Qədim Azərbaycan dilində danışan son insanların axtarışında

İranın Qəzvin şəhərinin sakinləri.

"Səhərdən naharın istisinə qədər nə qədər arayıb soraqlaşsaq da, bu qədim dili bilən iki nəfərdən çox adam tapılmadı. O iki nəfər də əldən düşmüş qocalar idi. Gərək ya bağıraydın, ya da çığıraydın ki, onlara bir şey anladaydın".

Əlirza Zihaqq

BAŞI BƏLALI DİLİMİZ

Sabiranə satirik hekayə

İran Azərbaycanından olan yazıçı Əliriza Zihaqq.

Armud kaldır, yemək olmur, hər sözü açıb demək olmur. Amma cəhənnəm, mən deyəcəyəm, bağıracağam, ta dünya agah olsun ki, o, öz əcəli ilə ölmədi. Bəlkə, onu millət dərdi qocaltdı, sarsıtdı, yarıcan etdi və nəhayət, torpaq yaxşı adamları öz tərəfinə çəkən kimi onu öz kamına çəkdi. Özü də namərdcəsinə. Biçarə yaman kişiydi. Xeyirxah insan idi. Onun naqafil1 ölümündən çoxları kədərlənsə də, sevinənlər də çox oldu. Sevinənlər isə bədbəxtlikdən o adamlardı ki, onların dərdlərini çəkməkdən biçarənin eyni bir an açılmırdı.

Yazıçı idi, şair idi, alim idi, natiq idi. Yaşı yetmişi keçsə də, gün olmazdı ki, qələmـkağızı onun əlində görməyəsən. Onun öldüyü gün ciyərim az qalırdı kabab olsun. Son nəfəsində də adama elə gəlirdi ki, bu, nəfəs deyil, sanki sənin, mənim, onun-bunun qəmidir ki, çəkir.

Buna da bax: '39 il qadağadan sonra İranda Azərbaycan dili tədris olunur'

Doğrudan da, belə idi. O, millət yolunda, xüsüsən biz türklərin yolunda, əstəğfürullah, siz türklərin yolunda candan-maldan keçmişdi. Biçarənin vəsiyyətləri barəsində, malـdövlət haqqında nə qədər çox desəm, yenə azdır. Siz onun məhəbbətinə baxın, bizlərin də naşükürlüyünə; yerdən göyədək təfavüt var. Acığınıza gəlməsin, biz azərbaycanlılar duz yeyib, duzdan sındıranıq. Necə deyərlər, biz hələ onun qədrini sonralar biləcəyik.

O gün biri ilə yazıq kişinin istəyindən ـ məhəbbətindən danışarkən utanmaz-utanmaz dönüb dedi ki: «Heç bilirsən, o bizi necə istəyirdi?!» Dedim: «Yox! Necə?» Başladı kı: «O, bizi çox istəyirdi, bir gözü də yox istəyirdi».

Necə yəni, o bizi çox istəyirdi, bir gözü də yox istəyirdi? Məgər istəməyin də qaşـgözü olar? Məgər mən onu tanımırdım?! Bir ömür qonşuluq edib, deyib-gülüb, danışmışdıq!

Mən ölüm, vəsiyyətinə qulaq asın, görün nə deyir. Təbriz əhli və Azərbaycanın başqa şəhərlərində yaşayan insanlara buyurub ki, fars dilinın təbliği yolunda candanـmaldan keçsinlər. Ta belə bir fikir irəli sürülməsin ki, fars dili azərbaycanlılara zorla təhmil olunur2. Və hamı bilsin ki, azərbaycanlılar ana dilində danışmağı ar bilib, fars dilini öyrənməyə həvəs göstərirlər.

Ağa, bundan da yaxşı söz!? Əgər mən əvvəldən fars olsaydım, onda niyə otuz il Tehranda qalandan sonra yenə ağzımı açıb danışanda hamı bilirdi ki, mən türkəm? Onun arzusu bizim millətin tərəqqisi idı. Arzu edirdi kı, bir gün azərbaycanlı analar uşaqlarına fars dili öyrədələr və bu xeyirxah işə qızğın həvəs göstərələr. Daha gələn nəsil Tehranda yaşayan neçə milyondan artıq azərbaycanlı fəhlə və kasıb-kusub kimi Tehrana gələndə dilbilməzlikdən Tehran xiyabanlarında avara-sərgərdan gəzməsin. Görün o, nələri düşünürdi, nələri! Görün o, necə fikirləşirdi, biz necə! Allah qəbrini nurbaran3, o dünyasını işıqlı eləsin!

