Keçmiş axundu həbsdə olan 'Rəhimə xanım ziyarətgahı'nda görüş olub

Nardaran

“Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Dövlət İslam və qeyri-islam dini icmalara daim qayğı göstərilir”.

Bu fikirlər oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidində dini icma üzvləri, qəsəbənin bir neçə dindarları ilə görüşdə vurğulanıb.

Görüşdə komitə rəhbərliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak edib. Bu haqda komitənin mətbuat xidməti məlumat verir.

Buna da bax:​ Nardarandakı dini icma fəaliyyətini dayandırıb

Görüşdə Məhərrəm ayının başlanması, dini ayinlərin icrası da diqqət mərkəzində olub. Bütün məscidlərdə, o cümlədən “Rəhimə xanım ziyarətgahı”nda da əzadarlıq tədbirlərinin, anım mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşün keçirildiyi “Rəhimə xanım Ziyarətgahı” 1993-cü ildən fəaliyyət göstərirdi. “Rəhimə xanım ziyarətgahı”nın axundu kimi təqdim edilən Hacı Nuhbala Rəhimov bu ilin mayında Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Avqustun əvvəlində Nardarandakı “Rəhimə xanım Ziyarətgahı” dini icmasının fəaliyyətini dayandırdığı açıqlanmışdı.

Sentyabrın 6-da isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini icmanın yenidən dövlət qeydiyyatına alınmasını xəbər vermişdi.

Buna da bax:​ Ruhani N.Rəhimovun istintaqı yekunlaşıb

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.