Leyla Novruzi: İndi İran azərbaycanlılarının öz dilində kinosu var

Rejissor Leyla Novruzi.

-

Oxu zalının müsahibi ərdəbilli gənc rejissor Leyla Novruzidir. Bu yaxınlarda Təbrizdə onun “Mən İsmətəm” adlı sənədli filminin premyerası olub. Leyla Novruzi filmindən, İran Azərbaycanının kinosundan və qadın rejissorların üzləşdikləri çətinliklərdən danışır.

- Leyla xanım, mümkünsə, oxucularımıza özünüz haqqında məlumat verərdiniz. Kinoya marağınız necə yarandı?

- Mən 1989-cu ildə Ərdəbil şəhərində anadan olmuşam. İki şeir və bir hekayə kitabım var. Incəsənətə, kino sahəsinə 15 yaşımda qədəm qoymuşam. Uşaqlıqda sakit idim. Heç kimlə işim olmazdı. Öz xəyallarımda yeni dünyalar yaradıb orda yaşayardım. Qonaq gedəndə bir yerdə oturub böyüklərin sözlərinə diqqətlə qulaq asardım. O söhbətlər və xatirələr indi məni yaratmağa çox ruhlandırır. Çünki gerçək tariximizi bilirəm və ata-babadan qalan sözlərdən istifadə eləyib təzə bir formada və indiki zamanda yenilik yaratmaq istəyirəm. Bu mənim üçün bir vəzifədir. Bir tərəfdən də kino dili dünyada ən irtibatlı dildir, yənı bir söz demək və bir mesaj vermək üçün ən yaxşı dildir.

Əgər maliyyə durumum yaxşı olsaydı, bütün ömrümü hekayə yazmağa və kino çəkməyə həsr eləyərdim.

Və əlbət ki, kino həyəcanlı bir sənətdir. Onun gücü xəyal olmasındadır ki, bu, mümkünsüz şeyləri mümkün etməyə imkan verir. Mən müxtəlif işlərlə məşğul olmuşam: memarlıqdan tutmuş fotoqrafçılığa, xəyal gücü tələb edən sənətlər, jurnalistikaya, şeir yazmağa qədər...

Gənc rejissor Leyla Novruzi.

Ancaq kino və hekayə yazmaq ən sevdiklərimdi. Hekayəni ona görə sevirəm ki, kinonun çərçivəsidir. O olmasa, kino olmaz. Əgər maliyyə durumum yaxşı olsaydı, bütün ömrümü bu iki sənətə həsr eləyərdim. Amma indiki halda hobbidən əlavə gərəkdir ki, çörək də yeyəm! Bu üzdən başqa işlərlər də məşğul oluram və bu, məni yaradıcılıqdan çox uzaq salır. Keşke insan yemək yeməyə məcbur olmazdı!!

Buna da bax: Təbrizdə azərbaycanlı qadın rejissorunun filmi təqdim edilib

- Bu yaxınlarda Təbrizdə "Mən İsmətəm" filminizin premyerası oldu. Amma bildiyim qədərilə onu çoxdan çəkmisiniz. Film, ekranlara niyə belə gec çıxdı?

- Biz bu filmi bir il öncə çəkməyə başladıq. Sənədli film olduğuna görə və maliyyəsizlik ucbatından çəkimi zaman apardı. Film üç mövsümdə çəkilib. Çünki əsas qəhrəmanın həyatını göstərirdik. Montaj da bir az vaxt aldı. Film, demək olar ki, iki aya yaxındır bitib. Təbriz premyerası çox yaxşı keçdi. İndiyə qədər çox yaxşı qarşılanıb. Ümid eləyirəm, digər premyeralar da seyirçilərin və heyvansevərlərin diqqətini çəkər. Ətraf mühitimizi qorumaq üçün bu filmi çəkmək bizim vəzifəmiz idi və çəkdik. Ümid eləyirəm, filmi seyr edəndən sonra ətraf mühitə daha məhəbbətlə yanaşarıq.

