Azərbaycan yazıçılarının Bob Dylan polemikası: Murakami varkən niyə Dylan?

Bob Dylan

-

2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. Nobel mükafatı bu il amerikalı musiqiçi Bob Dylana verilib. "O, bu mükafatına amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə layiq görülüb". Bəs Azərbaycan yazıçıları Bob Dylanı tanıyırlarmı? Bu il musiqiçinin Nobel mükafatı almasına münasibətləri necədir?

Nicat Məmmədov:

"Bu mükafatın musiqiçiyə verilməsini normal qəbul edirəm. Biz neo-arxaik dövrdə yaşayırıq. İndiki dövrdə bütün üslublar, janrlar birləşir. Necə ki, əvvəl musiqiçi və şair bir şəxsdə birləşirdi. Buna Homeri misal göstərə bilərik. Türklərdəki şamanlar da həmçinin, həm şair idilər, həm həkim, həm də nəğmə bəstələyirdilər".

Firudin Allahverdi:

"Bu addımı dövrlə ayaqlaşmış saya bilərik. Bunu reformasiya kimi qiymətləndirirəm. Təəssüf ki, müasir dövrdə nəinki sözün, heç musiqinin də dəyəri qalmayıb. Artıq getdikcə dekorativləşir".

Sahilə İbrahimova:

"Hillary Klinton “Qremmi” mükafatı ala bilirsə, Bob Dylan da Nobel ala bilər. Düşünmürəm ki, bu Nobel mükafatının ciddiyətinə təsir göstərsin. Formatın fərqi yoxdur. Ciddi poetik nümunə harda varsa, formata fikir verməmək lazımdır".

Cəlil Cavanşir:

"Bu təcrübənin bizdə də tətbiqi əla olar. Məsələn, Habil Əliyev, Aftandil İsrafilov, Rəmiş kimi adamlar xatirələrini çılpaq dildə, senzurasız yazsaydı, indi bestseller olardılar".

Qismət

"Ola bilsin ki, komitə belə düşünüb ki, şeirin populyarlaşmasına ehtiyac var. Ona görə də geniş kütlələrin tanıdığı simaya bu mükafatı verməklə şeirə kütləviləşməni qaytarmaq olar. Bob Dylanın ancaq musiqilərinə qulaq asmışam, amma bədii mətn kimi gözlənilməzdir".​

Nicat Məmmədov:

Tərcüməçi və şair Nicat Məmmədov.

“Bob Dylan yaradıcılığı ilə yaxından tanış deyiləm. Sadəcə bir neçə mahnısına qulaq asmışam. Mən onu bart müğənni hesab edirəm. Necə ki, ruslarda Vısotski var idi, eləcə də Amerikada da Bob Dylan idi. Yəni musiqi cəhətdən o qədər də yüksək qiymətləndirmirəm. Ümumiyyətlə Nobel mükafatını elə də ciddi hesab etmirəm. Çünki o qədər ciddi yazıçılar bu mükafatdan uzaq qalıb ki. Alanları da görürük. Məsələn, götürək Patrik Modianonu, üç-dörd romanını oxudum. Məndə heç bir qığılcım yaratmadı. Ya Orxan Pamukun özünü götürək. Ancaq onlarla dəyərli yazıçılar hələ də Nobel mükafatı almayıblar. Bu mükafatın musiqiçiyə verilməsini normal qəbul edirəm. Biz neo-arxaik dövrdə yaşayırıq. İndiki dövrdə bütün üslublar, janrlar birləşir. Necə ki, əvvəl musiqiçi və şair bir şəxsdə birləşirdi. Buna Homeri misal göstərə bilərik. Türklərdəki şamanlar da həmçinin, həm şair idilər, həm həkim, həm də nəğmə bəstələyirdilər. Görünür biz yenidən köklərə qayıdırıq.

Buna da bax: Ədəbiyyat üzrə Nobel Bob Dilana verildi

Firudin Allahverdiyev:

Bəstəkar Firudin Allahverdi.

Bob Dylanın musiqiləri ilə yaxından tanış deyiləm. Ancaq mən Nobel komitəsinin rəyinə güvənirəm. Ona görə də musiqiçinin bu mükafatı almasına normal baxıram. Biz burda Qafqazda oturub, onların işinə necə qiymət verə bilərik? Mətbəxi bilmədən nəsə demək çətindir. Bu addımı dövrlə ayaqlaşmış saya bilərik. Bunu reformasiya kimi qiymətləndirirəm. Təəssüf ki, müasir dövrdə nəinki sözün, heç musiqinin də dəyəri qalmayıb. Artıq getdikcə dekorativləşir.

Sahilə İbrahimova:

Yazıçı Sahilə İbrahimova.

