Goranboyda kəndləri su basıb

Foto arxiv.

İntensiv yağışlar Goranboy rayonunda ciddi fəsadlar yaradıb. Rayondan keçən Qaraçay çayının daşdığı bildirilir.

«Report»un xəbərinə görə, Qaraçay çayında suyun səviyyəsi artdığından sahilə yaxın 10-a yaxın kənd sel sularına məruz qalıb.

Xəbərdə qeyd edilir ki, yaşayış məntəqələrində evlərin zirzəmilərinə su dolub. Kənd təsərrüfatına ciddi ziyan dəydiyi, əkin sahələrinin selin altında qaldığı, yarasız hala düşdüyü bildirilir.

Yağış yol infrastrukturuna da ciddi ziyan vurub. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsinin çökdüyü xəbər verilir.

Rayon Fövqəladə Hallar Komissiyasının təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər gördüyü bildirilir.