Leyla Novruzinin "Mən İsmətəm" filminin treyleri.

- “Mən İsmətəm” filminin çox önəmli cəhətləri var – o, azərbaycan dilində çəkilib, əsas qəhrəman qadındı və o, küçə heyvanlarının qayğısına qalır. Yəni film üçün asan yol seçməmisiniz. Bu filmin ideyası necə yarandı?

Leyla Novruzinin "Mən İsmətəm" filminin Təbrizdə premyerasından sonra çəkilmiş foto.

- Bəli, çox çətin bir filmdi və qrup gerçəkdən zəhmət çəkdi. Bu filmin ideyasını Məhəmməd Alimuradi bəy mənə verib. 49 yaşlı qadının heyvanlara bəslədiyi sevgi məni çox maraqlandırdı. Biz bir il bu qadınla yaşadıq.

Sizcə, pişiyi ayaqlarının üstünə uzadıb ona laylay oxuyan bir qadın film deyilmi?

Mən görürdüm ki, hər vəziyyətdə onun fikri sahibsiz heyvanların yanındadı. Sizcə, pişiyi ayaqlarının üstünə uzadıb ona laylay oxuyan bir qadın film deyilmi? İsmət xanımın yaşamı gerçəkdən bənzərsizdir. O, bir şeirdir. Təbrizin küçələrində sahibsiz heyvanlara analıq eləyir. Bəzi insanlar buna görə onu incidir. O qadın kirayə evdə, imkansızlıqdan əziyyət çəkərək yaşayır, amma hər gün heyvanlara çörək alır, sübh saat 7-dən gecə 9-a qədər onlara yemək, dərman verir, hətta heyvanlarla danışır. Biz bunları filmə çəkmişik.

- Mümkünsə, bir qədər də İranın azərbaycandilli kinosu haqqında məlumat verərdiniz. İranda nə zamandan azərbaycanca filmlər çəkilməyə başladı, məşhur azərbaycanlı rejissorlar və aktyorlardan kimlər var?

- İranda ilk sinema salonu 1900-cü ildə Təbriz şəhərində olub -“Soli” adıyla tanınıb. Yəni Lümyer qardaşlarının ilk filmlərinin nümayişindən 5 il sonra. İranın ilk operatoru Xan Baba Motəzedi də təbrizlidir. İran Azərbaycanında çəkilən ilk filmlər “Məşhədi İbad” və “Arşın mal alan”dı ki, Səməd Səbahi onları Azərbaycan əsərləri əsasında çəkib. Iranda hakimiyyət dəyişikliyindən sonra, yəni ikinci Pəhləvinin hakimiyyəti dövründə İran kinosunda türkcə filmlər haqqında məlumat yoxdu. Demək olar ki, islam inqilabına qədər heç bir film məkan olaraq bütünlüklə İran Azarbaycanında çəkilməyib. Ancaq İran kinosunun ən yaxşı oyunçuları azərbaycanlılardı. Məsələn: Behruz Vusuqi, Ququş, Dariyuş İqbali.

İranda İslam inqilabından sonra azərbaycanca ilk filmləri çəkən rejissorlardan biri Rza Siami.

