Ölkədə sənaye parklarının yaradılması, Konstitusiyaya dəyişikliklərə beynəlxalq reaksiya, qeyri-neft sektorunda geriləmə və ölkədə islahatların imitasiyası bu gün medianın aparıcı mövzusudur.
İNKİŞAFIN AZƏRBAYCAN MODELİ
«Azərbaycan» qəzetində «İnkişafın Azərbaycan modeli yeni mərhələdə uğurla reallaşır» sərlövhəli məqalədə ölkədə sənaye parklarının yaradılmasından bəhs edilir.
Müəllif yazır ki, ölkədə sənaye parklarının yaradılmasına, hələ, neftin qiymətinin baha olduğu dövrlərdə başlanıb: «Prezident İlham Əliyev «Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında» fərmanı imzalayanda, hələ, 2011-ci ilin dekabr ayı idi. Hansı ki, o dövrdə neftin qiymətləri də kifayət qədər yüksək idi».
Məqalədə vurğulanır ki, bundan 3-4 il sonra neftin qiymətinin kəskin düşəcəyini kimsə təsəvvür etməsə də, prezident artıq xeyli müddət idi ki, neftdən asılılığın minimuma endirilməsini iqtisadi inkişafda başlıca hədəflərdən biri olaraq müəyyənləşdirmişdi: «Bu gün qlobal miqyasda iqtisadi sferada baş verənlər, maliyyə böhranları, xüsusən neftin qiymətinin düşməsi prezident İlham Əliyevin illər öncəki iqtisadi təşəbbüslərinin dövrün çağırışlarına çevik cavab verdiyini, ən əsası ölkənin yeni mərhələdə inkişafına xidmət etdiyini təsdiqləyir».
Müəllifə görə, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, əhalinin sosial rifahının yüksəldilməsi, cəmiyyətin bütün istiqamətlər üzrə tərəqqisini sürətləndirməklə keyfiyyətcə yeni modeli formalaşdırmaq Azərbaycanın inkişaf strategiyasının hədəfləridir. Məqalədə qeyd edilir ki, bu hədəflər «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da əksini tapır.
HAKİMİYYƏTİN ÇIXILMAZLIQ LABİRİNTİ
Azadliq.info saytında dərc edilən «Hökumətin referendum təşvişi» sərlövhəli məqalədə isə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə beynəlxalq aləmin tənqidi reaksiyasından söz açılır.
Müəllif yazır ki, referendumun mürtəce dəyişikliyə xidmət edəcəyi, şəxsi maraqlar naminə keçirildiyi çoxlarında şübhə doğurmur.
Yazıda Venesiya Komissiyasının rəyinə də toxunulur: «Bu mənada Venesiya Komissiyasının rəyi böyük əhəmiyyət kəsb edir. Komissiya bildirir ki, təklif edilən düzəlişlərin bir çoxu prezidentə «görünməmiş» səlahiyyətlər verməklə hakimiyyətin qolları arasında balansı pozur. Komissiya ekspertləri hesab edirlər ki, dövlət başçısı 2009-cu ildən müddətsiz sayda seçilmək imkanı əldə edib. Onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının heç bir bəraəti yoxdur».
Yazıda vurğulanır ki, hökumət bu dəyişiklikləri əsaslandırmaq əvəzinə əks hücuma keçib. Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib ki, Konstitusiyaya edilən dəyişikliklər idarəetməni təkmilləşdirmək üçündür. Müəllif Ş.Əliyevin Venesiya Komissiyasının rəyini «siyasi sifariş» adlandırmasına da diqqət çəkir: «Özləri o qədər sifarişlə hüquqsuzluq zənciri yaradıblar ki, başqalarına da eyni ittihamları irəli sürürlər».
Müəllif deyir ki, hökumət Venesiya Komissiyasının əsas gətirdiyi arqumentlərin heç birinə cavab verə bilmir, ənənəvi hücum taktikasını davam etdirir.
QEYRİ-NEFT SEKTORUNDA TƏNƏZZÜL
«Exo» qəzetində «Azərbaycan qeyri-neft sektorunun inkişafına hədəflənib» sərlövhəli məqalə oxumaq olar.
Yazıda qeyd edilir ki, iqtisadi böhranın başlaması ilə Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını özünə hədəf seçdi. Amma müəllifin düşüncəsinə görə, hökumətin bu istiqamətdə atdığı bütün addımlar effekt vermir. Yazıda vurğulanır ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə də aydın görünür: «Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru qabaqlayıcı sürəti itirib. Milli iqtisadiyyatın inkişafında əyləcə dönüb. Onun tənəzzülü bütünlükdə iqtisadi tənəzzülə gətirib çıxarıb».
Ekspert Oqtay Haqverdiyev qəzetə deyib ki, istənilən sahəni inkişaf etdirməkdən ötrü sahibkarları maraqlandıracaq şərait yaradılmalıdır. Vergilər azaldılmalı, bürokratiya aradan qaldırılmalıdır: «Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru inkişaf etməyib. Manatın devalvasiyasından sonra isə çuxura düşüb. Manat dəyərdən düşəndə bu sahədəki iş adamlarının biznesi dağılmağa başladı».
Ekspert deyir ki, ən yaxşı halda pambıqçılıq inkişaf etsə, məhsul xammal kimi xaricə satılacaq. Amma bunun geyim olaraq son məhsula döndüyü halda ölkəyə nə qədər xeyir gətirəcəyi haqda düşünən yoxdur.
İqtisadçılardan Vüqar Bayramov isə deyir ki, Azərbaycanda qeyri neft sektorunun inkişafına neftin qiyməti düşəndən sonra başlanıb. Bu da onun fikrincə, artıq gec idi.
İSLAHAT NECƏ OLMALI
«Novoye Vremya» qəzetində isə «İslahatlar necə olacaq?» sərlövhəli məqalə diqqəti çəkir.
Müəllif yazıya dövlət başçısı İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovun ölkədə irimiqyaslı islahatlar olacağı barədə bəyanatını xatırlatmaqla başlayır. N.Əmirov bir müddət öncə ölkənin gələcək 10 ilini əhatə edən strateji iqtisadi sənədin hazırlandığını bildirmişdi.
Müəllif qeyd edir ki, hər ictimai dəyişiklik islahat adlana bilməz. Çünki islahat düşünülmüş və məqsədyönlü məsələdir. Burada son hədəflər aydın olmalıdır.
Müəllifə görə, hətta bu düşünülmüş şəkildə edilirsə belə, cəmiyyətin modernləşməsinə xidmət etməlidir: «Bu mənada bu gün Azərbaycanda belə islahat yoxdur».
Müəllifin gəldiyi nəticəyə görə, hakimiyyət cəmiyyətin modernləşməsi yolunda addım atmır.
Yazıda vurğulanır ki, islahatların uğur qazanması qanunun aliliyinə, vətəndaşların etimadına söykənməlidir. Bu isə görünmür. Müəllifin fikrincə, iqtisadi sahədə elə bir sistem mövcuddur ki, indi qanunla iş görməkdənsə, rüşvət vermək daha sərfəli görünür.
Yazıda qeyd edilir ki, kadrların düzgün seçilməsindən başlayaraq qanunun aliliyi təmin edilməlidir. Əks halda real islahat baş verməyəcək və ölkənin inkişafı ilə bağlı zaman itiriləcək.