Tendersiz xərclənən milyardlar

Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə

Məcburi köçkünlərin problemlərinin həlli, müxalifət funksionerlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmaları, korrupsiya və neftin qiyməti bu gün medianın aparıcı mövzusudur.

QAÇQIN VƏ KÖÇKÜNLƏRƏ BÖYÜK DIQQƏT

«Azərbaycan» qəzetində «Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir» sərlövhəli məqalə dərc edilib.

Məqalə Ermənistanla münaqişə nəticəsində qaçqın və köçkün düşən insanların problemlərinin həllindən bəhs edir.

Müəllif girişdə 25 illik dövlət müstəqilliyi dövründə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini bildirir. Məqalədə vurğulanır ki, müstəqilliyin ilk illərində hakimiyyətdə olanların naşı siyasəti müstəqilliyi də təhlükə altında qoyub: «Amma ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə vəziyyət kökündən dəyişdi və bunun real təcəssümünü məcburi köçkünlərin timsalında da aydın görmək olar».

Müəllifə görə, məhz bundan sonra qaçqınların, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlətin xüsusi diqqət mərkəzində saxlanıldı: ««Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı»na uyğun bu insanlar üçün hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər, məhəllələr salındı».

Müəllif qeyd edir ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli məqsədi ilə 6.2 milyard manatdan çox vəsait sərf edilib. Bunun 2.8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1.4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Məqalədə bildirilir ki, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3.2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın, məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Əli Kərimli

«SUALLARNIZI MƏNƏ VERİN»

Azadliq.info saytında AXCP sədri Əli Kərimlinin «Suallarınız varsa, mənə verin, mən cavablandırım» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Milli Şuranın Koordinasiya Mərkəzinin rəhbər şəxslərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə («bandotdel») çağrılmasına münasibət bildirilir. AXCP sədri xüsusilə xanım müavini Gözəl Bayramlının çağrılmasının üzərində dayanır:

«Çətinə düşən kimi milli mentalitet arxasında gizlənənlər utanmadan qadın siyasətçini, AXCP sədrinin müavini Gözəl Bayramlını «bandotdel»ә çağrıblar. Azərbaycan siyasətini bu qədər aşağılamaq lazım deyil. Gözəl Bayramlı mənim müavinimdir. Mənim tapşırıqlarımı yerinə yetirir. Onun siyasi fəaliyyətinə görə mən məsuliyyət daşıyıram».

Əli Kərimli sonda da yazır: «Suallarınız varsa, məni dəvət edin, cavablandırım. Azərbaycanın mübariz, fədakar, vətənsevər xanım siyasətçisindən – Gözəl Bayramlıdan isə əl çəkin!».

Olimpiya Stadionu

İRİ LAYİHƏLƏR - KORRUPSİYA MƏNBƏYİ

«Bizim Yol» qəzetində isə «Azərbaycanda irimiqyaslı layihələr başlamamışdan korrupsiya yeminə çevrilib» sərlövhəli məqalə ilə tanış olmaq mümkündür.

Müəllif yazır ki, illər boyu bir sıra iri layihələr tendersiz həyata keçirilib. Bu da korrupsiya ilə bağlı ciddi şübhələr yaradır.

Yazıda qeyd edilir ki, 2015-ci ilin dövlət büdcəsində investisiya xərcləri 6 mlrd. 930 milyon manat olub. Bu isə ümumi büdcənin 32.8 faizini təşkil edirdi. Vəsaitin 1 mlrd. 336 milyon manatı I Avropa Oyunlarının keçirilməsi məqsədi ilə idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərə sərf olunub. Qalan 5 mlrd. 594 milyon manat da digər layihələr üzrə xərclənib: «Ötən il tenderdə sərf olunan vəsaitlər investisiya üçün nəzərdə tutulan pulun heç 1/5-i deyil. Keçirilən xırda tenderlərin birbaşa investisiya üçün nəzərdə tutulmuş vəsaitlərlə bağlılığı yoxdur. Hesablama Palatasının auditləri ciddi qanun pozuntularını təsdiqləyir».

Müəllif satınalmalar sahəsində də ciddi qanun pozuntuları olduğunu düşünür: «Dövlət satınalmaları sahəsində qanun pozuntusu mətbuatın iddiası deyil. Hesablama Palatası demək olar ki, əksər auditlərin nəticəsində tender qanunvericiliyinin kobud şəkildə pozulduğunu qeyd edir. Bura «Bakı Metropoliteni» QSC, «Azərbaycan Hava Yolları» QSC, «Meliorasiya və Su Təsərrüfatı» ASC, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, bir neçə rayonun icra hakimiyyəti, dövlət xəstəxanaları və təhsil şöbələrində yoxlamalar aiddir».

Neft buruqları

«QARA QIZIL»IN TALEYİ...

«Exo» qəzetində isə ««Qara qızıl»ın dəyərini süni şəkildə saxlamağa davam edirlər» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, bu günlərdə İstanbulda başa çatan XXIII Ümumdünya Energetika Konqresində neft hasil edən ölkələrin dünya bazarında «qara qızıl» ilə bağlı hansısa qərar verəcəyi gözlənilirdi. Amma bu baş tutmadı.

Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban qəzetə deyib ki, hazırda «qara qızıl»ın dəyəri süni şəkildə saxlanılır: «İstanbulda bir neçə gün bu məsələ müzakirə edildi. Neft hasilatını azaltmaq gündəmə gətirildi, amma yekun qərara gələ bilmədilər. Bunu daha sonraya, Vyana konqresinə saxladılar. Bu gün neft bazarında bir növ «bazarı qızışdırmaq» taktikası işə düşüb».

Ekspert düşünür ki, energetika bazarında bu oyunlar hələ çox davam edəcək. Hasilatçı ölkələr neftin qiymətinin qaldırılmasından danışsalar da, hasilatı azaltmaq sahəsində addım atmırlar: «İndi gündəlik hasilat 160 min barrelə çatıb. Bütün bunlardan sonra hasilatçı ölkələr neftin bahalaşmasından necə danışa bilərlər? Neftin qiyməti indiki həddə süni şəkildə saxlanılır».

Ekspert vurğulayır ki, neftin hasilatını azaltmaq məsələsində razılığa gəlmək o qədər də asan deyil. Çünki heç kim bazardakı mövqeyini itirmək istəmir. Odur ki, yaxın illərdə neftin dəyərinin yüksələcəyinə bəslənilən ümidlər əsassızdır.