26 sentyabr referendumunun dəyərləndirilməsi, leysan yağışların Bakıda yaratdığı problemlər, «kölgə iqtisadiyyatı»nın ziyanları bugünkü medianın aparıcı mövzusudur.
«ETİMAD REFERENDUMU»
«Azərbaycan» qəzeti «Etimad referendumu» sərlövhəli məqalədə sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun nəticələrini dəyərləndirir.
Müəllif düşünür ki, bu ümumxalq səsverməsi ilə Azərbaycan dövləti və xalqı demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyaya nümayiş etdirib: «Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən bu referendum bütün parametrləri ilə Azərbaycanın tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad siyasi hadisə kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru addımını ataraq Prezidentin və onun siyasi kursunun alternativsizliyini növbəti dəfə bəyan etdi».
Müəllifə görə, referendum ölkənin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilib, yekunları beynəlxalq siyasi dairələr tərəfindən müsbət dəyərləndirilib.
Yazıda qeyd olunur ki, xaricdən idarə olunan «5-ci kolon» faktları təhrif etməklə seçkilərin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərsə də, ifşa olunub.
«KÖLGƏ İQTİSADİYYAT»I İQTİSADİYYATDAN BÖYÜK
«Bizim Yol» qəzetində «Azərbaycanda «kölgə iqtisadiyyatı» 80 faizə yaxındır» sərlövhəli məqalə oxumaq olar.
Müəllif keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli ilə ölkə iqtisadiyyatındakı mövcud durumu araşdırır.
Ekspert bu düşüncədədir ki, bu il Neft Fondundan 3 milyard manat əvəzinə büdcəyə 1.5 milyard manat transfer edilir, bu da növbəti ilə büdcə problemi yaradır: «Neft Fondunun verməyəcəyi 1.5 milyardın vergilər hesabına qarşılanması mümkün deyil. Ümumilikdə isə, bu məsələyə çox pessimist baxıram, yaxın illərdə cari xərcləri vergi və rüsum hesabına ödəmək mümkün olmayacaq».
Ekspert hesab edir ki, neft gəlirləri olmadan da büdcəni formalaşdırmaq olar, bunun əsas şərti vergidən yayınmamaqdır, ilk növbədə isə «paket» məsələsini yığışdırmaq lazımdır: «Rəsmi olaraq 250 manat rəsmi maaş verilir, qalanı «paket» şəklində ödənilir, bu dövlət qurumlarında da , özəl qurumlarda da belədir. 2 milyondan artıq vətəndaşımız haradasa çalışır, ancaq vergi ödəmir. Bu o deməkdir ki, Azərbaycanda «kölgə iqtisadiyyatı» çox yüksəkdir».
N.Bəydəmirlinin fikrincə, «kölgə iqtisadiyyatı»nda olanlar isə, adətən, kiçik şirkətlər deyil, iri infrastruktur layihələrinə cəlb edilmiş böyük holdinqlərdir.Onun sözlərinə görə, layihələr var ki, 100 milyon manatlarla dəyəri var, amma cəmi 2-3 nəfərdən ibarət olan bir şirkət həyata keçirir: «Bunun başlıca səbəbi məmur sahibkarlığıdır. Yəni bu cür şirkətlərin arxasında böyük vəzifə sahibləri, əllərində dövlət resursları cəmləmiş şəxslər dururlar. Adətən vergidən yayınan daha çox belə şirkətlər olur».
Sizin brauzer HTML5-i dəstəkləmir
LEYSANA TƏSLİM OLAN YOL İNFRASTRUKTURU
«Novoye Vremya» qəzetində dərc olunan «Leysan yağışlar Bakını batırdı» sərlövhəli məqaləsində şəhərin dünənki leysan yağışlara təslim olmasını vurğulayır.
Müəllif deyir ki, Bakı sakinləri hava şəraitinin pisləşəcəyi barədə istənilən mənfi proqnozu həyəcanla qarşılayır. Yazıda deyilir ki, hava dəyişməsi istər vətəndaşlar, istər şəhərin özü üçün çoxsaylı problemlər gətirir: «Dünənki leysan yağışlar da istisna olmadı, yenə şəhərin bəzi rayonlarında işıqlar söndü, yolların çoxu suya qərq oldu, sərnişin nəqliyyatı dayandı».
Məqalə cəmiyyət qarısında bu sualları qaldırır: «Ölkənin rayon və şəhərlərinin həyat fəaliyyətini təmin etməli olan məmurlar nə ilə məşğuldurlar? Dünən ölkə paytaxtının həyat fəaliyyəti faktiki olaraq iflic hala düşdü, çox adam küçə və səkiləri su basdığından metrodan çıxa bilmirdilər».
Müəllif bir leysan yağışın yağması nəticəsində Bakı küçələrində yaranan durumun avtobusların iş qrafikini belə pozmağa qadir olduğunu vurğulayır.