Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

2013-cü ildə Azərbaycanın Frankfurt kitab sərgisindəki stendi.

-

19-23 oktyabr tarixlərində Almaniya Federativ Respublikasında Frankfurt Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi hər il olduğu kimi bu il də kitab sərgisində iştirak edəcəyini açıqlayıb. Nazirlik öz saytında sərgiyə yerli nəşriyyatlarla birgə qatılacağını açıqlayıb. Oxu Zalı yerli özəl nəşriyyatlardan nazirlik tərəfindən bu sərgiyə dəvət alıb-almamasını soruşub.

Şahbaz Xuduoğlu: "Frankfurt Kitab Yarmarkasına aparmaq üçün İngilis yaxud alman dilində olan bir əsərimiz belə yoxdur. Mədəniyyət və Turizm nazirliyi hər il yekə bir heyəti ora daşıyır. Böyük xərclər çəkilir. O heyətdə orada, kitab yarmarkasında kitab əvəzinə turizm bukletləri dağıdırlar".

Rasim Qaraca: "Mədəniyyət Nazirliyi məni heç zaman dəvət etməyib. Ümumən Nazirliyin bu sahədəki fəaliyyəti standartlara uyğun deyil".

Elxan Rzayev: "Bizə belə bir təklif gəlməyib, təklif gəlsə belə, ilk dəfə gərək öyrənmək üçün iştirak edə bilərik".

Rafiq İsmayıl: "Düşünürəm ki, yerli müəlliflərin xarici dilə tərcümə edilməsi Mədəniyyət və Turizm Nazirliyinin fuksiyası deyil. Düşünürəm ki, bu naşirlərin kurasiyasında olan işdir".

Müşfiq Xan: "Biz adətən bu sərgilərdə iştirak edirik. Ancaq bu il maliyyə məsələlərinə bu il gedə bilmədik. Adətən beynəlxalq sərgilərdə nazirlik nəşriyyatlara stend ayırır. Yol və digər xərclər nəşriyyatların öz öhdəsinə düşür"

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq kitab sərgilərindəki fəaliyyətini tənqid edib. O, Frankfurt Kitab Sərgisində nazirliyin zəif çıxış edəcəyini bildirib: “Frankfurt Kitab Yarmarkasına lap az qaldı. Aparmaq üçün İngilis yaxud alman dilində olan bir əsərimiz belə yoxdur. Mədəniyyət və Turizm nazirliyi hər il yekə bir heyəti ora daşıyır. Böyük xərclər çəkilir. O heyətdə orada, kitab yarmarkasında kitab əvəzinə turizm bukletləri dağıdırlar. Bütün bu xərclərə heç olmasa bir neçə kitab tərcümə etdirib aparmaq olmazmı? Nə qədər bu dövlət hesabına öz mənasız kitablarınızı yarmarkalardan yarmarkalara daşıyacaqsız. Müasirləri eləmirsiz, qısqanırsız, ya qorxursuz, heç olmasa klassikləri edin, Axundovu, Mirzə Cəlili, Sabiri tərcümə edin. Bu dövlətə bir az rəhminiz gəlsin, bunu az talayın, heç olmasa taladıqlarınızın cüzi hissəsini onun mədəniyyətinin təbliğinə sərf edin. 2 ildən sonra Gürcüstan Frankfurt kitab yarmarkasının qonağı olacaq. Avropa dillərinə tərcümə olunmuş yüzlərlə kitablar nümayiş etdirilərək.

Buna da bax: Medea Metreveli: İki ilə 100-dək gürcücə əsəri 20 dilə tərcümə etdirmişik

Gürcüstanın Frankfurt kitab sərgisindəki stendi.

Mənasız deklarativ nümayişləriniz nəyə lazımdır? Kitabsız yarmarkalarınız nəyə lazımdır? Vəzifəniz var, yüksək maaşınız var, yüzlərə insan qulluğunuzda durur. Əvəzində bir Mirzə Cəili, bir Sabiri tərcümə etmək bu qədər ağır, bu qədər bahalımı?”

Bəs digər naşirlər necə nazirliyin beynəlxalq sərgilərdə iştirakını bəyənirmi? Məsələ ilə bağlı naşirlərin fikrini öyrəndik.

"Alatoran" yayınlarının rəhbəri Rasim Qaraca:

"Alatoran" yayınlarının rəhbəri Rasim Qaraca.

Mən Frankfurt kitab sərgisində bir dəfə iştirak etmişəm, o da Goethe İnstitute-nin dəvətiylə. Mədəniyyət Nazirliyi məni heç zaman dəvət etməyib. Ümumən Nazirliyin bu sahədəki fəaliyyəti standartlara uyğun deyil. Frankfurt Kitab Sərgisi dünyanın ən böyük kitab bazarıdır, burada dünyanın hər yerindən naşirlər, ədəbiyyat fondları və agentləri gələrək öz ədəbiyyatını tanıdır və lisenziyaları satırlar. Bu eyni zamanda həmin ölkələrin mədəniyyətinin yayılması məsələsidir. Müasir dünyada mədəniyyətlərin savaşı gedir və qabaqcıl millətlər yalnız mədəniyyət gücünə ayaqda qala biləcəyini başa düşüblər. Bu böyük yarışmaya Azərbaycan da qoşulmalıdır, buna bizim potensialımız var. Lakin bizim bu işlərdən sorumlu nazirlik və iadrələrimiz quş qoymaq xatirinə, götərməlik işlər görürlər. Mədəniyyət nazirliyi Frankfurtda bu günə qədər bir dənə də olsun lisenziya sata bilməyib. Məsələnin mahiyyətini başa düşmürlər. Yeni yaranmış Tərcümə Mərkəzi mahiyyətinə və standartlarına uyğun fəaliyyət göstərmir. 3 il bundan əvvəl yaradılan Gürcüstan Tərcümə Mərkəzi artıq xaricdə 100 gürcü müəllifinin əsərini nəşr etdirməyə nail olub. Bizimkilər nə edib? Dünyadan, hər kəsdən geri qalırıq, hətta Ermənistandan da.