Bunlar Iran sinemasında 1978-ci ilə qədər ən önəmli rolları oynayıblar və bir çox filmlərin uğur qazanmasına səbəb olublar. Ancaq islam inqilabından sonra, yənı 1979-cu ildən bu yana hökumətin başqa mədəniyyətlərə və xalqlara dəyər verməsi – ki, bu, inqilabın faydalarından biri idi - kinoda yeniliklərin yaranmasına səbəb oldu. Azərbaycanda filmlər çəkildi, güclü rejissorlar meydana çıxdılar. Məsələn: Rəsul Mollaqolipur, Yədullah Səmədi, Həsən Məhəmmədzadə. Onlar filmlərinin əksəriyyətini Azərbaycanda çəkirdilər. 1981-ci ilə qədər azərbaycanlılara aid olan filmlər fars dilində çəkilir, bəzən bir neçə azərbaycanca dialoq olurdu. 1981-ci ildə çəkilən “Vüsal günləri” adlı film Azərbaycan türkcəsində istehsal olunan ilk filmdir. Bu filmin ssenari müəllifi və rejissoru Riza Siami bəydir. Riza Siami, Sədra Əbdullahi, Rəhbər Qənbəri, Nəqi Neməti, gənc nəsildən Riza Cəmali, Ərk qardaşları, Fərhad Eyvəzi, Haydə Muradi, Həmid Əzizi və digərləri İran Azərbaycanının ən önəmli rejissorlarıdılar. Bu kino son illərdə xeyli inkişaf edib. İndi Iran Azərbaycanına aid olan azərbaycanca kino var və əgər o, himayə olunsa, yeni bir dalğa yarana bilər.

Buna da bax: R.Siami: İndi İranda çox gənc filmlərini Azərbaycan türkcəsində çəkir

- Siz həm qadınsınız, həm də azərbaycan dilində çəkirsiniz. Sizin kimi bir rejissorun İranda hansı perspektivləri var? Ümumiyyətlə, orda bir qadın rejissoru hansı çətinliklər və fürsətlər gözləyir?

Əgər İranın məşhur rejissorlarının filmlərinə diqqət eləsək, hamısında şeir olduğunu görərik.

- İran kinosu şeir kinosudur. Əgər İranın məşhur rejissorlarının filmlərinə diqqət eləsək, hamısında şeir olduğunu görərik: Abbas Kiyarostəmi, Sohrab Şəhid Sales, hətta Əsgər Fərhadidə də. Çünki şeir İranın kökündə var. Bir qadının dünyaya baxışı özü bir şeirdir. Samira Mahmalbaf, Təhminə Milani kimi qadınlar İranın iftixarıdılar. Məncə, bu şeir, poetika onların filmlərində daha dərin yer alsa, indikindən də güclü ola bilərlər. Şeir İran kinosunun gücüdür.

Mən bu sənətdə fəaliyyətimə təzə başlamışam və kinonun dilini indi öyrənirəm. Ancaq bu qısa zamanda o qədər çətinliklər görmüşəm ki! Məncə, incəsənətlə məşğul olan bir qadını rahat buraxsalar, o, ən gözəl dünyaları yaradar. Əgər hər qadının ayda çox yox, sadəcə 500 dollar gəliri olsa, inanın ki, yaradar. Amma təəssüf ki, bir qadın sevdiyi işlə məşğul olmaq istəyəndə həm də min nəfərlə savaşmağa məcburdur, çünki maliyyə durumu onlardan asılıdır. Onlar isə qadının uğur qazanmasını istəmirlər. Çünki cəmiyyət qadını yalnız evdə oturan, yemək bişirən, ərə gedən və s. bənzər işlərdə görur. Onu azad buraxa bilmir! Əgər bir kişinin qarşısına bir daş qoyulursa, qadının qarşısına min daş qoyulur. O, daşları görüb yolundan dönsə, hamı ona yaxşı baxacaq, amma onlardan keçsə, pis sözlərlə və daha böyük daşlarla qarşılanacaq. Gerçəkdən özümü bir savaş sahəsində görürəm. Silahım bəzən qələm olur, bəzən kamera.. Gülərkən savaşıram. Bu savaş məni yorur. Ancaq cəsarətim var və davam edəcəyəm!

- Ümumiyyətlə, kinoya yeni qədəm basan rejissorlara dövlət yardım edirmi? Edirsə, necə? Onlar üçün hansı imkanlar yaradılır?

İranda Azərbaycanca filmlərə çəkən digər rejissorlar Təbrizli Bəhram və Bəhmən Ərk qardaşları.

