Akif Çovdarovun işi - Zərərçəkmiş şəxs həbsxanada öldü

Sizin brauzer HTML5-i dəstəkləmir

Akif Çovdarov kimdir?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri – Azər Quliyev saxlandığı cəzaçəkmə müəssisəsində ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsi ölümün səbəblərini APA-ya şərh edib.

İdarədən bildiriblər ki, A.Quliyev xəstəlikdən vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

A.Quliyev «Azərtikinti ATF» MMC-nin direktoru olub. O, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

A.Çovdarovun işində 60-dan artıq zərərçəkənin adı keçir.

A.Çovdarovun özü ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.

A.Çovdarova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub.

Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.