-
2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına amerikalı müğənni və şair Bob Dylan layiq görülüb. Bob Dylan bir neçə şeir kitabının müəllifidir. O, Nobel mükafatına "Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə layiq görülüb". Bob Dylan mahnılarının söz və musiqilərinin çoxunu özü yazır. Oxu Zalı məşhur müğənninin bir neçə ən məşhur mahnısına yazdığı şeirlərin tərcüməsini təqdim edir.
İki dəfə düşünmə, hər şey yaxşıdır
İki dəfə düşünmə. Problem deyil
Oturub "nə üçün?" demənin bir mənası yox sevgilim
Nə fərqi var ki necə oldu
əgər indi bilmirsənsə
Oturub "nə üçün?" demənin bir mənası yox sevgilim
Dan yeri söküləndə, xoruzlar banlayanda
Pəncərədən bayıra bax, mən çıxıb gedəcəm
Yola çıxmağımın səbəbi sənsən
İki dəfə düşünmə, hər şey yaxşıdır.
İşıqları yandırmanın bir anlamı yox sevgilim
O işığı heç görmədim mən
Mən yolun qaranlıq tərəfindəyəm
İşıqları yandırmanın bir anlamı yox
Hələ də ümid edirəm, getmək qərarımı dəyişdirmək üçün
Bəlkə edə biləcəyin və ya söyləyəcəyin nələrsə var deyə
Lakin biz heç zaman düz əməlli danışmadıq ki
Buna görə də iki dəfə düşünmə, hər şey yaxşıdır.
Məni çağırmanın bir anlamı yox qızım
Eynilə əvvəllər etdiyin kimi
Məni çağırmanın bir anlamı yox qızım
Artıq səni eşidə bilmirəm
Mən hər zaman “düşünən və nigaran qalan” oldum, ilk gündən
Bir qadını sevmişdim
Ona qəlbimi verdim, osa ruhumu istədi
Ancaq iki dəfə düşünmə, hər şey yaxşıdır.
O uzun kimsəsiz yolda yeriyirəm
Bu yoldan haraya sıçrayacam, deyə bilmərəm
Lakin, “salamat qal” çox şən bir kəlmə olur mənim bu halımda
Buna görə də sadəcə əlvida deyəcəyəm
Mənimlə pis davrandığını gətirmərəm dilimə
Daha yaxşı ola bilərdim, ancaq vecimə deyil
Sən sadəcə mənim dəyərli vaxtımı xərclədin
Ancaq iki dəfə düşünmə, hər şey yaxşıdır.
.
Buna da bax: Nobel mükafatı laureatı Bob Dylan necə məşhurlaşıb...
Bob Dylan "Don't Think Twice It's All Right" mahnısı.
Küləklə sovrulur
Bir adam nə qədər yol qət etməlidir
Ona kişi deməniz üçün
Hələ, neçə dəniz aşmalıdır ağ bir göyərçin
Qumsalda uzanmadan əvvəl
Bəs bir top mərmisi neçə dəfə atılmalıdır
Əbədi olaraq qadağan edilmədən öncə?
Cavab, dostum, küləklə sovrulur
Cavab küləklərlə uçub gedir.
Bir adam neçə dəfə yuxarı baxmalı
Göy üzünü görə bilməsi üçün
Elədir, və bir adamın neçə qulağı olmalı
İnsanların ağladığını eşidə bilməsi üçün
Elədir, və neçə ölüm olmalı onun bilməsi üçün
Nə qədər çox insanın öldüyünü?
Cavab, dostum, küləklə sovrulur
Cavab küləklə uçub gedir.
Neçə əsr ayaqda qalmalıdır dağalar
Sularla yuyulub getməməsi üçün
Axı neçə il keçməlidir, bəzi insanların yaşaya bilməsi üçün
Azad olmalarına icazə verilmədən öncə
Və bir adam neçə dəfə çevirə bilər üzünü
Sadəcə görməmək üçün?
Cavab, dostum, küləklə sovrulur
Cavab küləklə uçub gedir.
Bob Dylanın "Blowin in the wind" mahnısı.
.
Buna da bax: Azərbaycan yazıçılarının Bob Dylan polemikası: Murakami varkən niyə Dylan?
.
Korrina, Korrina
Korrina, Korrina
Bu qədər zamandır hardasan ay qız
Nigaranam səndən ötrü, quzum
Qayıt evinə nə olar
Fit çalan bir quşum var
Mahnı oxuyan bir quşum var
Amma Korrinam yox
Həyatın bir mənası qalmadı
Korrina, Korrina
Ay qız, hər an yadımdasan
Səni düşünürəm quzum
Göz yaşımı saxlaya bilmirəm
Bob Dylanın "Korrina, Korrina" mahnısı.
Tərcümə: Rasim Qaraca