- Mən indiyə qədər nə dövlətdən, nə də digər yerlərdən heç bir yardım ala bilməmişəm. Nə iş görmüşəmsə, öz gücümlə və dəyərli doslarımın yardımı ilə olub. Dəfələrlə şahidi olmuşam ki, gənc yazarlar, ya da rejissorlar çox gözəl ideyalarla, fikirlərlə gəliblər, amma himayə olunmadıqları üçün o fikirlər itib, ya da bir-iki əsərdən sonra davam etməyiblər.

Yaradıcı olan çoxlu dostlarım var ki, indi evlərində yemək bişirirlər və həyatdan küsüblər. Halbuki onların yeri kameranın arxasındadı.

Yaradıcı olan çoxlu dostlarım var ki, indi evlərində yemək bişirirlər və həyatdan küsüblər. Halbuki onların yeri kameranın arxasındadı. Bizim rejissorumuzvar ki, 20 ildir sənətdədi, yüzdən çox yerli və beynəlxalq festivallarda mükafatlar qazanıb, ancaq neçə ildir, uzunmetrajlı film çəkə bilmir. Çünki himayə yoxdu. Mənim özümün İran Azərbaycanının tarixi və mədəniyyəti haqqında neçə ssenarim var. Ancaq heç kim bu sənətə yeni fikirlərlə gələn gənci himayə eləmir. Halbuki bizim mədəniyyətimiz və tariximiz şifahidir, yoxa çıxıb və çıxır. Bunlar gərək yazılıb, filmə çəkilib gələcək nəsillər üçün qorunsun. Bilmirəm, bəzi iddialı insanlar tarixlərinin, mədəniyyətlərinin, ətraf mühitin məhv olmağını görüb necə sakit otururlar? İranın sineması güclüdür və dünyada məşhurdur. Amma vilayətlərdə gənc nəsil canı çıxa-çıxa sinema qoruyur. Bu sahədə insanın dərisi həqiqətən qalın olmalıdı ki, çalışa bilsin. Yoxsa həm özu məhv olar, həm röyaları. Və bir insan röyasız ölər...

Buna da bax: İran kinosu bu qadınlara borcludur...

- İranda sovet dövründə çəkilmiş, yaxud müasir Azərbaycan filmləri izlənilirmi, belə filmlərə münasibət necədir?

"Nabat" filminin rejissoru Elçin Musaoğlu və iranlı aktrisası Fatemeh Motamed Arya 71-ci Venesiya film festivalında.

- İranın özündə Azərbaycan filmləri az izlənir. Ancaq festivallara gələn filmlər. Bununla belə Azərbaycan cumhuriyətinin filmləri İran Azərbaycanında yaxşı izlənir. Bunun birinci səbəbi dilimizin eyni olmağıdır, ikinci səbəbi mədəniyyətlərimizin yaxınlığı. “Məşhədi İbad” filmini indi də Iran azərbaycanlıları ən gözəl film kimi xatırlayırlar. Müasir dövrdə isə o tay və bu tayın kinematoqrafçılarının əlaqələrinin çoxalması Azərbaycan sineması ilə tanışlığın artmasına səbəb olub. Məsələn, Elçin Musaoğlunun “Nabat” filmində İranın məşhur aktrisası Fatimə Motəmedariyanın iştirakı və bu filmdə çalışan digər iranlılar, həmin filmi çoxlu iranlı tamaşaçının izləməsinə və Azərbaycan sinemasını alqışlamasınasəbəb oldu. Ya da məsələn, Riza Siaminin filmlərində Azərbaycan cumhuriyyətinin aktyorları çəkiliblər. Məncə, bu əlaqələr nə qədər çox olsa, həm İran kinosuna, həm Azərbaycan kinosuna xeyirlidi. Bu arada İran və Azərbaycan jurnalistərinin də əlaqələrinin olması yaxşıdır ki, filmləri tanıtsınlar, reklam eləsinlər.