Rəhmətlik bərk adam idi. Bir gün mənə dedi:

- Dur gedək Mərəndə. Orada bir kənd var, adı Gəlinqayadır. Orada qədim Azərbaycan dilində danışan bir neçə tayfa var. Yəni monqollar azərbaycanlıları türkləşdirməmişdən qabaq bütün Azərbaycan xalqı bu dildə danışırmış. Farscaya yaxın bir dildir, adına «hərzənd» dili deyirlər. Gedək ora, bəlkə, bir kitab yazdım.

Dedim:

- Gedək!

Düşdük yola. Bir gün sonra mənzil başına çatdıq. Biz ora çatanda əhvalımız pozuldu. Səhərdən naharın istisinə qədər nə qədər arayıb soraqlaşsaq da, o dili bilən iki nəfərdən çox adam tapılmadı. O iki nəfər də əldən düşmüş qocalar idi. Gərək ya bağıraydın, ya da çığıraydın ki, onlara bir şey anladaydın. Qulaqları ağır eşidirdi, danışmağa da halları yox idi.

Rəhmətlik kədərləndi, təəssüfləndi ki, bu gen dünyada qədim Azərbaycan dilini bilən cəmi iki nəfər qalıb. Söhbətə başladılar. Nədənsə rəhmətliklə qocaların sözü düz gəlmədi. Rəhmətlik deyirdi: «Yox! Olmaz ki, olmaz! Tarix başlanandan siz elə bu torpaqdasınız». Onlarsa deyirdilər: «Biz talışıq və iki yüz il olmaz ki, bu torpağa gəlmişik». Rəhmətlik bağırırdı: «Sizin diliniz qədim Azərbaycan dilidir!» Onlar çığırırdılar: «Biz talışıq və dilimiz də talış dilidir! Hətta bizim qohumlarımızdan biri də bu ağadır. Üç gündür qonaq gəlib. Sabah da gedəcək».

Buna da bax: İran təhsilində inqilab etmiş Azərbaycan maarifçisi Bağçaban

Xülasə, bu iş onun istədiyi kimi alınmadığından tezliklə korـpeşman Tehrana qayıtdıq. Yolda rəhmətliyin əlindən qələmـdəftər düşməzdi. Nə yeyirdi, nə içirdi, ancaq yazırdı. Yazdığı kitabı mən sonralar görəndə sevincimdən yerə-göyə sığmadım. Nə başınızı ağrıdım, rəhmətlik o kitabda sübut etmişdi ki, azərbaycanlılar monqolların davamçısı olub və Azərbaycanın qədım dilinin, hələ də Azərbaycanda izi var. O dil isə fars dilinin ləhcələrindən biridir. Xüsusən də Gəlinqayadan misallar gətirmişdi.

Rəhmətlik o kitabda görün nə gözəl sözlər yazıb: «Azərbaycanlılar həmişə gözəl fars dili və ədəbiyyatının vurğunu olublar. Və bütün dərbarı4 şair və yazıçılar da türk olduqlarına baxmayaraq, fars dilində yazıb-yaradıblar». Mən deyəndə ki bizim dərdimiz rəhmətliyi öldürdü, siz inanmırsınız. Amma and olsun pirə-peyğəmbərə, o, vəsiyyətində bütün var-yoxunu, bağ-zəmisini, karxana şirkətini vəqf edib bağışlayıb o yola ki, özünü həmin yolun sarsılmaz yolçusu sayırdı. O yol da Azərbaycan mədəniyyəti uğrunda çalışmaqdan başqa bir şey deyildi.

Dərd çoxdur, eşidən yox! Doğrudan, yazıqlar olsun ki, onu millət qəmi öldürdü, vəli5 Əzrayılın adı pisə çıxdı...

1.Naqafi- gözlənilmədən,qəflətən

2.Təhmil olunur –burada sırınır,qəbul etdirilir

3.Nurbaran – nurlu

4.Dərbar – saray

5.Vəli - amma, lakin

(Hekayəni ərəb əlifbasından latın əlifbasına çevirən və redaktoru Pərvan Məmmədlidir)