Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğluna yeni ittihamlar irəli sürülüb.
Yeni ittihamlar Cinayət Məcəlləsinin 182-ci maddəsinin üç hissəsi ilə bağlıdır, daha ağırdır. Jurnalist qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM 182.2.1), təkrar (CM 182.2.2) və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə (CM 182.2.4) hədə qorxu ilə tələb etmədə ittiham olunur.
Bu haqda Azadlıq Radiosuna jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.
Buna da bax: Həbsdəki jurnalist: 'Məni şərləyiblər'
Jurnalist indiyədək Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ( Hədə-qorxu ilə tələb etmə. Zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə) ittiham edilirdi.
Buna görə O, üç ildən beş ilədək azadlıqdan məhrum edilə bilərdi. İndi isə onu əmlakı müsadirə olunmaqla beş ildən on ilədək həbs gözləyir.
Vəkil yeni ittihamların absurd olduğunu deyib.
“Ümumiyyətlə, ittihamların kökündə Fikrət Fərəməzoğlunun yazıları durur. Kommersiya obyekti sahibləri şikayət ediblər ki, guya Fikrət Fərəməzoğlunun yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir. Habelə jurnalist bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb. Lakin, ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur”, vəkil bildirib.
Buna da bax: Vəkil: 'İşgəncə zamanı vurulan zərbələrdən qoyulma dişləri tökülüb'
Vəkil ittihamların əsassız olmasını isbat etməkdən ötrü bəzi vəsatətlər verdiklərini deyib.
“İstintaq qarşısında F.Fərəməzoğlunun obyekt sahibləri ilə təmasının olmamasını sübut etmək üçün vəsatətlər qaldırmışıq. Yəni jurnalistin və onların mobil telefon lokalizasiyalarının, danışıqların əldə edilməsi, jurnalistin cibinə qoyulmuş pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması, kimə məxsus olduğunun müəyyən edilməsi barədə”.
F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı hədə-qorxu ilə rüşvət tələb etməyə görə, ittiham irəli sürülüb.
Buna da bax: Jurnalistin xanımı Ramil Usubova müraciət etdi
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun rüşvət alarkən saxlandığı bildirilirdi. Ancaq F.Fərəməzoğlu ittihamları qəbul etmir.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.