Quba rayonun dağlıq ərazisində yağıntılar nəticəsində sürüşmə baş verdiyi bildirilir.
Report-un xəbərinə görə, rayonu Xınalıq kəndi ilə birləşdirən avtomobil yolunda uçqun olub. 3 tondan böyük olan qaya parçasının torpaq qatı ilə birlikdə yolu qapadığı bildirilir.
Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsinin kəsildiyi xəbər verilir.
Buna da bax: Azərbaycan kəndlərini niyə su basır? [rəylər]
“Azəravtoyol” ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov bildirib ki, yolun açılmasından ötrü əraziyə texnika cəlb olunub.
“Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar”, məmur deyib.
Quba-Xınalıq yolu bu il bir neçə dəfə torpaq sürüşməsi və yola qaya parçalarının düşməsi səbəbindən bağlanıb.