Bu il Ədəbiyayt üzrə Nobel mükafatının getişatını izləmirdim. Bildiyim qədəri ilə yenə də Murakaminin adını çəkirdilər. Hətta Kimya üzrə Nobel mükafatını daha yaxından izləyirdim. Ancaq Nobel mükafatının Bob Dylana verilməsini normal qarşılayıram. Hillari Klinton “Qremmi” mükafatı ala bilirsə, Bob Dylan da Nobel ala bilər. Düşünmürəm ki, bu Nobel mükafatının ciddiyətinə təsir göstərsin. Formatın fərqi yoxdur. Ciddi poetik nümunə harda varsa, formata fikir verməmək lazımdır. Poeziya hər yerdə ola bilər. Axı Bob Dylanın musiqisinə yox, musiqisindəki sözlərə mükafat verilib. Yəqin ki, Dylanın musiqisindəki sözlər daha çox ədəbiyyata yaxındır, nəinki Murakamidə.

Cəlil Cavanşir:

Cəlil Cavanşir.

Mən Bob Dylanı "Beat" nəslinə yaxın bir sənətçi kimi tanıyırdım. Onun qadağan olunmuş "Tarantula" adlı eksperimental kitabını 4-5 il öncə oxumuşdum. "Beat" nəslinin Amerika sənətinə, ədəbiyyatına böyük təsiri danılmazdır. Təsadüfi deyil ki, Bon Dylan öz imzasını məhşur "bitnik" Dylan Tomasın şərəfinə götürüb. Əslində bu məsələnin heyrətlənəcək tərəfi yoxdur. Bob Dylan təmsil etdiyi nəslin, "Beat generation"ın haqq etdiyi mükafatı alıb. Mən hesab edirəm ki, bu Nobel Ginsberg, Burroughs, Keruac, Dylan Tomas, Ferlingetti məktəbinə, o etriaz dalğasına, o möhtəşəm inqilabi nəsilə verilmiş mükafatdır. Bob Dylanın mükafat alacağını gözləmirdim, hətta Kundera kimi, Rot kimi nəhənglər qala-qala, Murakami kimi məhşur yazıçı varkən, Adonisə mükafat vermək siyasi divident gətirəcəkkən, musiqiçi və şair Dylanın mükafat alması inanılmaz hadisədir. Amma Bob Dylan sənət, ədəbiyyat dünyası üçün təsadüfi adam deyil. Bu "mükafatın musiqiçiyə verilməsi verilməsi" söz-söhbəti yığışdırılmalıdır. Sənətkar musiqidə olduğu kimi, poeziyada da sözünü deyib. Bu mükafatı azadlığa, sərbəstliyə, fərqli düşüncəyə, alternativ sənətə verilmiş mükafat kimi qiymətləndirmək lazımdır. Poeziyada bəyənərək oxuduğum underground şeirin daha geniş yayılacağına, poeziyada bu istiqamətin daha da inkişaf edəcəyinə inanıram. Amma sənətlər arasında sərhədlərin qalxması maraqlı tendensiyadır. Bu təcrübənin bizdə də tətbiqi əla olar. Məsələn, Habil Əliyev, Aftandil İsrafilov, Rəmiş kimi adamlar xatirələrini çılpaq dildə, senzurasız yazsaydı, indi bestseller olardılar. Bunu qısqanc qarşılamaq, ələ salmaq lazım deyil. Sonucda mükafatlar ədəbiyyat tarixi üçün şərti məsələdir. Ədəbiyyat üzrə Nobel almış Churchill bu gün kimə maraqlıdır? Amma zamanında böyük və səs-küylü hadisə idi.

Buna da bax: Nobel mükafatı laureatı Bob Dylan necə məşhurlaşıb...

Qismət Rüstəmov:

Şair Qismət.

Biz saytda Ədəbiyyat üzrə Nobel mükafatına iddialı olan yazıçılardan tərcümələr edirdik. Bob Dylanın adı hətta “bukmeyker”lərin siyahısında da yox idi. Çünki bir balaca axtarış versəniz görərsiniz ki, “New York Times”-da, “ Telegrahp”-da belə bu cür polemikalar var idi ki, Bob Dylan musiqi sözü yazandı, yoxsa şairdir? Çoxdan bu cür müzakirələr gedirdi. Çünki o, daha çox musiqiçi kimi tanınırdı. Nobel komitəsi mükafatı “qədim amerikan ənənələri üzərində yeni poetik imkanlar yaratdığına” görə verib. Ancaq bunun özü də mübahisəlidir. Çünki bayaqdandır onun bədii mətninlərini axtarıram, ancaq bayaqdandı qabağıma musiqi mətnləri çıxır. Ola bilsin ki, komitə belə düşünüb ki, şeirin populyarlaşmasına ehtiyac var. Ona görə də geniş kütlələrin tanıdığı simaya bu mükafatı verməklə şeirə kütləviləşməni qaytarmaq olar. Bob Dylanın ancaq musiqilərinə qulaq asmışam, amma bədii mətn kimi gözlənilməzdir. Onu sadəcə populyar kültür ikonası kimi qəbul edirəm. Düşünmürəm ki, bununla da Nobel ciddiyyətini itirsin. Çünki Nobel mükafatının tarixində zaman-zaman belə şeylər olub. Heç kimin adını xatırlamadığı şairlərə bu mükafat verilib. Düşünmürəm ki, mükafatın musiqiçiyə verilməyi peşəkar ədəbiyyat adamlarının istiqamətini bu yönümdə dəyişə bilsin.