«Mövqelərimiz üst-üstə düşür. Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun üçün yaxşı imkan var».
Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Xorvatiya prezidenti Kolinda Grabar-Kitarović ilə geniştərkibli görüşdə belə deyib.
Ölkə başçısı vurğulayıb ki, ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra bilmək imkanlarına nəzər salmaq lazımdır.
«Enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan «Cənub Qaz Dəhlizi»ndə tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa Birliyi-Azərbaycan əməkdaşlığı var. Biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik», - deyən İlham Əliyev səfərin çox uğurlu keçəcəyinə əmin olduğunu ifadə edib.
İ.Əliyev xorvatiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin durumu ilə bağlı da bilgi verib.
Xanım Kolinda Grabar-Kitarović isə Azərbaycandakı Xorvatiya icmasının üzvləri ilə görüşməsindən məmnun olduğunu ifadə edib.
O vurğulayıb ki, Azərbaycanlı həmkarı ilə arasında açıq qalan məsələ yoxdur.
«Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı gücləndirməyə imkanlar var. Həmçinin, xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri genişləndirməliyik», - prezident deyib.
O, Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xüsusi vurğulayıb.
Kolinda Grabar-Kitarović oktyabrın 23-də Azərbaycana gəlib.