Solçu dünyanın sonuncu böyük rejissoru haqda nə bilirik

Yunan rejissoru Theo Angelopoulos.

-

"Hazırda dünyanın kinoya həmişəkindən daha çox ehtiyacı var. Yaşadığımız bu çürüyən dünyaya qarşı kino bəlkə də ən axırıncı müqavimət vasitəsidi”

Theo Angelopoulos

Məşhur yunan rejissoru Angelopoulos ziyalı kimliyi ilə içində yaşadığı dünyanı hər saniyə anlamağa və ona anlam verməyə çalışırdı. Onun bu səyləri filmlərində də öz əksini tapmışdı. Baş verən siyasi hadisələr, onların nəticəsində ortaya çıxan siyasi atmosfer rejissorun həyata baxışlarına, ordan da filmlərinə dərindən təsir eləmişdi.

Rejissor 2000-ci illərdə çəkməyi planlaşdırdığı “Yüzillik” trilogiyasında tarixə baxışlarını kino dili ilə sərgiləmək istəyirdi, lakin ölüm imkan vermədi.

İstər dünyada baş verən önəmli hadisələr, istərsə də Yunanıstan tarixi Angelopoulosun filmlərində hər zaman vacib yer tutub. Dünya dəyişdikcə dahi rejissorun həyata, siyasətə və tarixə baxışları da dəyişib. “1936-cı ilin günləri” (1972), “Komediantlar” (1975), “Böyük Aleksandr” (Megaloxandros, 1980) filmlərindən ibarət olan “Tarix” trilogiyasında Angelopoulos Brextin üslubunda Yunanıstan tarixindən bəhs edir.Filmlərində heç vaxt şüarçılığa yol verməyən rejissor bu trilogiyasında tamaşaçını tarixin bilinməyən yönləri haqqında düşünməyə sövq edir. “Komediantlar”, Angelopoulos kinematoqrafiyasında Brext nəzəriyyəsinin ən yaxşı nümunəsidi. Filmdə hadisələr Sovet İttifaqının dünya siyasətində vacib fiqur olduğu, əksər ölkələrdə sol hərəkatının siyasi səhnədə önəmli rol oynamağa başladığı, siravi insanların özlərini dünyanı və həyatı dəyişdirməyə qadir hiss etdikləri dövrdə cərəyan edir.

Lakin dövr dəyişir və bir-birinin ardınca gələn məğlubiyyətlər özüylə bir ümidsizlik də gətirir. 1967-ci ildə yenidən qurulan hərbi hökumət 1974-cü ilə qədər hakimiyyətdə qalır. Artıq heç kim Yunanıstanın xilas ola biləcəyinə inanmır. Bu ümidsizlik, çarəsizlik hissi Angelopoulosu daha individual, qaramat filmlər çəkməyə sövq edir. Rejissorun bu dövrdə və ondan sonra çəkdiyi filmlərdə məğlubiyyət duyğusu üstünlük təşkil edir. Bunu ən çox “Kiteraya səyahət” (1984) filmində görmək mümkündü.

Theo Angelopoulosun "Zamanın tozu" filmi rejissorun bədbinlik keçirdiyi dövrün məhsuludur.

Vətəndaş Müharibəsindən sonra Sovet İttifaqına qaçan Spiros uzun illərdən sonra evinə, yurduna qayıdır. Ancaq məlum olur ki, nə uğrunda mübarizə aparıb vuruşduğu evi, nə də ölkəsi onu gözləmirmiş. Əksinə, ondan sonra gələn gənc nəsil, Spirosun mübarizəsini mənasız hesab eləyir, hətta çəkdikləri əziyyətlərə görə Spirosu və onun nəslini günahlandırır. Spirosların dövrü bitib, artıq Yunanıstanda onlara yer yoxdu. “Səssizlik” trilogiyasının digər filmi olan “Dumanlı mənzərə” (1988) filmi isə artıq itirilmiş bir nəsil haqqındadı. Almaniyadakı atalarını tapmaq üçün yola çıxan iki uşaq təkcə atalarını yox, həm də keçmişlə bir bağ, ya da həyatlarına məna qatacaq bir iz axtarırlar.

90-cı illərdə artıq Sovet İttifaqı dağılmış, uğrunda mübarizə aparılan sosializm tarixə qarışmış, ardınca Balkanlarda, Orta Şərqdə uzun sürən müharibələr başlamışdı. I Dünya Müharibəsi ilə başlayan XX əsr yenə müharibələrlə sona çatmışdı. Vaxtilə insanlığın daha yaxşıya, daha gözələ bəslədiyi ümidin rəmzi olan Sovet İttifaqı heç əsrin sonunu belə görməmişdi. Angelopoulos şahidi olduğu bütün bu hadisələri və yaşadığı xəyal qırıqlığını bu sözlərlə təsvir edirdi: “Əsrin sonu yaxınlaşırdı və bu yüzillikdə yaşananları düşünməyə başlamışdım. XX əsr I Dünya Müharibəsində başlamışdı. Ədəbiyyat, rəsm və digər sənətlərdə modernizmin estetik inqilabı yaşanırdı. Və kinematoqrafiya vardı – bu, kinematoqrafiyanın əsri idi. Və əlbəttə, mənim əsrim oldu: uşaqlığımın, gəncliyimin, xəyallarımın, sevgilərimin, filmlərimin... əsri. Mən bütün bunlardan geriyə nə qaldığını görmək istədim. XX əsr elə bir əsr idi ki, bir nöqtəsində ümid dolu idi və tarixdə heç görmədiyimiz dəyişikliklər yaşanmışdı dünyada. Lakin yüzillik sona çatanda geriyə qalan acı bir dad oldu... XX əsr Sarayevoda müharibə ilə bitdi. Sosializm düşüncəsi getdi, hər yerdə irqçilik önə çıxdı, demokratiya adı altında yeni müharibələr başladıldı” (“Yeni Film” jurnalı №8).

