-veriş ümumi ticarət dövriyyəsinin az qala 20 faizinə çatır. Azərbaycanda da bunun ciddi potensialı var. Sadəcə qanunvericilikdə və gömrükdə müəyyən düzəlişlər etmək lazımdır ki, bu sahədə irəliləyiş və inkişaf olsun...(Ətraflı audioda..)
Sizin brauzer HTML5-i dəstəkləmir