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev:

Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev.

“Frankfurt Kitab Sərgisində iştirak etmək hər oğulun işi deyil. Çünki gərək kifayət qədər güclü bir nəşriyyat olasan. Bizə belə bir təklif gəlməyib, təklif gəlsə belə, ilk dəfə gərək öyrənmək üçün iştirak edə bilərik. Son zamanlar klassik Azərbaycan ədəbiyyatının yaddan çıxmış bir çox əsərlərini nəşr edirik. Bu kitablarla beynəlxalq sərgilərdə iştirak etmək istərdik. Şahbaz bəy maraqlı mövzuya toxunub. Düşünürəm ki, yazıçılarımızın tərcümə olunub xaricə təqdim edilməyi bir layihə kimi işlənməlidir. Belə bir layihə olsa biz məmnuniyyətlə orada iştirak edərdik.

Buna da bax: Azərbaycanlı yazar Frankfurtdan yazır

“Altun” Kitab Evinin direktoru Rafiq İsmayıl:

"Altun kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov.

“Bizim nəşriyyat 12 oktyabrda İstanbulda keçiriləcək kitab yarmarkasında iştirak edəcək. Ona görə bir ayda iki sərgidə iştirak etməyimiz alınmır. Yəqin ki, nazirlik də bunu nəzərə alıb. Düşünürəm ki, yerli müəlliflərin xarici dilə tərcümə edilməsi Mədəniyyət və Turizm Nazirliyinin fuksiyası deyil. Düşünürəm ki, bu naşirlərin kurasiyasında olan işdir. Nazirlik dövlət büdcəsi ilə bir qədər strateji işlər görməlidir. Nəşriyyatın da işi təkcə hansısa müəllifi tərcümə etməklə məhdudlaşmır. Biz beynəlxalq sərgilərə daha çox Azərbaycan dilindəki kitabları aparırıq. Çalışırıq ki, xarici nəşriyyatlarla fikir mübadiləsi aparaq. Təəssüf ki, bizdə kitab sektoru o səviyyədə deyil ki, hansısa kitabın müəlliflik hüququnu sataq. Belə kitablar çox azdır. Ona görə də biz daha çox başqa nəşriyyatların işləri ilə tanış olmaq üçün sərgilərdə iştirak edirik.

“HƏDƏF” nəşriyyatının direktoru Müşfiq XAN:

"Hədəf" nəşriyyatının rəhbəri Müşfiq Xan.

“Biz adətən bu sərgilərdə iştirak edirik. Ancaq bu il maliyyə məsələlərinə bu il gedə bilmədik. Adətən beynəlxalq sərgilərdə nazirlik nəşriyyatlara stend ayırır. Yol və digər xərclər nəşriyyatların öz öhdəsinə düşür. Bu il də devalvasiya və digər amillər olduğu üçün biz sərgidə iştirak edə bilmirik. Türkiyə və Rusiya xaricindəki sərgilərdə iştirak etmək nəşriyyatlara elə də xeyr vermir. Çünki oradan aldığımız müəlliflik hüquqları o effekti vermir. Nə qədər maraqlı kitabların müəllifliyini alsaq da, o sonradan anbarlarda, kitab dükanlarında satılmamış qalır. Qaldı ki, nazirliyin sərgilərdəki fəaliyyətini mən bəyənirəm. Çünki bu işin içərisində biz də olmuşuq. Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı hansı işlərin görüldüyünün şahidi olmuşuq. Məncə kitabların tərcüməsi məsələsi daha çox Tərcümə Mərkəzinin işi olmalıdır, nəinki nazirliyin. Ölkə ədəbiyyatının təbliği ilə bağlı nazirliyiyin bir neçə layihəsi olub. Bunlardan biri də bizimlə birgə həyata keçirdikləri “Yazarlarımızı dünyaya tanıdaq” layihəsi idi. Nəşriyyat olaraq tenderdə iştirak etmişdik və qalib olmuşduq. Bu layihə çərçivəsində çap olunan kitabçalar xarici qonaqlara hədiyyə edilmişdi. Təbii ki, müəyyən boşluqlar var. Azərbaycan ədəbiyyatının uzağa yox, Türkiyəyə çıxması belə böyük mükülə çevrilib. Bunun da səbəbi ümumidir. Cəmiyyət olaraq biz onu təbliğatını aparmalıyıq. Tək nazirliyin məsələsi deyil”.