"Nation Brands 2016" hesabatı: Azərbaycan ciddi geriləmə göstərib

Ölkənin milli imicinin həmin ölkədə yerləşən brendlərə (markalara) və iqtisadiyyata təsiri danılmazdır. Dünya bazarında bu, hər bir dövlətin ən mühüm üstünlüklərindən biridir. O, ölkəyə investisiya gətirir, ixracata dəyər qatır, turistləri və bacarıqlı miqrantları ölkəyə cəlb edir. "Brand Finance" konsaltinq şirlətinin builki "Nation Brands" ("Milli Brendlər") hesabatında güclü milli brendin verə biləcəyi üstünlüklərdən söz açılır. Hesabatda həmçinin dünyada baş verən hadisələrin və düzgün idarə olunmayan milli brendin vurduğu iqtisadi ziyandan da danışılır.

Reytinq siyahısında ən güclü milli brendlər ABŞ, Çin, Almaniya, Yaponiya və Britaniyaya məxsusdur.

"Nation Brands" cədvəlində Rusiya 17, Qazaxıstan 47, Pakistan 51, Özbəkistan 56, Ukrayna 59, Serbiya 73, Xorvatiya 74, Azərbaycan 77, Gürcüstansa 92-ci yerdə qərarlaşıb.

Ən dəyərli milli brendlərin ilk onluğu

ABŞ 871 milyard dollar yüksələrək 4%-lik yüksəliş nümayiş etdirib və "Brand Finance"ın "Nation Brands" cədvəlində birinciliyini qoruyub saxlayıb. Ancaq bu kiçik artım belə təhlükə qarşısındadır. Cəmi üç həftə sonra ABŞ Donald Trump tərəfindən idarə oluna bilər. Bu siyasətçinin ksenofob mövqeyi və proteksionist ritorikası biznesə, potensial xarici işçilərə, tələbələrə bə hökumətlərə ziddir.

Hesabatda Donald Trumpın prezidentlik yarışında gözlənilməz uğuru ilə Britaniyanın Avropa Birliyini tərk etmək barədə qərarı arasında paralellər aparılır. Bunların hər ikisi, qismən də olsa, qloballaşmanı istəməyənlərin kosmopolit beynəlmiləlçiliyə qarşı mövqeyinin təzahürüdür. Qərb dünyasının bir çox başqa yerlərində də oxşar trendləri görürük. Fransada Milli Cəbhənin qələbəsi, Macarıstanda Victor Orban hökumətinin fəaliyyəti, solçu populist hərəkatların ortaya çıxması (İtaliyada "Beş ulduz", İspaniyada "Podemos") buna misaldır.

Bu ilin ən sürətlə yüksələn milli brendi isə Lüksemburqdur. O, 43% artaraq 85 milyard dollara çatıb. 2014-cü ildə ölkənin adı gizli maliyyə əməliyyatları ilə bağlı LuxLeaks qalmaqalında hallanmışdı. İndi Lüksemburq öz maliyyə nüfuzunu yenidən bərpa etməyə çalışır. Ölkənin maliyyə mərkəzi kimi statusu çox böyük əhəmiyyət daşıyır. Ancaq Lüksembuqrun vergilərdən yayınmaq istəyənlərə kömək etdiyi barədə deyilənlər digər ölkələrlə gərginliyə və beynəlxalq nizamlayıcıların təzyiqlərinə yol aça bilər.

Buna da bax: ÜDM də azalır, vətəndaşların gəliri də...

Ukrayna müharibənin başlanmasından bəri ciddi ziyan görsə də, onun milli brendi yenidən yüksəlməyə başlayır. Brendin təhlükəsizlik göstəriciləri 18,2%, yaşayış göstəriciləri isə 11,4% artıb. Ukraynanın istedadlı işçiləri ölkədə saxlamaq qabiliyyətində də ciddi irəliləmə qeydə alınıb. Ukrayna brendinin dəyəri 39% artaraq bu ilin üçüncü ən sürətli yüksəlişini göstərərib.

İordaniya isə bu ilin ən çox dəyər itirmiş brendidir. Buna səbəb qonşu Suriyadakı münaqişədir. Dünya Bankının hesabatına görə, təhlükəsizliklə bağlı vəziyyət pisləşir. Bu isə öz növbəsində turizm, tikinti və ticarətə mənfi təsir göstərir. Ölkədə işsizlik səviyyəsi də artmaqdadır. İndiki halda Suriyada vəziyyət düzəlmədikcə İordaniyada dəyişikliyin baş verəcəyi gözlənilmir.

2016-cı ildə ən çox dəyər qazanmış və itirmiş brendlər

Qonşu Suriyadakı müharibənin acı təsirlərini görən ölkələrdən biri də Türkiyədir. Ancaq bu il baş vermiş uğursuz çevriliş cəhdi daha güclü effekt verib. Çevriliş cəhdi və onun ardınca baş verənlər şirkətlərə, universitetlərə və vətəndaş cəmiyyətinə təsir edib. Bu isə bəzi investorlar üçün qeyri-müəyyənlik mühiti deməkdir. Bu mənada Türkiyənin milli brendinin bu il bütün ölkələrdən daha sürətlə zəifləməsi təəccüblü deyil. Ölkənin milli brendi 474 milyon dollar dəyər itirib ki, bu da 29% eniş deməkdir.

Azərbaycan brendi də ciddi dəyər itirib və 28% geriləmə göstərərək sondan 5-ci yerə düşüb. Buna həm Aprel ayında Qarabağ münaqişəsinin canalanması, həm də ölkənin insan hüquqları sahəsində ciddi tənqid atəşinə tutulması səbəb olub. Milli brend ümumi cədvəldə hələ də nisbətən reytinqli olsa da, brendin “dəyəri” 41 milyard dollardan 29 milyarda düşüb.