Musiqili Teatrın səhnəsində sovet abu-havası

Musiqili Teatrın səhnəsində "Qızıl Toy" tamaşası.

-

Musiqili Teatrın səhnəsində sovet abu-havası

Oktyabrın 1-də Dövlət Musiqili Teatrı 107-ci teatr mövsümünün açılışını etdi. Həmin gün tamaşaçılara “Meşə çaqqalsız olmaz” və “Qızıl toy” tamaşaları təqdim olundu.

“Qızıl toy” əsərinin librettosu Ramiz Heydərə, musiqisi Oqtay Kazımiyə məxsusdur. Komediyanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rejissoru Yusif Əkbərovdur. Tamaşada əsas rolları Əzizağa Əzizov, Nahidə Orucova, Elvin Əliyev (Şaban Cəfərov), Əkbər Əlizadə edirlər.

Buna da bax: E. Bədəlov: İndi də AzDramanı ölüxanaya çevirirlər

Tamaşa Aygünlə Azərin sevgisindən bəhs eləyir. Aygün bələdçidi. Turistləri Bakının görməli yerləri, tarixi abidələri ilə tanış edir. Fransada yaşayan və vətənini görməyə gələn Azər ilk baxışdan Aygünə vurulur və onunla evlənmək istəyir. Azərin bu istəyindən xəbər tutan Aygünün əmisi oğlu Qədir hər vəchlə onların qovuşmasına mane olmağa çalışır. Məqsədinə çatmaqdan ötrü əmisi arvadı Ballını və əmisi Rəhimi də istifadə eləməkdən çəkinmir.

“Qızıl toy” tamaşası Musiqili Teatrın səhnəsində bundan əvvəl iki dəfə səhnələşdirilib. 1980-ci ildə Rafiq Atakişiyev tərəfindən quruluş verilən ilk variantda rolları Nəsibə Zeynalova, Səyavuş Aslan, Məsumə Rzayeva, Atabala Səfərov kimi tanınmış aktyorlar canlandırıblar. 1996-cı ildə səhnələşdirilmiş ikinci variantın rejissoru isə yenə Yusif Əkbərov olub. Hazırda teatrın repetuarında olan tamaşanın üçüncü variantıdı və 2014-cü ildə səhnəyə qoyulub.

Əslində burda “variant” sözü o qədər də yerinə düşmür. Bir nəsnənin, ya da əsərin variantlarının olması -aralarında hər hansı fərqlərin mövcudluğundan xəbər verir.

Dövlət Musiqili Teatrının səhnəsində "Qızıl Toy" tamaşası, 2015-ci il.

Amma görünən odur ki, 1980-ci ildən bu yana “Qızıl toy”da dəyişən yalnız yaradıcı heyətdi və bu dəyişiklik tamaşanın atmosferində, ötürdüyü mesajda (mesajsızlıqda), bir sözlə, dramaturgiyasında he bir şəkildə öz əksini tapmır.

İlk aktda turistləri gətirən təyyarənin enişinin,tamaşa boyu Bakı, Qobustan mənzərələrinin kino elementləri ilə təqdim olunması (arxa fondakı böyük ekranda göstərilir) tamaşaçını yenilik görəcəyinə ümidləndirsə də, bu, yalnız ümid olaraq qalır və özünü doğrultmur: “kino” heç bir dramaturji funksiya daşımayan fona çevrilir, hətta hərdən boşluq hissi yaradır, tamaşanın ümumi ritmini pozur. Yaradıcıları da bunu anlamış olmalıdılar ki, ekrandakı mənzərələri arada mozaik təsvirlərlə əvəz eləyirlər. Bu isə səhnədən gələn xaotikliyi daha da artırır.

Hərçənd bu xaotiklik elə pyesin “canındadı” - əsərin süjet xətti dağınıqdı, əsas, müsbət qəhrəmanlar monoton və darıxdırıcıdılar. Əsl köhnə sovet ənənələrinə uyğun şəkildə. Buna görə də Aygünlə Azərin sevgisi tamaşaçını qətiyyən həyəcanlandırmır, tamaşaçı onlar üçün narahat olmur, onların səhnəni nə vaxt tərk edəcəklərini, ikinci dərəcəli personajların gəlişini gözləyir. Çünki güldürən də, həyəcanlandıran da, məhz, ikinci plandakı obrazlardı – Qədir, Ballı, Rəhim, Zuzu. Hətta xarici turistlər də yaddaqalandılar, bircə Aygünlə Azər istisnadı.

O ki qaldı aktyor oyununa... Nahidə Orucovanın ifasında Nəsibə Zeynalovanın, digər aktyorların ifalarında isə Səyavuş Aslanın, Atabala Səfərovun jestləri, intonasiyaları aydın sezilir. Amma onlar, ən azından, öz hay-küyləri ilə mürgüləyən tamaşaçıları diksindirib oyada bilirlər.

Buna da bax: Musiqili Teatrda «Brodvey» layihəsi

“Qızıl toy” tamaşası haqda məlumatlarda onun vətən sevgisindən bəhs etdiyi, buna görə də hər zaman aktual olduğu vurğulanır. Halbuki artıq qeyd etdiyimiz kimi süjet dağınıq olduğundan tamaşada bu mesaj yoxdu. Digər tərəfdən ətrafımızda- real həyatda gülüş obyektinə çevriləcək bu qədər əhvalat varkən ölkənin əsas teatrlarından birinin sovetin qəliblərindən qurtula bilməməyi sadəcə təəssüf doğurur. Axı, elə həmin sovet dövrünün devizlərindən biri idi- teatr cəmiyyətin güzgüsüdü. Bəs bizim güzgümüz bizə nə göstərir?..

Aygün Aslanlı