Demokratik Qüvvələrin Milli Şurasının 26 sentyabr referendumu əleyhinə keçirdiyi iki mitinqdən əvvəl və sonra ümumilikdə 185 fəal saxlanılıb.
Bunu DQMŞ-a daxil olan AXCP-nin sədr müavini Gözəl Bayramlı deyib.
Onun bildirdiyinə görə, saxlanılanların 170 nəfəri AXCP üzvü olub.
G.Bayramlı deyib ki, hazırda mitinq iştirakçılarının polisə çağırılması hələ də davam edir.
G.Bayramlının sözlərinə görə, saxlanılanların 18 nəfərinə 5 sutkadan 30 sutkayadək inzibati həbs cəzası verilib. 3 nəfər cərimə edilib, 5 nəfərə isə məhkəmə qaydasında xəbərdarlıq olunub.
Hüquq-mühafizə orqanları mitinqlə bağlı saxlanılanlar, polisə çağırılanlar barədə hər hansı statistik bilgi yaymayıb.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Seçki qurumunun açıqladığı bilgilərdə görə, əhali referenduma çıxarılan bütün dəyişiklik təkliflərini dəstəkləyib.
Müxalif qüvvələrin birləşdiyi Milli Şura həmin dəyişikliklərin əleyhinə idi. Müxalif qurum referendumdan əvvəl dəyişikliklərin əleyhinə iki mitinq keçirmişdi.