Qızıl Xaç A.Baghdasarian-la görüşüb

Qızıl Xaç

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabrında Ağdam rayonunda saxlanan Arsen Baghdasarian-a baş çəkiblər.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə bir neçə gün əvvəl gerçəkləşib. A.Baghdasarian-a ailə məlumatları çatdırılıb və ondan ailəsinə məlumat aparılıb.

2014-cü ilin dekabrında Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymışdı ki, cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Cəhdin qarşısı alınıb.

Məlumatda qeyd edilirdi ki,qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Arsen Baghdasarian ələ keçirilib.

A.Baghdasarian Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələri ilə ittiham olunur. Ona qarşı, habelə, 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci ( Silahlı təxribat) və digər maddələr ilə də ittiham irəli sürülüb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.