Theo Angelopoulosun "Ulissin baxışı" filminin posteri.

XX əsrə dair bütün umidlər “Ulissin baxışı” (1995) filmində Dunay çayında üzən bir gəminin göyərtəsində çay boyu sürüklənən Lenin heykəli ilə birlikdə axıb getmişdi. Özündən sonra xarabalıqlar, yurdsuzluq və sürgünlər qoymuşdu.

Yeni minilliyin və yeni əsrin əvvəllərində dünyadakı vəziyyət o qədər də parlaq deyildi. Əfqanıstanın işğalı, İraq müharibəsi, Balkan yarmadasının tez-tez dəyişən xəritəsi, Fələstində dayanmadan axan qanlar və daha nələr-nələr.. Soyuq müharibə bitdi deyə sevinərkən tərəzisi tərs çəkən dünyanın qızğın savaşların ortasında qalması...

Bütün bunlara şahid olan, araşdırmaqdan, soruşmaqdan heç vaxt vaz keçməyən dahi rejissor, hər nə qədər individual filmlərə yönəlsə də, dünyada baş verənlərə laqeyd qalmağı bacarmamışdı. Angelopoulosun 2000-ci illərdə çəkdiyi “Ağlayan çəmən” (2004) və “Zamanın tozu” (2008) filmlərini dövrü bilmədən izləmək və anlamaq çətindi. Dediyimiz kimi XX əsrin əvvəlində özlərini dünyanı dəyişdirməyə qadir hiss eləyən ziyalılar, bir yığın məğlubiyyətdən sonra gücsüz hiss eləməyə başlamış, müdaxilə edə bilmədikləri hadisələrə baxa-baxa qalmışdılar. Bu çarəsizlik həm özlərinə, həm keçmişə baxışlarına, bütün bunların nəticəsi olaraq da filmləri və üslublarına təsir etmişdi.

Theo Angelopoulosun "Ağlayan çəmənlik" filmindən bir kadr.

“Ağlayan çəmənlik”, əli çamodanlı bir dəstə insanın çayın sahilinə doğru irəliləməsi ilə başlayır. Film, Eleni və Aleksisin sevgisi fonunda Yunanıstanda 1919-1949-cu illərdə baş verənlərdən bəhs edir. Hadisələr xronoloji ardıcıllıqla sıralanıb və Qədim Yunan mədəniyyətinin ənənələrinə sadiq şəkildə faciə janrında təqdim olunub. Angelopoluosun əvvəlki filmlərindən fərqli olaraq burda yadlaşma effektlərinə yer verilməyib, tamaşaçı isə hadisələrin iştirakçısı yox, sadəcə seyrçisidi. Bu baxımdan Angelopoluos Brext üslübundan uzaqlaşaraq Aristotelçı bir dəsti-xətt tutmağa başlayıb.

Rejissor üslub dəyişikliyinin səbəbini belə izah edir: “Doğrudur, kinoda işləməyə başladığım ilk illərdə brextçi idim. Aktyorlarımı da bu nəzəriyyəyə uyğunlaşdırmağa çalışırdım. Amma sonra Aristotelə qayıtdım və onun faciəsini, faciəvi yanaşmasını mənimsədim. Faciəvi bir dövrdə yaşadığımızı fikirləşirəm. Cəmiyyətlər mənəvi dəyərlərini itirir, insanlar kürəklərini dayamağa dəyərlər axtarır. Yaxşı və pis arasındakı tarazlığı itirmişik” (“Yeni film” jurnalı №9).

Bu açıqlamadan Angelopoluosun tamaşaçıya meydan verən, onun müxtəlif mövzularda yenidən düşünməsinə yardım edən Brext üslubundan vaz keçərək, tamaşaçının özünü filmdəki personajlarla identifikasiya edib katarsis yaşamasına səbəb olan Aristotel üslubuna keçdiyini aydın görürük. Bu dəyişikliyin əsas səbəblərindən biri dünyanın dəyişən siyasi atmosferi ilə birlikdə insanların siyasi və ictimai mənada söz sahibi olduğuna inamın yavaş-yavaş yoxa çıxmasıdı. Əfsus ki, dərin intellektual bazası, hər zaman şübhə edən zehni ilə dahi rejissor Angelopoluos da bu ümidsizlikdən təsirlənmişdi.

Rejissor son müsahibələrinin birində bütün ümidlərini yeni nəslə bağladığını deyir. Məxsusi olaraq bu nəsil haqqında film çəkmək istədiyini bildirən Angelopoluosun ömrü buna macal vermədi. Bununla belə o, yeni nəslə- bizə məğlubiyyətlərlə mübarizə apara bilməkdən ötrü xüsusil bir vasitə miras qoydu - Kinematoqrafiya! Özünün dediyi kimi “çürüyən dünyaya qarşı bəlkə də ən axırıncı müqavimət vasitəsi”di Kinematoqrafiya!

Müəllif: Melek Yeşilyurt

Mənbə: www.filmloverss.com